VÜSAL KƏRİMLİNİN QURDUĞU YENİ "SİSTEM” NƏQLİYYAT SEKTORUNU TAM ÇÖKDÜRÜB
Azərbaycanda nəqliyyat sektoruna milyonların ayrılmasına baxmayaraq, bu sahədə vəziyyət getdikcə pisləşir. Marşrutların düzgün nizamlanmaması, əhaliyə lazımi səviyyədə xidmət göstərməməsi, tez-tez qəzaların baş verməsi artıq günün probleminə çevrilməyə başlayıb.
geridə qoyduğumuz ilin son ayında sərnişin avtobusu sürücülərinin törətdiyi yol qəzalarının sayı xeyli artıb və bu qəzaların bir çoxunda insan ölümü qeydə alınıb. Təkcə bu ilin dekabr ayı ərzində 10-a yaxın avtobus sürücüsü qəza törədib. Qəzaların çoxu avtobusların piyadaları vurması ilə nəticələnib. Belə ki, dekabrın 22-də Bakının Suraxanı rayonunda 132 saylı marşrut xətti üzrə Əhmədli qəsəbəsindən Hövsan qəsəbəsi istiqamətində hərəkət edən "DAEWOO” markalı avtobus Hövsan Olimpiya İdman Kompleksinin qarşısında yolu keçmək istəyən 1955-ci il təvəllüdlü Eldar Abış oğlu Fərəcovu vurub. O, hadisə yerindəcə dünyasını dəyişib.
Digər hadisədə isə sərnişin avtobusu qadını vurub. Həmin şəxs də hadisə yerində ölüb.
Qeyd edək ki, ötən il baş verən yol qəzalarının bir qismini məhz avtobus sürücüləri törədib. Bu da hazırda Bakı sərnişinnəqliyyatının iflic vəziyyətdə olmasının tam sübutudur.
Ekspertlər isə düşünürlər ki, problemin əsas səbəbi nəqliyyat sisteminin düzgün qurulmamasıdır. Halbuki, Bakı Nəqliyyat Agentliyi yaradıldı və bu qurum problemləri həll edəcəyinə dair böyük vədlər verdi. Bu vədlərdən bir ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də vəziyyət acınacaqlı olaraq qalır.
Nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov bildirib ki, Bakı Nəqliyyat Agentliyi (BNA) yaradıldığı gündən heç bir dəyişiklik olmayıb. Onun fikrincə, böyük məbləğdə vəsait xərclənməsinə baxmayaraq, heç bir köklü yenilik yoxdur: "Qış aylarında nəqliyyatdan istifadə daha da çətinləşib. Bir daha baş verənlər onu göstərir ki, qaydalara əməl olunmur. Həddindən artıq sərnişin götürmə, sürücülərin planlarının artırılması bu sahədəki çatışmazlıqlardandır. Qaydalara əməl olunmadığı halda, belə hadisələr baş verir”.
Qeyd edək ki, əvvəllər Bakıda tıxac olsa da, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yarandığı ilk vaxtlar küçələrdə quraşdırılan monitorlarda heç olmasa tıxaclı ərazilər göstərilirdi. Bu gün isə nə həmin monitorlar, nə də dayanacaqlarda quraşdırılan məlumat tabloları işləmir. Onun əvəzinə isə, BNA dayanacaqlara Sovet dövrünün nümunəsinə əsaslanaraq yazılı məlumatlar qoyur.
2011-ci ilin noyabr ayından intellektual idarəetmə sisteminin tətbiqinə başlanıb, sistem öncələr işləsə də, hazırda həmin sistem iflasa uğrayıb. Dayanacaqlarda quraşdırılan məlumat tabloları isə sökülməyə başlanıb.
“BakuBus”ın batırdığı milyonlar
Paytaxt nəqliyyatındakı digər problemlərdən biri isə sərnişin avtobuslarında quraşdırılan monitorlarla bağlıdır. Avtobus sürücüləri deyirlər ki, avtobuslar arasındakı intervalı tənzimləmək üçün nəzərdə tutulmuş monitorların birinin dəyəri təqribən 1000 manatdır. Lakin 1900 avtobusa quraşdırılan monitorlar qısa müddətdə sökülərək dəyərsiz əşya kimi atılıb.
M.Rüstəmov deyir ki, bu işə başlayanların özləri də yaxşı bilirdilər ki, Bakıda mövcud problemlər köklü şəkildə həll olunmasa, vəziyyət daha da pisə doğru gedəcək:
“BakuBus”ın batırdığı milyonlar
"Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə indi ayrılan məbləğin böyüklüyünə baxmayaraq, sistem tam yararsız vəziyyətdə işini davam etdirir. Bu sistemin düzgün işləməsi nəqliyyatda hər şeyin qüsursuz olması demək idi. Məsələn, hansısa yolda tıxac olarsa, dərhal avtomatik olaraq sürücülərə alternativ yol göstərilirdi. Marşrut xətlərinin qrafikdən çıxmasının qarşısı alınırdı. Düşünürəm ki, hazırda bu quruma vəsait ayrılması kor-koranə olaraq büdcədən pulların xərclənməsidir”.
Dövlət büdcəsindən xərclənən böyük miqdarda vəsaitə baxmayaraq, yeni yaranan BNA özündən əvvəlki NİİM-i də iflic vəziyyətinə salıb. Əvəzində isə vəd edilmiş əvəzedilməz sistem yaratmaq iddiası ilə çıxış edib. Qurumdan bildirilirdi ki, Bakıda mövcud sıxlıq aradan qaldırılacaq və sərnişin avtobusları saat kimi işləyəcək. Lakin gün keçdikcə avtobusların sistemlə işləməsi vədləri də puç olmağa başlayıb.
"Marşrut xətlərində müəyyən ixtisarlar aparılıb. Bildirilir ki, yenidən bu sahədə ixtisarlar aparılacaq. Bizim müşahidələrimiz isə onu göstərir ki, bu sistem düzgün qurulmayıb. "BakuBus”ın əhatə etdiyi ərazilər, onunla paralel işləyən digər marşrut xətlərinə fikir verdikdə görərik ki, sistem qurularkən sərnişinlər nəzərə alınmayıb. "BakuBus” şirkəti paytaxtın əsas ərazilərini öhdəçiliyə götürüb, digər ərazilər onun üçün maraqlı deyil”, - deyə M. Rüstəmov bildirib.
Qeyd edək ki, əvvəllər xəttə buraxılan "BakuBus” avtobusları heç olmasa normal işləyirdi. Son aylarda isə bu avtobuslardan da şikayət xeyli artıb.
“BakuBus”ın batırdığı milyonlar
M.Rüstəmov deyir ki, bu, işə rəhbərlik edən şəxslərin artıq qazanmaq istəyindən irəli gəlir: "Bir müddət "BakuBus” avtobus xətləri normal işlədi. Amma indi qrafiklərdə pozulma var. Xətlərin bəzilərinin istiqaməti qısaldılıb. Lakin bu zaman da, sərnişinlərin maraqları qətiyyən nəzərə alınmayıb. Çünki daşıyıcının əsas məqsədi sərnişini mənzil başına çatdırmaq olmalıdır”.
Sərnişinlər də paytaxtda sərnişin avtobuslarının vaxtında işləməməsindən şikayət edirlər. Ən çox şikayətlər isə "BakuBus” avtobuslarından gəlir.
Kamil Əhmədov adlı sərnişin bu sistemin tətbiqindən sonra ümumiyyətlə, avtobusların çox pis işləməsindən şikayətlənir: "Əvvəllər yenə sıxlıq olsa da, avtobuslar vaxtlı-vaxtında işləyirdi. İndi avtobusların arasındakı interval artıb. Bir istiqamətə ancaq "BakuBus” avtobusu gedir. Elə vaxt olur ki, onu da uzun müddət gözləyirsən, gəlib çıxmır”.
Ekspert deyir ki, belə problemlər yeni sistemin təşkilində qüsurların olmasından xəbər verir. İslahatların keçirilməsi yalnız yeni avtobusların alınması demək deyil: "Bütün bu problemlərin əvvəli işə götürən tərəfin məsuliyyətsizliyi səbəbindən başlanır. Bu xətlərin kimin əlində olması, işə götürənlə sürücülər arasında müqavilələrin düzgün olmaması, yeyinti amilinin mövcudluğu, marşrut xətləri arasında rəqabətin olmaması, bu sahənin inhisarçılığa keçirilməsi mövcud problemləri daha da qabarıq şəkildə göstərir. Nəqliyyatın bir şirkət tərəfindən idarə edilməsi, xidmət keyfiyyətinin aşağı səviyyədə olmağına səbəb olur. Burada rəqabət yoxdur.
Nəqliyyat üzrə ekspert Tural Yusifov açıqlamasında bildirib ki, görülən işlər ancaq kosmetik xarakter daşıyır:
“BakuBus”ın batırdığı milyonlar
"Burada sürücünün günahı yoxdur. Birinci, sürücünü xəttə buraxan marşrut sahibinin günahı var. Həmin sahibkara lisenziyanı kim verib? Hazırda bu funksiyanı Bakı Nəqliyyat Agentliyi görür. Qurum bir ildir yaranıb. Ancaq kosmetik dəyişiklik olunur. Açığı, burada BNA kənarda qalıb. Avtobuslar, onların qarajları texniki tələblərə cavab vermir. Avtobuslar alındığı illərin tələblərinə də cavab vermirdi. Ancaq alıblar, işlədiblər. Çox təəssüflər ki, paytaxt sərnişinnəqliyyatının sistemi qurularkən lazımı tövsiyələr nəzərə alınmır. Təcrübəli insanların biliyindən istifadə edilmir. Kim necə gəldi, harda gəldi sistem qurur. Təki desinlər ki, guya iş görülüb. Bu işin müqabilində də böyük miqdarda pullar silinsin”.