“Sevimli Moskva konfetləriniz sizə avtomobil qazandıra bilər! Necə? Çox sadə! Fevralın 20-dən martın 31-dək “Bravo” marketlərindən 10 manatlıq Красный Октябрь, Бабаевский və Ротфронт konfetlərindən alın və lotereyada iştirak edin! MG GT avtomobili və digər dəyərli uduşlar sizi gözləyir!”
Sosial şəbəkədə bu elanı görən internet istifadəçiləri soruşurlar: “Konfeti aldıq tutaq ki. Lotereyaya qoşulmağımız necə təsbit ediləcək, harda qeyd olunacaq? Aldığımız məhsulun çekimi lazımdır ya başqa bir şeymi? Ətraflı yazsanız...”
Onlara cavab verirlər: “Hər 10 manatlıq Babayevskiy, Rot Front, Krasnıy Oktyabr məhsullarından alış zamanı, kassa sistemi avtomatik olaraq çekin üzərində qazanılan lotereya biletlərinin sayını yazır. Məsələn, 32 manatlıq almısınızsa, 3 lotereya bileti qazanırsınız. Çekin üzərindəki məlumata əsasən sizə mağaza tərəfindən biletlər təqdim edilir”
Fevralın 28-də “Əhmədli” metrostansiyasının yaxınlığındakı “Bravo” marketdən 27 manatlıq alış-veriş edən və hesabı plastik karla ödəyən xanıma isə çek verməyiblər.
Qeyd edək ki, hesabın plastik kartla, yəni nağdsız ödənişi halında müştəriyə iki çek verilməlidir. Birincisi satış çekidir ki, üzərində satılan malların adı, miqdarı, çəkisi, qiyməti, əlavə dəyər vergisi, toplam ödənişin məbləği göstərilir. İkinci qəbz isə mağazaya xidmət edən bankın təsdiqlədiyi təmassız ödəmə qəbzidir. Satıcılar belə vəziyyətlərdə ikinci çeki verib, birincini “unudurlar”. Müştəri israr etməsə, birinci çeki özlərində saxlayırlar. Çünki ödəniş zamanı təqdim edilən nəzarət-kassa aparatının verdiyi çekin 12 simvollu fiskal ID-ni daxil etməklə və ya skan etmək imkanı verən müvafiq mobil əlavə ilə çekin üzərində olan QR kodu oxudub toplam ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5%-ini, nağd ödənişlər üzrə 5%-ini (işğaldan azad edilmiş ərazilər daxilində mehmanxanalarda (hotellərdə) ödənilmiş ƏDV məbləğinin isə nağdsız ödənişlər üzrə 30%-i, nağd ödənişlər üzrə 5%-i geri almaq olar. Yəni, çəkdiyimiz misalda müştəriyə bankın çeki və üstəlik lotereyada iştirak bileti verilibsə də, satış çekini verməməklə onu təxminən 85 qəpiyini geri qaytarmaq imkanından (27,0 man x 18% x 17,5%) məhrum ediblər. Başqa sözlə, mağaza rəhbərliyini vergidən yayınmaqda ittiham etmək olmaz, çünki qəbz sistemə vurulub və o, asanlıqla qüsuru satıcının üzərinə ata bilər. Satıcı isə öz növbəsində vəziyyətdən çıxmaq üçün deyə bilər: “Mən çeki təqdim etdim, müştəri götürmədi, ya da unutdu getdi. İşimi-gücümü atıb onun arxasınca düşməli deyiləm ki!”
Redaksiyamıza müraciət edən, adının hələlik açıqlanmasınıl istəməyən xanım müştəri bildirir ki, onun alış-veriş etdiyi bazarlıqda təxminən 15 manatı endirimdə olan Moskva konfetləri, qalanını isə Novruzun od çərşənbəsi süfrəsi üçün aldığı apelsin, banan, kivi meyvələri təşkil edib. Piştaxtada meyvənin üzərinə qiymət yazılmayıb, çek tələb edəndə isə deyiblər ki, “xanım çeki neynirsiz, siz avtomobil uda bilərsiniz də”.
Xanımın dəvəti ilə sözügedən marketə yollandıq. Müşahidə elədik ki, həqiqətən bəzən müştərilərə çek verilmir. Meyvələrin üzərində isə qiymət doğrudan da yazılmayıb. Ən acınacaqlı hal bu idi ki, yeşiklərdə çürük narlar satışa qoyulmuşdu. Çəkiliş apardığımızı gördüklərindən, fürsət tapıb həmin yeşikləri aradan çıxardılar. Xanımı müşayiət edib onun alış-veriş etdiyi satıcı oğlana yaxınlaşdıq. Oğlan əvvəlcə yayınmağa çalışdı, amma sonra iş başına qayıtmalı oldu. Xanımın şikayətini ona təkrar edəndə belə cavab verdi: “Yadımda deyil, amma ola bilər”.
Korrupsiya və Qanun.