Azərbaycanda ana və uşaqların sağlamlığı dövlət səhiyyə siyasətinin ən prioritet istiqamətlərindən biridir. Bu da anlaşılandır. Axı, uşaqlar bizim gələcəyimizdir.
20 iyul 2018-ci il tarixdə Ağsu rayon Mərkəzi Xəstəxanasında (RMX) hamilə qadınlarla görüş təşkil olunmuşdur. Maarifləndirici tədbirin keçirilməsində məqsəd hamilə qadınların infeksion xəstəliklərdən, ağciyər xəstəliklərindən qorunması məsələlərinin müzakirəsi olmuşdur. Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin (RİH) məsul işçiləri, mama-ginekoloqlar Xalidə Məmmədova, Peykəm Mehrəliyeva iştirak etmiş, hamilələrə öz tövsiyələrini vermişlər. Sonda hamilələrə hədiyyələr paylanılmışdır.
Təqdirəlayiq haldır ki, bu müstəvidə ayrı-ayrı ictimai birliklər, qeyri-hökumət təşkilatları da hökumətə etibarlı tərəf müqabili kimi çıxış edirlər. Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Vətəndaş Məsuliyyəti" İctimai Biriliyi (İB) də bölgələrdə hamilə qadınların qadın məsləhətxanalarına cəlb edilməsi və onların infeksion xəstəliklərə yoluxması riskini azaltmaq məqsədilə seminarlar keçirir.
Ümumiyyətlə, ölkəmizin modern əyalətlərindən biri olan Ağsu rayonunda sosial sferanın bütün sahələri üzrə, o cümlədən, səhiyyənin inkişafına nail olmaq üçün son illər xeyli işlər görülmüş, sahənin infrastrukturunun yaxşılaşdırılması, səhiyyə xidmətinin keyfiyyətinin yüksəldilməsi üçün əhəmiyyətli addımlar atılmışdır. Səhiyyə sektorunun qayğıları RİH başçısı cənab Ənvər Seyidəliyevin daim diqqət mərkəzindədir. 29 aprel 2016-cı il tarixdə istifadəyə verilmiş 16 şöbədən ibarət 180 çarpayılıq Ağsu RMX-nın yeni binası ən müasir avadanlıqlarla, rentgen və ultrasəs müayinəsi aparatları ilə, bütün şöbələr qabaqcıl dünya standartlarına uyğun texnologiya nümunələri olan tibbi cihazlarla təmin olunmuşdur. Bunca böyük diqqət və qayğıya görə, rayonun səhiyyə ictimaiyyəti, eləcə də yüksək xidmətdən razı qalan bütün rayon sakinləri hər fürsətdə ölkə başçısına minnətdarlıqlarını bildirir, təşəkkürlərini izhar edirlər.
Pasientlərin təşəkkür nidalarından əlbəttə ki, xəstəxananın yüksək savadlı, peşəkar, gülərüz kollektivinə uğurla rəhbərlik edən baş həkim Şəhrəbanu Məlikovaya böyük pay düşür. O, mehriban bir ailə başçısı kimi, personalın monolit birliyinə nail olmuşdur.
Cərrahiyyə şöbəsində əməliyyatlar laparoskopiya aparatı ilə həyata keçirilir. Şöbə müdiri cərrah Eldar Bayramov insanların sağlamlığı naminə əlindən gələni etməklə, öz vəzifəsinin öhdəsindən layiqincə gələrək, başqa həmkarlarına nümunə göstərir. Hətta qonşu rayonlardan da vətəndaşlar onun ünvanına gəlir, bir qayda olaraq əməliyyatdan uğurla çıxırlar.
Cərrahiyyə şöbəsinin həkim-cərrahı, həm də təcili tibbi yardım şöbəsinin həkimi, 2016-cı ilin aprel ayından Ağsu RMX-da işləyən Hüseynov Əlbaba Şirin oğlunun da əlləri "qızıldır". 1992-ci ildə Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirmişdir. 1992-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrində xidmət edib Ehtiyatda olan tibb xidməti mayoru, hərbi həkimdir. Müharibə veteranıdır.
Müalicə işləri üzrə baş həkim müavini doktor Əli Hüseynov yüksək peşəkarlığı, mehribanlığı və başqa üstün insani keyfiyyətləri ilə təkcə həkim kollektivinin deyil, bütün rayon sakinlərinin hörmətini qazanmışdır. Əsl Azərbaycan həkiminə xas olan humanist, alicənab xüsusiyyətləri ilə seçilən Əli həkim xəstəxananın xidmətindən istifadə edən pasientləri, xəstəyə baş çəkməyə gələn yaxın adamlarını şəfqət və gülərüzlə qarşılayır ki, bu da hamıda məmnunluq hissi doğurur. Heç bir xəstənin ümidsizliyə qapılmasına imkan vermir, mütləq sağalacağına inandırmağa çalışır, hamısına mənəvi dəstək göstərir. Hətta dəfələrlə müşahidə olunmuşdur ki, Əli həkim yazılmış resept üzrə dərmanları almağa gücü çatmayan xəstələrə maddi köməklik də göstərmişdir. Kollektiv üzvlərinə, ələlxüsus da gənc həkimlərə, tibb bacılarına tövsiyə edir ki, xəstələrlə tələb olunandan da artıq qayğı və şəfqət göstərsinlər.
Ağsu RMX-da fəaliyyəti təqdir olunan qabaqcıl tibb işçilərindən biri də cərrah - ginekoloq Sevinc Mirtənzil qızı Seyidəliyevadır. Sonsuzluğa qarşı elmi müstəvidə mübarizə aparan doktor Seyidəliyeva hər vəchlə çalışır ki, hamilə qadınlar imkansızlığı səbəb göstərib hamiləlik dövründə tibbi müayinədən kənarlaşmasınlar, körpələr sağlam doğulsunlar.
S.Seyidəliyeva ATU-nun II Mama-ginekologiya kafedrasında 2000-ci ildən 2002-ci ilədək klinik ordinator, sonra da həmin kafedrada 2015-ci ilədək elmi və praktik həkim mama- ginekoloq kimi çalışmışdır. 07 noyabr 2015-ci il tarixdən Ağsu RMX-da cərrah-mama-ginekoloq və USM həkimi kimi fəaliyyətini davam etdirir. 2011-ci ildə elmi iş müdafiə edərək, tibb üzrə fəlsəfə doktoru adını almışdır. Səhiyyə rəhbərliyinin bir sıra fəxri fərmanları ilə təltif olunmuş, təşəkkürnamələr qazanmışdır.
Rayonda ana və uşaqların sağlamlığı naminə yorulmaz fəaliyyət göstərən həkimlər sırasında qadın məsləhətxanasının baş həkimi Peykəm Mehrəliyevanın əməyi tərənnümə layiqdir. O, hamilə qadınlarla mehribanlıqla söhbət edərək deyir ki, biz həkimlər sizinlə söhbətin, müayinənin nəticəsində bətninizdəki uşağın sağlamlığını hiss etdikcə, məmnun oluruq.
Metodiki təşkilat işləri üzrə baş həkimin müavini Rişad Kərimovun, Kardiologiya şöbəsinin müdiri, el içində "Ürəyin atası" ləğəbi verilmiş Tahir Mirzəyevin, həkim-kardioloqlar Rahim Heydərovun, Ziyafət Həsənovun haqqında da çox yüksək fikirlər səsləndirilir. Adlarını çəkdiyimiz kardoloqlar neçə - neçə xəstəni həyata qaytarıblar. Ürək xəstəlikləri və onu müşayiət edən revmatizmin müalicəsində nailiyyətlər qazanıblar.
Reanimasiya şöbəsinin müdiri anestezioloq-revmatoloq Məzahir İsayev də ən ağır durumda olan xəstələrin yaşam savaşına vacib köməklik edib. Ağır əməliyyatdan çıxan xəstələri reanimasiya otağında qəbul edən Məzahir həkim öz vəzifəsinin öhdəsindən layiqlə gəlir. Ölümün pəncəsindən qurtulan xəstənin gözünü açaraq həyata qayıtmasının ilk şahidi olmaq doktor İsayevdə xoş təəssürat yaradır.
Xəstəxananın geniş və təchiz olunmuş laboratoriyası var. Laboratoriyanın baş həkimi Knyaz Nağıyev olduqca savadlı həkimdir. Laboratoriyaya daxil olan analizlərə şəxsən özü nəzarət edir. Xəstəliyin əsas mənbəyinin müayinəsində, diaqnozun təyinində mühüm şərt olan analizlərin dəqiqliyi onu çox maraqlandırır. Doktor Nağıyev işinin mahir bilicisi kimi tanınır.
Yoluxucu xəstəliklər şöbəsinin müdiri Gülnaz Səfərovanın da işi razılıq doğurur. Şöbənin təqdirəlayiq fəaliyyətinin müsbət nəticəsidir ki, son illər rayonda təhlükəli yoluxucu xəstəliklər müşahidə olunmayıb.
Rentgenoloq-tomoqraf Tural, Vüsal və Rasim həkimlərin də göstərdikləri xidmət barədə yüksək fikirlər eşitmək olur.
Xəstəxananın baş tibb bacısı Qönçə Seyidovanın da qüsursuz faəaliyyəti alqışa layiqdir. Onun səriştəsinin, məsuliyyətsevərliyinin nəticəsidir ki, xəstəxananın tibb bacıları da öz işlərini məharətlə yerinə yetirirlər.
Əlbəttə ki, xəstəxananın personalı təkcə həkimlərdən, tibb bacılarından ibarət deyil. Uzun müddətdir ki, Ağsu RMX-da çalışan, öz ixtisasları üzrə savadlı mütəxəssislər olan, məişətdə təvazökar, gözəl ailə başçıları kimi tanınan ziyalılar - baş mühasib Vüqar Həmidovun, kadrlar şöbəsinin müdiri Şahin Kərimovun doğma kollektivdə, rayon ictimaiyyəti arasında qazandıqları hörmət heç də həkimlərinkindən əskik deyil. Xüsusi vurğulamağa dəyər ki, bütün bu qeyd etdiklərimiz Vüqar müəllimin oğlu Elgünün toyunda əyani müşahidə olunmuşdur. Kollektiv sevincdə-kədərdə bir yerdə olduğunu, öz birliyini həmin şad gündə də göstərmişdir. Onlar bununla kifayətlənməyərək, məqalə hazırlamaqda olduğumu bildiklərindən, Elgün Həmidova və həyat yoldaşına səadət arzulayıb təbrik nidalarının yazınmın dərc olaunacağı qəzetdə yer almasını xahiş etdilər. Nə demək, həqiqətən də belə mehriban kollektivdə şövqlə çalışmamaq olmaz.
Nəhayət, necə ki başlamışdıq, eləcə də sonda bir daha qayıdaq məqaləmizin əsas qayəsini təşkil edən uşaq səhiyyəsi məsələsinə. Bu mövzuda yazarkən, Ağsu Uşaq Xəstəxanasının şöbə müdiri Vaqif Ağayevin, pediatrlar Ömər həkimin, Təranə xanımın, Əhməd həkimin göstərdikləri xidmətin yüksək səviyyədə qarşılandığını qeyd etməmək düz olmazdı. Bu savadlı pediatr-həkimlər valideynlərə uşaqların düzgün qidalanması, geyindirilməsi, gigiyena qaydaları barədə zəruri tövsiyələr verir, uşaqlarda hər hansı ilkin halsızlıq əlamətləri müşahidə olunan kimi dərhal həkimə müraciət etmələrinin vacibliyini başa salırlar.
Ağsu RMX-nın kollektivinə, doktor Şəhrəbanu Məlikova başda olmaqla bütün tibb işçilərinə, onlarla çiyin-çiyinə çalışan inzibati işçilərə, texniki personala uğurlar arzulayırıq. İnanırıq ki, onlar ölkəmizdə sağlam vətəndaşlardan ibarət sağlam cəmiyyət quruculuğu işinə daha böyük töhfələr verəcəklər.
Mahizər Qəribova