Dillərdən düşməyən münasibət xəyanətin qurbanına çevrilir
Abşeron rayonunda icra başçısı işlədiyi illərdə bir çoxlarına əsassız olsa da vəzifələr bəxş edən Zakir Fərəcovun sevgi məcaralarından da az bəhs olunmur. Realliq.info qeyd edir ki, onun pediatr-həkim işləyən, hazırda rayonun icra başçısı olan İradə Gülməmmədova ilə sıx və çox yaxın münasibəti diqqətdən yayınmadı. Qısa zamanda Zakir Fərəcovun əmri ilə Abşeron rayon icra başçısının müavini vəzifəsinə gətirilən İradə xanım tezliklə böyük səlahiyyət sahibinə çevrildi.
Rayon sakinlərinin və məmurların “sevgili müavin” deyə adlandırdıqları İradə Gülməmmədovanın verdiyi tapşırıqlar yerindəcə həll olunurdu. Xanım müavinin istəklərini icra etməyən məmur isə ağır cəzalandırılırdı. Bu təbii ki, Zakir Fərəcovun əziz saydığı xanıma verdiyi səlahiyyətlə bağlı idi. Cəmiyyətdə birmənalı qarşılanmayan bu münasibətə Müasir musavat partiyasının sədri Hafiz Hacıyev də kəskin reaksiya vermişdi. Partiya sədri Realliq.info saytına açıqlamasında, – “Zakir Fərəcov Abşeronu dağıtdı, yerinə də gəzdiyi, oturub-durduğu qadını qoydu. İndi də gedib Sumqayıtı talayıb yeyir. Ona görə də belə adamların xalqa, dövlətə bir qəpiklik xeyri yoxdu. Bunlar Azərbaycanı talan ediblər, ölkəni pis günə qoyublar”- deyə qeyd etmişdi.
Dillərdən düşməyən Zakir – İradə yaxınlığı çox keçmədi ki, böyük qalmaqala və qısqanclığa səbəb oldu. Realliq.info qeyd edir ki, Zakir Fərəcov Sumqayıt şəhərinə icra başçısı təyin olunandan sonra yerinə İradə Gülməmmədovanın qoyulmasına müvəffəq oldu. Bir müddət mehriban dolanan ürək dostları indi aralarındakı sorunu çözə bilmirlər. Realliq.info-nun araşdırmalarına görə Sumqayıt şəhər icra başçısının Saray qəsəbəsində məktəb direktoru işləyən xanımla yaxın münasibətdə olması Abşeron icra başçısı İradə Gülməmmədovanın qısqanclığına səbəb olub. Bundan sonra Saray qəsəbəsindəki məktəb direktorunu cəzalandırmaq niyyətinə düşüb. Iradə xanımın tapşırığı ilə məktəbə hər həftə yoxlamalar göndərilib. Bundan sonra məktəb direktoruna “töhmət” verilib. İradə Gülməmmədovanın məktəb direktoruna kəskin münasibətini görən Zakir Fərəcov böyük məhəbbət bəslədiyi xanımı Abşeron icra başçısının qəzəbindən qurtararaq Sumqayıtdakı məktəblərin birinə direktor təyin etdirib. Hazırda həmin məktəbin adını dəqiqləşdiririk.
Iradə Gülməmmədova və Zakir Fərəcov haqqında dillərə düşən “sevgi dastanı” qısqanclığın və xəyanətin qurbanına çevrilməkdədir. Vətəndaşlar arasında “Xosrov və Şirin” dastanı kimi xarakterizə edilən münasibətin bundan sonra necə olacağını söyləmək çətindir.
Hamının diqqətini çəkən münasibətin bir çox insanlara bəlalar yaşatdığını nəzərə alan Realliq.info saytı araşdırmalarını davam etdirir.
Mövzuda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Araşdırmalarımız davam edir.