Azərbaycan İdeyası

Fazil Mustafa: “Tıxac” sözünün arxasından “tıxmaq” ifadəsi boylanır

Tarix:18-04-2018, 14:05
Baxış Sayı:456

 Fazil Mustafa: “Tıxac” sözünün arxasından “tıxmaq” ifadəsi boylanır

Bakı şəhərində avtobusdan başqa bütün yerüstü ictimai nəqliyyat alternativlərinin düşüncəsiz formada sıradan çıxarılması və şəxsi maşınların kontrolsuz şəkildə artışı ona gətirib çıxarıb ki, yol infrastrukturuna nə qədər vəsait xərclənsə də, tıxac problemini həll etmək mümkün olmur.

Faktik olaraq ölkədə metro tikintisi də çox zəif səviyyədədir, son illərdə yeni metro stansiyalarının açılmaması da bunun göstəricisidir. Şəhər əhalisi regionlardakı işsizliyin hesabına sürətlə artmaqdadır.

Oxu.Az xəbər verir ki, bunu BQP başqanı, millət vəkili Fazil Mustafa qeyd edib.

Onun sözlərinə görə, bu gün ayrı-ayrı yerlərdə ən aşağı profilli işlərin çoxunu rayondan gəlmiş ali təhsilli insanlar yerinə yetirirlər: yükdaşıyanlar, ustalar, taksi sürücülərinin əksəriyyəti bu kateqoriyadan olan insanlardır.

“İşsizliyin səviyyəsi yüksəkdir. Yol hərəkətini tənzimləyin polis qardaşlarımızın da işinin ağırlığı göz qabağındadır.

İnfrastruktur doğru qurulmayanda polis nə qədər fədakarlıq edirsə-etsin, tıxacları önləməkdə xeyli əziyyət çəkir”, - deyən millət vəkili bildirib ki, bu mövzu mütləq geniş səviyyədə müzakirə olunub, optimal yollar tapılmalıdır:

“Bu yollardan birini təklif kimi gündəmə gətirməyi düşünürəm.

Bu təklifi Monteneqroda müşahidə etdiyim bir tərtibatla bağlı ideya olaraq mənimsədim. Bu ölkədə dövlət qulluğuna aid bütün işlər saat 07:00-da başlayır və günorta saat 15:00-da tamamlanır.

Saat 12.00-dan 12.30-dək fasilə nəzərdə tutulur. Yeddi saat yarımlıq bir iş saatından söhbət gedir. Bu tərtibatın üstünlüyü aşağdakılardır:

- Gün doğar-doğmaz iş saatı başlayır.

- Böyük bir məmur ordusu erkən işə getməklə tıxacın səviyyəsini aşağı salır. Məktəblərdə dərslərin 08:00-da, özəl sektorun əksəriyyəti üçün də işin 09.00-10.00 arası başladığını nəzərə alarsaq, yol hərəkəri üçün təbii bir yük bölüşdürmə baş verəcək.

- Metro və avtobusların iş saatı 06:00-dan başlayırsa, onların erkəndən sərnişin daşıma potensialı artır, adamlar bir-birinə ölümünə sıxışaraq nəqliyyat zülmü çəkmirlər.

- İnsanlar erkən yuxudan oyanacaqlarına görə axşam mənasız seriallardan və bozbaş şoulardan xilas olacaqlar, erkən yatıb, erkən oyanmağa vərdiş edəcəklər.

- Saat 15.00-da işdən çıxandan sonra məmurlar şəxsi və ailə problemlərinə daha çox diqqət ayıra biləcəklər, rahat idmanla məşğul olacaqlar, yayda çimərliklərə və bağ yerlərinə baş çəkmək imkanları artacaq, sağlıq problemləri ilə məşğul olmağa vaxtları çox olacaq, ticarət və iaşə yerlərinə rahat baş çəkə biləcəklər, vaxtın verdiyi imkan sayəsində alış-veriş imkanları güclənəcək, bu isə iqtisadiyyata ciddi töhfə ola bilər.

- Üstəlik, toy məclislərinə, yas yerlərinə və ya kino, teatra getməyə bir neçə saat vaxtları olacaq.

- Pik saatları deyilən 18:00-19:30 arası müddətdə artıq yollarda işdən çıxan məmurlar olmadığına görə tıxac ehtimalı da xeyli azalacaq.

Əlbəttə, söylənilənlər ancaq dövlət qulluğu ilə əlaqəli sahələrə aiddir, bu, ölkədə tıxac yükünün azaldılması üçün alternativ təkliflərdən biridir.

ABŞ-da olarkən bir müşahidəmi indi də unutmuram.

Fikrimcə, ABŞ-ın böyük imperiya qüdrəti əldə etməsinin əsas səbəbi günəşin doğması ilə iş mühitinin başlaması ciddi əlaqəlidir.

ABŞ-da iş prosesi erkən başlayır, iş saatları erkən tamamlanır və enerjinin bərpası üçün insanların kifayət qədər vaxtı qalır.

Günəşin oyanışı həm də insanın oyanışıdır. İslam dünyasında bu, hətta dini fərzlər sırasında yer alır, çünki sübh namazının ilahi təyinatı məhz günəşin doğmasına qədər insanın oyanışı, ibadəti və günəşin doğuşu ilə günlük yaşama başlaması ideyasına bağlıdır.

Təəssüf ki, İslam dünyasının böyük əksəriyyəti günəşin doğmasına qədər oyanmış, ibadətini etmiş və günəş doğar-doğmaz yatmağa üstünlük vermiş. Geriliyin bir səbəbini, bəlkə də, bu amildə axtarmaq lazım”.

O qeyd edib ki, söylədikləri Milli Məclisin (MM) də iş rejiminə aid olmalıdır:

“Sübh tezdən qəbul olunacaq qanunların ekoloji təmizliyi hər halda fərqli ola bilər. Hökumətin qərarlarından isə büsbütün günəş enerjisi aşıb-daşar.

Fikrimcə, optimal yollar barədə düşünməklə yanaşı, Bakıda bütün gücü metro tikintisinə yönəltmək lazımdır.

Hökmən deyil ki, bütün stansiyalar yer altında olsun, bəzi az məskunlaşmış ərazilərdə bunu yer üstünə də çıxarmaq mümkündür. Təsəvvür edin ki, Bakıda hava limanına metro nəqliyyatı olarsa, insanların işi nə dərəcədə asanlaşmış olardı.

Bir çox hallarda “tıxac” sözünün mənasının arxasından həm də “tıxmaq” ifadəsi boylanır. Tıxmaq xirtdəyəcən əlinə düşəni basıb yeməkdir.

Hər birimiz Allahın gözümüzün önünə qoyduğu nemətləri normasında yesək, yəni xirtdəyəcən tıxmasaq, nə yollarda, nə də düşüncələrimizdə tıxac yaranar”.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı