Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbs edilən vəzifəli şəxslərinin cinayət işləri üzrə araşdırmalar yeni cinayətləri ortaya çıxarır. MTN qurbanı olan qurumlardan birinin də “Texnika Bank” olduğu demək olar ki, artıq hər kəsə məlumdur. İstintaq isə bu prosesin detallarını aşkara çıxarıb. Bu epizod üzrə MTN-in Baş İstintaq İdarəsinin sabiq rəisi Mövlan Şıxəliyev və onun şöbə rəisi Vüsal Ələkbərov cinayət məsuliyyətinə cəlb edilib. M.Şıxəliyev azadlıqda olsa da, V.Ələkbərov həbs edilib. Sonradan isə onların cinayət işləri ayrıca icraata götürülüb.
Korupsiya və Qanun saytı “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bildirir ki, artıq V.Ələkbərovun cinayət işi üzrə istintaq tamamlanıb və iş baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
V.Ələkbərovun zərərçəkənlərindən biri də Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin sabiq əməkdaşı, “BİOİL” MMC-nin rəhbəri Nizami Kazımovdur. N.Kazımov zorla MTN-ə aparıldığını və V.Ələkbərov tərəfindən hədə-qorxu ilə 1,6 milyon manat pulunun alındığını bildirib.
Həmin epizod üzrə şahid qismində dindirilənlərdən biri də mediaya tanış sima olan Zal Yusifovdur.
Z.Yusifov istintaqa ifadəsində 2003-2008-ci illərdə “Texnikabank” ASC-nin Bakı filialının müdiri olduğunu bildirib: “2008-ci ildə Bankın Müşahidə Şurasının sədri Etibar Əliyev və İdarə Heyətinin sədri Samir Hüseynovun əmri ilə işdən azad olunmuşam. Buna səbəb kimi guya filialda pul çatışmazlığı olduğunu göstərdilər. Sənəd üzərində 2 milyon manat çatışmazlıq olub. Amma əslində bütün pullar baş ofisdə olub, 2 milyon manatın baş ofisin xəzinəsinə hissə-hissə mədaxil olunması haqda qəbzləri də onlara təqdim etdim. Mən işdən azad olunduqdan sonra əmanətçilər pulların tələb etməyə başladılar. Bank da MTN-ə məktub göndərdi ki, rəhbəri olduğum Bakı filialında pulları mənimsəmişəm. Nazirlikdə cinayət işi açıldı və araşdırma başladı. Mən guya əmanətçilərə yüksək faizlər vəd edib pullarını alıb bankın balansına köçürmədən mənimsəməkdə ittiham olunaraq həbs edildim. Bankın xəzinədarı işləyən oğlum İslam Yusifov da həbs edildi. Sonra da bizə məhkəmədə hökm oxundu”.
Z.Yusifov dindirildiyi epizod üzrə zərərçəkən Nizami Kazımov ətrafında baş verənləri də danışıb: “Nizamini 2003-cü ildən tanışam. O, kürəkəni Samir Əbdülqasımovun adına 1,2 milyon dollar pulu 1 faizlə banka qoymuşdu. Pullar sənədləşdirilib bankın hesabına daxil edilib və hər ay 1 faiz ödəniş olunub. Sonra dolların məzənnəsi endiyinə görə 2008-ci ilin fevral ayında Nizami Kazımov həmin pulu bankdan götürüb avroya çevirib gətirdi. 704 min avro üçün yeni əmanət kitabçası açıldı və kassaya mədaxil olundu. Həmin ilin avqust ayına kimi faizlər ödəndi, həmin ay mən işdən çıxarıldım və faizlər də ödənilmədi.
Hüseyn Səfərov və Namil Rzayevlə yaxın dost olmuşuq. O, “Kapital Bank”ın “Tərəqqi” filialının müdiri idi. Mehrac Qurbanov və Elşən Mədətov banka əmanət qoyurdular, onları Hüseyn Səfərovun vasitəsilə tanımışam. Hüseyn Səfərov rəhbəri olduğum filiala qızları və oğlunun adına ümumilikdə 200 min dollar, Namil Rzayev isə 400 min avro əmanət qoymuşdular.
İstintaq bu qənaətə gəldi ki, guya mən bu adıçəkilən şəxslərə 6 faiz pul verərək bütün məbləği banka köçürmədən mənimsəmişəm. Vüsal Ələkbərov mənə təzyiq edərək ittihama uyğun ifadə yazmağı məcbur etdi. Dedi ki, əgər etirafedici ifadə verməsən qohumlarımı və qardaşlarımı da həbs edəcək. Buna görə də onun dediyi ilə razılaşdım. Məhkəmə vaxtı da MTN-da saxlanılırdım, qorxduğum üçün istintaqa verdiyim ifadələri təsdiqlədim”.
Qeyd edək ki, V.Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi yanvarın 12-də başlayacaq.