Cinayət-prosessual qanunvericiliyə müvafiq olaraq, təhqiqat cinayət işlərinin istintaqının ilk mərhələsidir. Təhqiqat ibtidai istintaqın qarşısında duran vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi naminə onu cinayətin təzə izləri üzrə toplanmış, araşdırılmış və qeyd olunmuş ilk materiallarla təmin edir. Eyni zamanda, təhqiqat orqanlan üzərinə, törədilmiş və ya hazırlanan cinayətlərin əlamətlərini və həmin cinayətləri törətmiş şəxsləri tapmaq naminə tələb olunan əməliyyat-axtarış tədbirləri görməklə yanaşı, cinayətlərin qarşısını almaq və kökünü kəsmək məqsədi ilə zəruri olan tədbirləri görmək vəzifələri də düşür. Bütün bunları nəzərə alaraq qeyd etmək lazımdır ki, təhqiqat cinayətin izlərini müəyyən etmək, törədilmiş və ya hazırlanan cinayətlərin açılması və cinayətkarın aşkar edilməsi üçün təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri aparmaq məqsədi ilə cinayət-prosessual qanunla müəyyən edilmiş orqanlar və ya vəzifəli şəxslər tərəfindən həyata keçirilən fəaliyyətdir.
Cinayət-Prosessual Məcəllənin 214-cü maddəsinin mahiyyətinə görə, əhqiqat ibtidai araşdırmanın növü kimi: - ibtidai istintaqı məcburi olan cinayət işləri üzrə təxirəsalınmaz istintaq hərəkətlərinin icraatı və - böyük ictimai təhlükə törətməyən bəzi aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat növündə aparılır. Burdan belə bir nəticəyə gəlmək olar ki, ibtidai istintaq geniş mənada iki formada - ibtidai istintaq və təhqiqat formasında aparılır. İbtidai istintaqın apanlmasını nizamlayan cinayət-prosessual qanunvericiliyin normaları, kiçik istisnalarla, demək olar ki, eynilə təhqiqatın gedişatını da nizamlayır. Bunlar hər ikisi cinayət xarakterli əməllə bağlı araşdırmanın növü sayılır. Lakin təhqiqatın özünün də 2 ayrı növü var: Məhkəməyə qədər sadələşdirilmiş icraat və 10 gün müddətində davam edən ilkin araşdırma. İkincidə cinayət işi başlayır, 10 gün müddətində istintaqa göndərilir. İstintaq isə yalnız cinayət işləri üzrə davam etdirilir. Yəni təhqiqatda cinayət işi başlamaya da bilər. Təhqiqatı təhqiqatçı, istintaqı müstəntiq həyata keçirir.
Amma çox təəssüflər olsun ki, bir çox hallarda təhqiqatçılar işin hallarını lazımi səviyyədə araşdırmadan “bağlayırlar”.
Sumqayıt şəhəri, Corat qəsəbəsi, məhəllə 77, ev 155 ünvanında yaşayan vətəndaş Rüstəmov Rauf Ramizoviç 07.06.2022-ci il tarixdə ərizə ilə “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək, 2019-cu ilin oktyabr ayının əvvəllərində tanış olduğu, özünü makler kimi təqdim edən Tofiq adlı şəxs tərəfindən aldadıldığını bildirmişdir: “Söhbətimiz əsnasında mənə bildirdi ki, onda bələdiyyədən aldığı torpaq sahələri var. Həmin torpaq sahələrində evlər tikib satır və gördüyü işlər qanunidir. Bildirdi ki, sənə də ev tikib sata bilərəm, amma bundan ötrü gərək mən onunla notariusa gedəm. Onunla razılaşdım. Mən ev tikmək üçün nəzərdə tutulan torpaq sahəsinə gedib baxdım və mən torpaq sahəsi ilə tanış oldum. Sonra mənə bildirdi ki, gərək notarius vasitəsilə ona ödəniş edəm. Onunla bir yerdə Sumqayıt şəhərində yerləşən notariusa getdik və 15.10.2019-cu il tarixdə notariat qaydalarına uyğun olaraq “Muğan-Bank” ASC Sumqayıt şəhər 8 saylı şöbəsilə 24800 (iyirmi dörd min səkkiz yüz) manat onun hesabına pul köçürdüm. Üstəlik, 200 (iki yüz) manat dövlət rüsumu və s. xərclədim. Müqavilə bağlladıqdan sonra mən dəfələrlə gedib həmin torpağa baxırdım. Aylarla ora gedib-gəldim. Gördüm ki, tikinti-filan aparmır, Sonra mən ona zəng edib işin niyə getmədiyini soruşdum. O da məni arxayın etdi ki, evi tikib təhvil verəcək. Bir müddət də ora getdim, yenə gördüm ki, həmin vəziyyətdi, heç bir tikinti işi aparılmayıb. Məni aldatdığını anladım. Sonra öyrəndim ki, məndən əlavə daha bir neçə vətəndaşı da aldadıb, pulunu mənimsəyib. Bu vaxta qədər də mən kirayələrdə yaşayıram. Daha kirayələrə verməyə pulum yoxdu. Necə deyərlər, “itim də gedib, ipim də”. Hal-hazıradək pullarımı geri qaytarmaqdan yayınaraq məni aldadır”.
Rauf Rüstəmov probleminin ictimailəşdirilməsi və aidiyyəti orqanlara çatdırılması üçün KİV-dən kömək istəyib.
Şikayətçinin ərizəsinə qoşma etdiyi sənəd surətlərindən bəlli olur ki, onunla Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, ev 39, mənzil 524 ünvanda qeydiyyatda olan Süleymanov Tofiq Ələddin oğlu arasında “Kredit müqaviləsi” bağlanıb və həmin müqavilə ilə Tofiq Raufdan guya yalnız borc götürüb. Bundan başqa, R.Rüstəmov Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə verdiyi şikayət əsasında toplanmış material üzrə “araşdırma” aparan 3-cü PB-nin sabiq təhqiqatçısı, polis kapitanı Rzayev Hikmət Səlim oğlu cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edib. PB-nin təhqiqatçısı, polis mayoru Zamiq Quliyevin vətəndaşa Rüstəmova yazdığı 18.04.2022-ci il tarixli cavab məktubunda bildirilib ki, “cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir”.
Əgər köhnə qərar ləğv olunmadan yenisi qəbul edilə bilmızsə, demık, köhnə qərar ləğv edilməlidir. Ona görə ki, sabiq təhqiqatçı ibtidai araşdırmanı obyektiv həyata keçirməyib. Nəzərə almayıb ki, Rüstəmovun əlində Corat bağları massivi 2377S ünvanlı həmin torpaq sahəsi üzərində fərdi yaşayış evinin tikilməsi üçün “Arxitektura və Dizayn” MMC-dən aldığı eskiz layihəsi var. Bundan başqa, təhqiqatçı istəsəydi, Rüstəmovla Süleymanov arasında telefon danışıqlarının da tarixçələrinə nəzər salar, onların arasındakı söhbətin borc münasibətləri, yoxsa, ev tikib təhvil vermə üzrə öhdəlik olduğunu əks etdirən danışıqlar olduğunu müəyyənləşdirə bilərdi. Görünür, cinayət işini başlamaqda marağı olmayıb. Ümidvarıq ki, keçmiş təhqiqatçı Hikmət Rzayev çıxardığı rədd qərarının mətnində şikayətçi Rauf Rüstəmova borcunu Tofiq Süleymanovdan almaq üçün məhkəməyə müraciət etməyi məsləhət görməyi unutmayıb.
Mövzuya qayıdacağıq.
X.Əhlimanqızı