Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə digər strukturlarla yanaşı, polis sahə rəislərinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına da xüsusi diqqət yetirilir. Polis sahə rəislərinin və inspektorlarının cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin təmin edilməsində rolu artırılıb, hazırlanan cinayətlərin qarşısının vaxtında alınması üçün onların zəruri hüquqi biliklərə, geniş dünyagörüşə, yeni texnologiyalarla iş bacarığına, bütövlükdə yüksək professionallığa yiyələnməsi istiqamətində davamlı işlər görülür.
Polis sahə rəisləri və inspektorları nəzarət etdikləri inzibati sahədə cinayətlərin törədilməsinə şərait yaradan halların vaxtında müəyyən olunması və aradan qaldırılması istiqamətində bütün işlər görməli və öz funksional vəzifələrini «Polis sahə rəisinin işinin təşkilinə dair» Təlimata uyğun olaraq həyata keçirməlidirlər.
Amma təəssüf ki, yerlərdə aparılan müşahidələr və bəzən KİV-ə də gəlib çatan şikayətlər göstərir ki, polis sahə inspektorları qanunsuzluqlara yol verirlər. Bu qanunsuzluqların sırasında korrupsiyadan tutmuş yerlibazlığa qədər neqativ hallar vardır. Sonradan vətəndaşlar onların hərəkətindən şikayət edəndə polis həmkarları öz həmkarlarının tərəfini tuturlar ki, bu da haqlı narazılığa səbəb olur. Ağsu rayonu Natəvan küçəsi - 16 ünvanda qeydiyyatda olan, hazırda Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsində yaşayan İsmayılova Yeganə Talış qızının redaksiyamıza göndərdiyi ərizənin qayəsini də məhz korrupsiya və yerlibazlıqdan gördüyü ziyan təşkil edir:
"Hörmətli redaksiya, məlum edirəm ki, mən "səkkizinci kilometr" ("8-ci. km. qəsəbəsi" - red.) adlanan yerdə, bazarda meyvə-tərəvəz satıb güc-bəla ilə ailəmi dolandırıram. 2019 –cu il fevral ayının 27-də saat 16-17 radələrində, iş zamanı yanımda olan satıcı Mehdiyeva Xanım Həsənqulu qızı tərəzidə vuraraq, mənim çörəkpulu qazanmağıma mane olurdu. Mənim xəbərim olmadan mənim müştərilərimi bir-bir özünə cəlb edirdi. Mən xəbər tutdum ki, xanım müştəriləri aldadır, üç kilo əvəzinə kilo yarım sarı kök verir. Mən soruşduqda ki, "niyə belə edirsən, camaatı aldadırsan? Çörək qazanmağımıza mane olursan?" Mənə dedi ki, "Əcəb edirəm, mən naxçıvanlıyam, hər şey edə bilərəm. Pulum da, vəzifədə məni qoruyacaq adamlarım da var". Bu vaxt mənə hücum etdi, qız uşağımı təhqir etdi. Və səkkiz dəfə əməliyyat olan boğazımdan yapışıb boğdu. Vəziyyətim pisləşdi, yerə yıxıldım. O bildikdə ki, mən ondan şikayət edəcəm, məni qabaqlayaraq, qaçıb Nizami rayonu 24-cü polis bölməsinə şikayət etdi. Ki, guya mən ona qarşı təzyiqlər etmişəm və taxtayla vurmuşam. 24-cü bölmənin təhqiqatçısı Füzuli müəllim şikayətçi olan xanımdan və bazarın polisindən rüşvət alaraq, qiymət yazdığım taxtanı götürüb saxta ekspertizaya çıxardılar.
2019-cu ilin mart ayının 1-də 24-cü bölmənin təhqiqatçısı Füzuli müəllim məni çağırdı və izahat alan zamanı işi mənim xeyrimə bağlamaq üçün məndən 200 manat pul istədi. Mən dedim ki, mən kirayədə qalıram, II qrup əliləm, müalicə pulumu çatdıra bilmirəm. Siz dediyiniz pul miqdarını mən verə bilməyəcəyəm. Füzuli müəllim mənim üstümə qışqırdı, dedi ki, “Sən denən ki, əlimdə taxta olub, taxta ilə Xanım Mehdiyevanı qorxudub özümdən uzaqlaşdırmışam. Və ərizəni mənə məcbur yazdırdı.
Sonra eşitdiyimə görə Füzuli müəllim Xanımdan 200 manat rüşvət alıb və saxta ekspertizaya görə 50 manat pul alıb . Təhqiqatçı Füzuli müəllim bazarda şahid axtarıb bazarda işləyənlərə deyib ki, Yeganənin üzünə şahid durun, yalandan deyin ki, guya Yeganə Xanımı vurub. Uşaqlar deyiblər biz yalandan izahat verə bilmərik, vəziyyəti görməmişik. Münaqişə olan günü yağış yağırdı, bazarda işləyən adamlar hamısı evə getmişdi. Söhbət uzandı. İşi verdilər Nizami rayonunun müstəntiqi Nicat müəllimə. Nicat müəllim də həmçinin məndən rüşvət istədi. Dedim II qrup əliləm və əlillik vəsiqəmi ona göstərdikdə dedi ki, ondan on dənə də olsa, mənə pul lazımdır. Nicat müəllim gəlib bazarda mənim yerimi çəkdi, şəxsiyyət vəsiqəmi məndən aldı, sanki, adam öldürmüşəm kimi əllərimin 10 dəfə şəklini çəkdi.
Eşitdiyimə görə Nicat müəllim Şahin müəllimə deyib ki, burada tərəzi söhbəti var. Bu vəziyyətə siz yol vermisiz, tərəzidə vuranlardan rüşvət alırsız.
Hal- hazırda Nizami rayonunda proses gedir. Təhqiqatdan sonra müstəntiq üzləşmə etmədi, şahid olmadı. İkinci prosesdə Ariz adında yalançı şahid peyda oldu. Həmin şahidi gördüm və soruşdum ki, niyə yalandan şahidlik edirsən? Allahından qorx. O da balasının ölmüşünə and içdi ki, bazar müvəkkili Şahin Rüstəmov mənə hədə-qorxu gəldi, səni bazara qoymayacam, çörəyindən olacaqsan. Bu vəziyyətlərlə üzləşmək istəmirsənsə, mən deyənlərlə razılaş. Arizdən başqa bir yalançı şahid də var. Amma onu mən tanımıram.
Məhkəmədən üç gün sonra, 2019-cu il sentyabr ayının 23- də mən getdim Şahinin yanına, dedim ki, saxta şahidləri üzümə dirəndirdin, Ariz də mənə dedi ki, sahə müvəkkili Şahin məni məcbur etdi. Mən də Şahindən soruşduqda ki, niyə belə edirsən, o da mənə dedi əcəb edirəm, mən naxçıvavanlıyam, xanım da naxçıvanlıdır. Təbii ki, onu müdafiə edəcəm. İstəsəm lap bazarı üzünə şahid tutaram. Tərəzidə duranlar mənə pul verir, sən pul vermirsən. II qrup əlil olduğum üçün yer pulu verməyə imkanım yoxdur. Buna görə du bunlar bu vəziyyəti yaratdılar, birləşib yalançı şahidləri üzümə dirəndirdilər, mənim pul verməyə imkanım olmadığından, qurğu quraraq məni yerimdən etmək istəyirlər. Buna səbəbkar da Yeganədir.
Hal-hazırda bu işlə bağlı DİN – nə də müraciət etmişəm. Ordan mənə zəng gəldi ki, sənin işinə baxılır.
Hörmətli redaksiya! Ümidim sizə qalıb. Bu məsələni ictimailəşdirməyinizi, geniş oxucu kütləsinə çatdırmağınızı və KİV nümayəndəsi kimi məhkəmədə iştirak etməyinizi xahiş edirəm".
Korrupsiyavə Qanun