Çox hörmətli nazir general-polkovnik R. Usubovun rəhbərliyi altında Daxili İşlər Nazirliyi bu gün ölkəmizdə sabitliyin, ictimai asayişin qorunmasını uğurla təmin edir. Azərbaycanda əmin-amanlığın qorunmasına töhfə verən Daxili İşlər Nazirliyinin vacib strukturlarından biri də hörmətli polis general-mayoru Seyfulla Əzimovun rəhbərlik etdiyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsidir. Azərbaycan Respublikası Prezidentinin 9 avqust 1994-cü il tarixli «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında» Fərmanı ilə dövlətin iqtisadi, siyasi əsaslarının təhlükəsizliyi, vətəndaşların həyatı, səhhəti, mülkiyyət hüququ əleyhinə yönəldilən və əsasən mütəşəkkil cinayətkar dəstələr, qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərin, rüşvətxorluq və korrupsiya hallarının qarşısının alınması, bu istiqamətdə əməliyyat-xidməti fəaliyyətin həyata keçirilməsi üzrə Daxili İşlər Nazirliyinin və digər dövlət orqanlarının əsas vəzifələri müəyyən edilmiş və Nazirliyin strukturunda Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi yaradılaraq cinayətkarlığın ən təhlükəli formasına qarşı mübarizə yeni təşkilati əsaslar üzərində qurulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2004-cü il tarixli “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturunda dəyişikliklər edilməsi haqqında” 83 nömrəli Fərmanı ilə Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi baş idarə səlahiyyətli müəyyən edilmişdir. Baş İdarənin əsas funksiyalarını Azərbaycan Respublikasının qanunvericiliyi və Daxili İşlər Nazirliyinin müvafiq normativ-hüquqi aktları ilə müəyyən edilmiş qaydada mütəşəkkil cinayətkarlığa, o cümlədən terrorizm, banditizm, adamları girov götürmə və hədə-qorxu ilə tələb etmə cinayətlərinə, saxta pul və ödəniş sənədlərinin qanunsuz dövriyyəsinə, insan alverinə, eləcə də mütəşəkkil cinayətkarlığın transmilli və digər növlərinə qarşı mübarizə, bu qəbildən olan cinayətlərin qarşısının alınması, açılması və istintaqı təşkil edir.
Baş İdarənin strukturuna adamları girov götürmə və hədə-qorxu ilə tələb etmə cinayətləri ilə mübarizə şöbəsi, banditizm və digər təhlükəli cinayətlərlə mübarizə şöbəsi, saxta pul və ödəniş sənədlərinin qanunsuz dövriyyəsi ilə mübarizə şöbəsi, istintaq şöbəsi, təşkilati-analitik bölmə və digər əməliyyat, təminat qurumları daxildir. İnsan alverinə qarşı mübarizə idarəsi baş idarəyə bilavasitə tabe olan struktur qurumdur.
Baş İdarə özünün əsas vəzifələrinin - Azərbaycan Respublikasının qanunvericiliyi və digər normativ-hüquqi aktları ilə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətinin və istintaq tədbirlərinin həyata keçirilməsi; mütəşəkkil cinayətkar qrup və dəstələrin aşkar edilməsi, ifşa olunması və zərərsizləşdirilməsi; banditizm, adam oğurluğu, adamları girov götürmə, hədə-qorxu ilə tələb etmə, saxta pul və ödəniş sənədlərinin qanunsuz dövriyyəsinə və mütəşəkkil cinayətkarlığın digər təhlükəli növlərinə qarşı mübarizənin təşkili və aparılması, bu növ cinayətlərin açılmasının təmin edilməsi və cinayətkarların axtarışı işinin həyata keçirilməsi; insan alverinə qarşı mübarizənin həyata keçirilməsinin və bu sahədə profilaktik və əməliyyat-axtarış tədbirlərinin təşkil edilməsi; transmilli cinayətlər, o cümlədən insan alveri, narkotiklərin və silahların qanunsuz dövriyyəsi, qaçaqmalçılığı ilə məşğul olan cinayətkar birləşmələr, onların regional və dövlətlərarası əlaqələri, habelə qanunsuz silahlı dəstələr haqqında məlumatların əldə edilməsi, bu sahədə müvafiq xüsusi tədbirlərin həyata keçirilməsi; mütəşəkkil cinayətkarlıqla bağlı məlumatların toplanması, sistemləşdirilməsi, bu işin, eləcə də ərazi orqanlarının mütəşəkkil cinayətkarlıqla mübarizə aparatlarında əməliyyat-xidməti fəaliyyətin təhlili, metodik vəsait və göstərişlərin hazırlanması, müvafiq idarəçilik qərarlarının qəbul edilməsi, mütəşəkkil cinayətkar dəstələrin formalaşmasına və inkişafına şərait yaradan amillərin öyrənilməsi, onların aradan qaldırılması, bu yönümdə mübarizə işinin təkmilləşdirilməsi və səmərəli təşkili; Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət prosesi iştirakçılarının və digər şəxslərin, zəruri hallarda isə onların yaxın qohumlarının mühafizəsinin təmin edilməsi və s. vəzifələrinin öhdəsindən layiqincə gəlir.
Məhz bu İdarənin həyata keçirdiyi profilaktik tədbirlərin nəticəsi olaraq ölkədə mütəşəkkil cinayətkarlığın səviyyəsi proqnozlaşdırılan səviyyədən kənara çıxmır, cinayətkar birlik və mütəşəkkil dəstələr tərəfindən ictimai rezonans doğuran cinayətlərin mütəmadi törədilməsi tendensiyası müşahidə edilmir.
Kütləvi informasiya vasitələri kriminal hadisələrlə bağlı əksər məlumatları daxili işlər orqanlarının mətbuat xidmətindən alırlar. Jurnalist olaraq peşə fəaliyyətimiz zamanı rast gəldiyimiz hadisələr, əldə etdiyimiz informasiyalar, araşdırdığımız faktlar arasında elələri olur ki, yolumuzu hüquq-mühafizə orqanları ilə kəsişdirir. Bəzən qəzet və saytlar hadisələri qabaqlayaraq törənmiş və hətta törədilməsinə hazırlıq görülən cinayətlər barədə sensasiya xatirinə məlumat yayır, yalnız oxucu auditoriyalarını genişləndirməyi düşünürlər. Belə məlumatları cinayətkarlar və potensial cinayətkarlar da oxuyur, ehtiyat tədbirləri görürlər. Bu halda onlar duyuq düşüb təqibdən qaça və yaxud, hazırladıqları cinayəti həyata keçirmək üçün daha uyğun zaman və məkan seçə bilərlər. Yaxud da əksinə, yanlışlıq, vicdanlı yanlışlıq, tələsənlik ucbatından KİV-də hansısa şəxsin (şəxslərin) reputasiyasına xələl gətirəcək məlumat yayıla bilər. Etiraf olunmalıdır ki, həmin məlumat sonradan təkzib olunsa da belə, şübhələr tam olaraq dağılmır. "Korrupsiya və qanun" qəzeti həmişə belə məsələlərə həssas yanaşmış, hər şeyi kommersiya marağına dəyişməmişdir.
Zaqatala rayonunun Uzunqazmalar kənd sakinlərinin pullarının ələ keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ünvanladığımız müraciətimizə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baxılmışdır. Baş İdarə tərəfindən həyata keçirilən araşdırma zamanı müraciətimizdə göstərdiyimiz məsələnin həlli təmin edilməklə Zaqatala rayonunun Uzunqazmalar kənd sakinlərinin şikayət və tələblərinin olmaması, araşdırmanın dayandırılması barədə kollektiv ərizələri nəzərə alınmışdır. Müraciətimizə bunca operativ reaksiya verdiyinə və tərəflər arasındakı anlaşılmazlığı aradan qaldırmaq üçün mediator qismində müdaxiləsinə görə DİN-nin MCMİ-nə minnətdarlığımızı bildirir, əməkdaşlıq etməkdən məmnunluq duyuruq.
"Korrupsiya və qanun"