SEVDA HƏSƏNOVA DOĞUZDURDUĞU QADINLARIN ƏRLƏRİNİ ONUN EVİNİ YARAN MASKALI QULDURLAR KİMİ GÖRÜR.
2016-cı il iyun ayının 3-də mətbuatda xəbər yayıldı ki, həmin səhər saat 10.00 radələrində Şirvan şəhər Doğum Evinin baş həkimi Sevda Həsənovanın Şirvan şəhəri Z.Hacıyev küçəsi 1, mənzil 14 ünvanında yerləşən fərdi yaşayış evinə 3 nəfər maskalı şəxs daxil olub. Həmin vaxt evdə tək olan baş həkimin qaynanası Sudsa Bəylərovanın ağzını bağlayan maskalı şəxslər evi axtararaq oradan 25 min manat dəyərində qızıl-zinət əşyaları götürərək aradan çıxıblar. Quldurluq edən şəxslər yaşlı qadına xəsarət də yetiriblər. Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açıldı, araşdırma aparıldı.
Düzü, cinayəti törədən şəxslərin tapılması istiqamətində istintaq-əməliyyat tədbirlərinin hansı nəticəni verdiyi barədə məlumata malik deyilik. Sözümüzün “canı” da bu deyil. Həmin ərəfədə şirvanlılar çayxanada, kafedə, məhrəm məclislərdə etdikləri söhbətlərində bu hadisədən danışanda “əcəb oldu”, “oğrudan oğruya halaldı”, “haram pullar idi, yığmışdı”, “bəs nə əcəb belə az olub qızıl”, “keşkə tapa bilməyəydilər quldurları” kimi ifadələr işlədərək, basqınçılara haqq qazandırırdılar. Səbəb də aydın idi: Sevda Həsənova uşaq dünyaya gətirən bütün Şirvanlı ailələrə dağ çəkmişdi və nə yazıq ki, yenə dağ çəkməkdədir.
Çifayda, həmin qarətdən sonra Sevda Həsənova daha da qəddarlaşdı, həm itirdiyini tez bir müddətdə camaatı soymaq hesabına geri qaytarmaq, həm də üç nəfər soyğunçunun qisasını sanki bütün Şirvan əhlindən almaq istəyirdi. Adam sanki rəhbərlik etdiyi Doğum Evində ana olmağa hazılaşan bütün qadınların ərlərini potensial maskalı quldurlar kimi təsəvvür edirdi: “Demək, bu Şults mənim evimi yaracaq, qara məni basınca, qoy qaranı mən basım, ala bildiyim qədər pul qoparım”.
Məlumatlarda qeyd olunur ki, xəstəxananın Doğum Şöbəsində yeni dünyaya gələn uşaq üçün heç bir xərc ödənilməməli olduğu halda normal doğuş üçün tələb olunan rüşvət minimum 200 manat, keysəriyyə yolu ilə doğuş 400 manatdan başlayır. Şöbənin həkimləri sadə müayinəyə gedən pasientlərdən azı 10-20 manat istəyirlər. Bunca korrupsiyadan narazı qalanların şikayət və etiraz nidaları sosial şəbəkə platformalarına, ənənəvi mediaya da çıxır.
“İnstaqram” və “Facebook” sosial şəbəkələrində bəzi internet istifadəçilərinin bu problemlə bağlı yazdıqlarına göz ataq.
Təhmiraz Tarverdiyev: “Roddom”da rüşvət yoxdur ki! Maşallah, hamısı, həkimdən tutmuş qapıçıya kimi “şirinlik” istəyir, həm də “şirinliyin” məbləğini öz dilləri ilə deyirlər”.
Gülnarə Salmanova: “Şirvandakı doğum evindən heç bir yerdə yoxdur. Müdirindən tutmuş xadiməsinə kimi ancaq pul alırlar. Ona görə də hamısı “bərk gedirlər”. Tibb bacısının qazancı həkimdən də çoxdu”.
Mübariz Lətifli: “Vallah, mən buranı doğum şobəsi kimi yox, ruşvət yuvası kimi tanıyıram. İnşallah, kimsə buna bir carə qılar... Bu birbaşa vətənə xəyanətdir, və o doğum evində dünyaya göz açan bir Azərbaycan övladına, onun anasına xidmət etmək üçün rüşvət (şirinlik yox, şərəfsizlik) alan istənilən kəs vətən xainidir. İstər doğum evi, istər bağçada, istər təhsil müəssisələrində bu hərəkəti edən şərəfsizdir. Axı dünyaya gətirən ana, onun maddi ehtiyaclarını qarşılayacaq ata və digər qohumları nə səbəbə sizə şirinlik adlandırılan rüşvəti verməlidir? Bəlkə uşağı siz doğursuz? Öz üzərinizə düşən vəzifəni ən məsuliyyətli şəkildə yerinə yetirmək sizin mütləq borcumuzdur. Buna görə dövlət sizə maaş verir. Əgər bu maaşa qane deyilsənsə, gəlirinizi artırmaq üçün vətəndaşların haqqına girməklə xainlik etməyin. Onsuz da insanlar çətinliklə dolanır. Necə haram pulu öz gözünüzdə halal edə bilirsiz? Onsuz də dövlət xəstəxanalarında doğum edənlərin əksəriyyəti kasıb və orta təbəqənin insanlarıdır. Etməyin. Bu yaxınlarda qardaşımın da övladı məhz sözügedən doğum evində dünyaya gəldi. Qeyd olunan hallar doğrudan da mövcuddur. Allah belə həris, dilənçilik edən, maaşından ələvə haqq tələb edən, istəyən bütün işçilərə lənət eləsin. Nifrət edirəm o doğum evində işləyənlərə. Düzdü, hamısı elə deyil. Amma orada işləyənlərin bu hərəkətləri məndə onlara qarşı aqressiya yaradıb”
Məlikova: “Doğum evində bir neçə il qabaq olmuşam, iyrənib çıxmışam. Sırf Şirvan şəhər doğum evindəki pul bazarına görə vətəndaş dünyaya gətirmək istəmir. Bir sözlə, çox yiyəsizlikdir”.
Gülbəniz: “Hələ 3 gün ərzində rentgenə aparmaları... Elə o aparatları xəstəxananın içinə salsınlar yeni ana olanlar üçün. Çünki anaların müxtəlif ağrıları olur, onlar müəyyən məsafə getməli olur rengindən çıxmaq üçün”.
Əli Muradov: “Xəstə otaqda qanaxmaya düşür, gəlib “zəhərləyirlər ki, posteli niyə yaman günə qoymusan? Gəlir işini görür, otaq silir, otaqda hamıdan 2 manat alır, gedir. Ora təmiz biabırçılıqdır. Elin gözü tərəzidi. 1 nəfər belə tapmassız ora barədə xoş söz desin. Ata da rəsmən doğur orda, Hər bir işə pul verməlisən, əks halda yoldaşına baxılmır. Pulsuz olan tək şey havadı”.
Həmdulla: “Balıq başından iylənər məsəlin çəkmək istəyirem, başda oturanlar rüşvət yığmasa, ondan aşağıların ixtiyarı olmaz pul istəməyə”.
Əzizova Fira: “Orda görünməyən özbaşınalıq var, hamısı pulla ölçülür, pul verməsən, bezdirirlər. 10 nəfər işçi birdən üstünə gəli,r sevinc pulu ver. Özü də 2-3 manata baxan yoxdur, ən azı 5 manatdır”.
Hacıbala Nuriyev: “Xadiməyə 3 manat verəndə üz - gözünü turşudur, 5 manat istəyir. Muştuluq almağa gəlirlər, qapının ağzında neçə nəfər xəstə yaxınları varsa, hər biri mütləq 5 manat verməlidir, gün ərzində xəstənin yanına neçə dəfə gəlib yemək, yaxud, başqa nə isə göndərirlərsə, mütləq hər dəfə 5 manat verməlidir. Amma natəmizlikdən xəstə doğuşdan sonra bir gün də orda qalmaq istəmir. Gün ərzində ən azı 60-70 manat qazanan xadimə niyə təmizliyə riayət eləmir?”
Belə münasibət bildirən nidaları çox sadalamaq olar. Heç cür ola bilməz ki, bu qədər adamın işləri-gücləri qurtarsın, sözü bir yerə qoyub müxtəlif niklər altında yalnız Sevda Həsənovanın nüfuzunu aşağılamaq xatirinə yalan və hədyan yazsınlar. Doğrudur, sadalanan şərhlərin çoxunun tarixi bir neçə ay, hətta bir il əvvələ gedib çıxır. Amma baş ginekoloq Sevda Həsənovanın “hakimiyyəti” dövrünə təsadüf etməsi dəqiqdir. Şöbə müdirini cəzalandırmayıblarsa, vəzifədə saxlayıblarsa, demək, heç bir tədbir görməyiblər, insanların narahatçılığı “yuxarıdakıları” düşündürmür, korrupsiyaya da şərait yaradırlar. Doğum Evində Sevda Həsənovanın “cibkəsən” siyasətini həyata keçirənlərin önündə Fərqanə adlı iki qəddar həkim gedir – birinin soyadı Əliyeva, digərinki Cəlilova.
İndi isə keçək “yuxarıda oturanlara”. Şirvanlılar bildirirlər ki, “Şirvan şəhər Mərkəzi Xəstəxanası” Pubilik Hüquqi Şəxsin Doğum Şöbəsində baş alıb gedən korrupsiyaya ilk növbədə xəstəxananın direktoru Kamil Əhmədov rəvac verir. Şirvan Şəhər Diaqnostika Mərkəzindən prokurorluq tərəfindən “vurulandan” sonra Mərkəzi Xəstəxananın direktorunun müavini vəzifəsinə göndərilən Nəsib Sərhadov da bu korruptiv idarəetməni dönmədən həyata keçirməkdədir. Bu yerdə xatırlatmağa dəyər ki, Kamil Əhmədov özü də son təyinatından əvvəl Müalicə Diaqnostika Mərkəzinin direktorunun müalicə işləri üzrə müavini vəzifəsində çalışıb. Belə başa düşmək olar ki, “dostluqda sədaqətli olan” Kamil Əhmədov korrupsiya ortağı Nəsib Sərhadovla kəsdiyi çörəyi itirməyib, onu yanına gətirib.
Şəhər sakinlərinin sözlərinə görə, Şirvan səhiyyəsində, Mərkəzi Xəstəxanada, Diaqnostika Mərkəzində, o cümlədən xəstəxananın Doğum şöbəsində hökm sürən korrupsiya mühiti Şirvan şəhər İcra Hakimiyyətinin başçısı cənab İlqar Abbasova da sərf edir.
Məqalədə adları keçən şəxslərin mövqelərini bildirə bilərlər.
Baş redaktor:
Xuraman Əhlimanqızı