2008-ci il avqustun 1-də həbs edilmiş “Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifovun 81 nəfərdən ümumilikdə 38 milyon manata yaxın pul mənimsədiyi sübuta yetirilsə də, həmin məbləğ hələ də zərərçəkmişlərə ödənməyib. Buna dələduz bankirin atası Zakir Yusifovun saxta iddiaları səbəb olub.
Zakir Yusifov hər dəfə Ali Məhkəməyə ünvanlandığı bir sənədlə işin dayandırılması barədə qərarın çıxarılması nəticələnir.
Zakir Yusifovun yuxarı instansiyalarda istəyinə çatmasına oğlu Zülal Yusifov kömək edir. Zülal Yusifov 2010-cu ilə kimi Ağır Cinayətlər Məhkəməsində baş məsləhətçi işləyib. Qardaşı Zakir Yusifov həbs olunandan sonra Zülal Yusifov orqandan çıxarılıb.
İndi atası Zakir Yusifova köməklik göstərən Zülal Yusifov keçmiş əlaqələrindən istifadə etməklə Ali Məhkəmədə xeyirlərinə qərarın çıxarılmasına nail olur.
Teleqraf.com xəbər verir ki, sonuncu dəfə ötən il noyabrın 14-də Ali Məhkəmənin hakimi Rasim İsgəndərovun sədrliyi ilə keçirilən prosesdə Zakir Yusifovun iddiası üzrə kasasiya şikayəti təmin edilib. Hakim kollegiyası işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edib. Qərarda qeyd olunub ki, apelyasiya instansiyasında işə baxan hakim heyəti Zal Yusifova aid olan “Humay” şadlıq sarayı və digər mülklərlə bağlı müvafiq qurumlara sorğu göndərilsin.
Bakı Apelyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə mülklərlə bağlı müvafiq quruma sorğu göndərilib. Bu iş üzrə məhkəmə prosesi fevralın 1-nə təyin edilib. Həmin gün sorğu ilə bağlı məsələnin araşdırılacağı gözlənilir.
Zal Yusifov “Humay” şadlıq sarayına olan mülkiyyət hüququnu 1992-ci ildə, evlərlə bağlı mülklərə isə mülkiyyət hüququnu 2002-ci ildə alıb. 71 yaşlı Zakir Yusifov iddia edir ki, mülklərə sahib olanda oğlu Zal Yusifov bankir yox, tələbə olub. Amma faktlar bunun əksini söyləyir.
Heç kimə sirr deyil ki, bu mülklər Zal Yusifov bankir olandan, daha dəqiq desək, vətəndaşların cibinə girəndən sonra salınıb. “Humay” şadlıq sarayının hüquqi mülkiyyətini Zal Yusifov alan zaman həmin şadlıq sarayının yerində köhnə, kiçik kafe olub.
Yaxın ərazidə yaşayanlar yaxşı xatırlayırlar ki, həmin yer vaxtilə diskoteka olub, Zal Yusifov alaraq oranı kafe edib. Oğlu bankir olandan sonra kafenin binası sökülüb və yerində böyük, müasir standartlara uyğun şadlıq sarayı tikib.
Hər halda 2005-2007-ci illərdə Zakir Yusifov təqaüddə olub və o, dövlətdən aldığı kiçik məbləğlə nə müasir standartlara uyğun şadlıq sarayı, nə də bu qədər mülk tikdirə bilər.
Bankir atası özünü necə ifşa edir?
Mətbuat vasitəsilə “Texnikabank” olayından xəbərdar olduğunu deyən “Bələdiyyələrin İnkişafına Yardım” İctimai Birliyinin sədri Niyaməddin Orduxanlının sözlərinə görə, külli miqdarda pulu və əmlakı mənimsənilmiş 100-ə yaxın insana dəyən ziyan dərhal ödənməlidir: “Məhkəmənin ortada qərarı var, qərar icra olunmalıdır. Məhkəmə vasitəsilə sübut olunub ki, 80-dən çox insana maddi ziyan dəyib. Azərbaycan hüquqi dövlətdir və insanların hüquqları bərpa edilməlidir.
Bizim milli xüsusiyyətimiz var, insanlar illər ərzində topladığı vəsaiti aparıb banka yatırır. Hamı fikirləşir ki, ən güvənilən yer bankdır. İnsanlar pullarını etibarlı yerdə saxlamağı üstün tutur, övladının gələcəyi, öz probleminin həlli üçün məhz illərlə pul yığıb banka əmanət edir.
Kimsə min bir əziyyətlə toplanan əmanəti qeyri-qanuni olaraq mənimsəyirsə, bu, qanunsuzluq və insafsızlıqdır. İşbazlar bilərəkdən mənimsədiyi pullar hesabına aldığı mülkləri və ya iaşə obyektlərini öz qohumunun, bəzi hallarda qohumluq əlaqəsi olmayan etibarlı şəxsin adına rəsmiləşdirir ki, cinayət xarakterli əməli ifşa olunanda, cinayət yolu ilə əldə etdiyi mülklər əlindən çıxmasın”.
Niyaməddin Orduxanlının sözlərinə görə, bu cür problemlər dələduzların qanunvericilikdəki boşluqlardan istifadə etməsi nəticəsində ortaya çıxır: “Aydın məsələdir, “Texnikabank”ın sabiq rəhbəri də mənimsədiyi pullar hesabına aldığı şadlıq sarayı və 4 mərtəbəli villanı atası Zakir Yusifovun adına rəsmiləşdirib ki, hər hansı “təhlükə” zamanı onları əlində saxlaya bilsin.