Qədimova: “Deyir ki, mənim oğlum 1 il də yatmayıb çıxacaq”
Şəhid Elton Əkbərovun qızı 1975-ci il təvəllüdlü Könül Əkbərovanı “JEEP” markalı, ağ rəngli, Az 90 FO 007 nömrə nişanlı avtomobillə vuran 17 yaşlı Rəhim Rəhimli saxlanılıb. 3 uşaq anası olan K.Əkbərovanı noyabrın 8-də, 19:30-da Bayraq meydanı yaxınlığında “JEEP” markalı, ağ rəngli, Az 90 FO 007 nömrə nişanlı avtomobil vurub. Sürücü qadını köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən uzaqlaşıb. 3 uşaq anası olan qadın hadisə yerində keçinib. K.Əkbərovanın anası Bəsti Qədimova qəzetimizə açıqlamasında demişdi ki, qızının ölümü ilə nəticələnən qəzanı törədən sürücünü istintaqdan yayındırırlar. Şəhid yoldaşının şikayəti qəzetdə dərc olunandan sonra sürücü Rəhim Rəhimov saxlanılıb.
Bu haqda redaksiyamızı bilgiləndirən Bəsti Qədimova deyir ki, Bakı Şəhər Prokurorluğunda olarkən ona deyiblər ki, Rəhim Rəhimovu həbs ediblər: “20 gün idi ki, axtarışda idi, müstəntiq onu tapmırdı. Qəzetlərə şikayət etdim, Rəhim Rəhimovu tapdılar. Mən müstəntiqin yanına getdim, başladı ki, niyə gedib qəzetlərə danışmısız?”
B.Qədimova deyib ki, hüquq-mühafizə orqanında R.Rəhimovun valideyni Akif Rəhimov onunla çox sərt danışıb: “Rəhimin atası Akif Rəhimov polis bölməsində elə danışdı ki, sanki mənim övladım onun uşağını vurub öldürüb. Deyir ki, sənin qızın yolu oradan niyə keçirdi ki, mənim oğlum da onu maşınla vursun. 17 yaşl sürücülük vəsiqəsi olmayan oğluna maşını verib, indi bizi də günahkar çıxarır. Deyir ki, nə olsun ki, mənim oğlumun ”pravası" olmayıb, buna görə 600-700 manat cərimə var də. Akif Rəhimov oğlunun etdiyi hərəkətə haqq qazandırır. Belə çıxır ki, bu gün uşağı buraxacaqlar, bu da 600-700 manat cərimə ödəyəcək və gedib daha bir adamın üstündən maşınla keçəcək?
Akif Rəhimova dedim ki, müsəlman deyilsiz? Bir gün də gəlib qapımı döyüb demədiniz ki, Allah rəhmət eləsin. Özlərini elə aparırlar ki, sanki bunlar yüksək təbəqənin insanlarıdır, bizlər də bunların nökərləriyik. Bizlər ali savadlı adamlarıq. Bunlar elə bilirlər ki, savadı olmayanı əzib keçmək olar. Bu adamların düşüncəsi, davranışları adamı dəhşətə gətirir. Akif Rəhimov mənə deyir ki, mənim oğlum oxuyub diplomat olacaqdı. Adam nəzərə almır ki, mənim qızımı vurub öldürüb. Mənim uşağım dünyadan köçüb, bu adamın oğlu vurub, mənim qızımı öldürüb. Amma mənimlə elə danışırlar ki... Deyir ki, mənim oğlum 1 il də yatmayacaq, çıxacaq. Onun 17 yaşı var, niyə həbsə getməlidir? Dedim ki, oğlunu qudurtmazdın, 17 yaşında altına tank boyda maşın verib şəhərin küçələrinə buraxmazdın. Bu hadisənin baş verməsində birinci günahkar elə sənsən. Qızımı hadisə yerində qoyub qaçmasaydılar, bəlkə də bu gün sağ olardı".
Qeyd edək ki, B.Qədimova demişdi ki, qızını vuran sürücünün idarə etdiyi maşın da daxil olmaqla, 3-4 maşın Salyan şosesində yerləşən “Manqal” restoranına gedirmişlər: “Bunlar dövlətlilərin uşaqları olub, ad gününə, yeyib-içməyə gedirmişlər. Qəzanı törədib və maşını orada qoyaraq qaçıb. Qızıma yardım etməyiblər, xəstəxanaya aparmayıblar”.
Hazırda qəza ilə bağlı Səbayel Rayon Polis İdarəsinin İstintaq Şöbəsində müstəntiq Vüqar Abbasov istintaq aparır. B.Qədmova istintaqın gedişindən narazı olduğunu da bildirib.+