Azərbaycan İdeyası

HƏTTA ZƏRDABİ DƏ...

Tarix:15-08-2017, 11:25
Baxış Sayı:682


HƏTTA ZƏRDABİ DƏ...
Hüseynbala Səlimov

Təxminən bir ay bundan əvvəlin söhbəti olar. O qədər darıxdırıcı idi ki, əlacsız qalıb bizim telekanallardan birinə baxmağa başladım. Bəli, adam lap darıxıb əldən düşəndə bizim televiziyalar yadına düşür, çünki nə vaxt açsan, şanlı telekanallarımızda toydur–büsatdır...

Amma bu dəfə nə qədər qəribə olsa da, çal-çağır yox idi və H.Zərdabidən danışırdılar. Və mən də ixtiyarsız olaraq diqqət kəsildim ki, görüm, bəs bunlar nə deyir...

Bir cümlə məni bərk tutdu. Demə, Həsən bəy deyibmiş ki, mən bu millətə qəzet oxumağı öyrədəcəm! Heç özümün də xəbərim olmadı ki, diqqətim televiziyadan necə ayrıldı? Bir də gördüm ki, xəyalən Mirzə ilə söhbətləşirəm və deyirəm ki, ay Mirzə, nə qoyub, nə axtarırsan, bu millət o qədər tərsdir ki, necə deyər, bildiyini heç atasına da verən deyil, bunlar heç 21-ci əsrdə də qəzet oxumurlar, ondan qala, sənin vaxtın ola!

Səbəbini soruşanda da durub qayıdırlar ki, əşşi, onsuz da bir şey yazmırlar. Bir–iki cəsarətli jurnalist vardı, onlar da gördü ki, yazmağın – pozmağın daha elə bir faydası yoxdur, ona görə də qələm-dəftəri tullayıb başqa işin qulpundan yapışdılar, çünki daha bu ölkədə müstəqil qəzet və ya müstəqil yazar qalmayıbdır...

Əcaba, doğrudanmı ölkədə müstəqil yazar qalmayıb? Doğrudanmı ulu millətimiz həmişə olduğu kimi bu dəfə də haqlıdır?
Zənnimcə, burada iki çox mühüm məqam vardır. Mən əvvəllər də yazmışam və bir daha təkrar edirəm ki, birincisi, müstəqil və yaxud da asılı olmaq həm də insanın şəxsi keyfiyyətlərindən asılıdır.
İkincisi, siz əziyyət çəkib bizim yazarların qəzet – jurnallarını alın ki, onlar da müstəqilliklərini itirməsinlər, kiməsə əl açmaq məcburiyyətində qalmasınlar...
Həm də mənə elə gəlir ki, müstəqilliyini itirən təkcə yazarlar deyil. Gəlin bir anlığa düşünək: cəmiyyətimiz niyə bu qədər ölüvaydır və niyə görə istər media olsun, istər siyasi partiyalar, istərsə də ictimai qurumlar, – bunların hamısı sanki havadan asılı qalıbdır?
Bunun bircə izahı var. İnsanlarımızın özləri, bəli, cəmiyyət özü müstəqil olmaqdan və müstəqil qərarlar qəbul etməkdən qorxur...
Bir dəfə ədəbiyyatşünaslarımızdan birinə sual verildi ki, niyə görə ədəbi tənqid zəifdir? Maraqlı cavabı oldu həmin adamın. Dedi ki, mənə Puşkin verin, mən də Belinskiy olum!..

Təbii, o, müəyyən mənada haqlı idi. Biz jurnalistlərə də Fransa cəmiyyəti verin və biz də sizin üçün dönüb lap Marat olaq! Hərçənd, mən Böyük Fransa inqilabıma çox böyük sayğımla yanaşı inqilabları bir o qədər də sevmirəm – dəhşətli “ərəb baharları”, mənasız rəngli – rəngciz inqilablar bir yana, özümüzün də həyatımızda bir dəfə inqilabı yaşamaq və onu yaxından duymaq imkanımız oldu. Bu günə qədər onun acı nəticələrini yaşayırıq...

Hələ onu demirəm ki, bu il 100 yaşı tamam olacaq Oktyabr inqilabının da yalnız bircə faydası oldu. Onun sayəsindəcə bəşəriyyət ən əsas sosial utopiyalardan birini–kommunizmi yaxından tanımaq imkanı qazandı və qətiyyətlə demək olar ki, bir daha o yolu getməyəcək...
Nə isə, qayıdaq jurnalistlərə və jurnalistikaya... Sözsüz ki, bizim ən böyük və ilk jurnalistimiz Həsən bəy Zərdabi olubdur. “Niyə”sini özünüz məndən də yaxşı və ətraflı bilirsiniz. Biz hamımız unululacağıq və yaddan çıxacağıq, amma bir ad - Zərdabi adı həmişə yaşayacaqdır...
Bilmirəm, yaxın və yaxud uzaq gələcəkdə yazılı mətbuatımız hansı forma və qəliblərə düşəcək, amma yenə də bir ad həmişə anılacaq – o da Zərdabidir, çünki o adam BİRİNCİ olub. Birinci olmaq isə həmişə çətin, amma ki, həmişə də şərəflidir...
Fəqət, burada çox mühüm bir məqamı qeyd etmək istəyirəm. Hətta Həsən bəy də müəyyən reallıqlar çərçivəsində çalışırdı. Müəyyən reallıqlar və hətta müəyyən şərtlər çərçivəsində insanlara SÖZ çatdırmaq istəyirdi...
Gördüyü iş inqilabi olsa da, o, özü inqilabçı deyildi və inqilabçılıq etmirdi, gizli–aşkar siyasi fəaliyyətlə məşğul olmur, ruslar demişkən, “boyevoya listovka”lar çap edib yaymırdı və hakimiyyətlə, çar məmurları ilə münasibətərini də yalnız məhkəmə - hüquq müstəvisində çözməyə üstünlük verirdi...
Bunları niyə deyirəm? Bizdən çox şey umurlar, çox şey tələb edirlər, siyasətçilərin qorxaraq etmədiklərini, vəkillərin bacarmadıqların bizdən tələb edirlər. Amma biz də bu qədər funksiyanı yerinə yetirməkdə acizik və hətta istəsək də, bacarmarıq...
Dedim ki, Zərdabi də reallıqları nəzərə alırdı. Düzdür, reallıqlar da donuq və statik bir hadisə deyil, onlar da dəyişir və dəyişməlidir. Amma biri var, onları tədricən, təkamüllə dəyişəsən, bir də var, hər şeyi vurub yıxasan – necə deyərlər, qaş yaradan yerdə gözü də vurub tökəsən...
Bir daha deyirəm ki, biz jurnaslitlər də reallıqların dəyişməsinə özümüzün töhfəmizi verməliyik. Çünki M.Veber də yazırdı ki, siyasi və ictimai xadimlər özlərini reallıqlara proyeksiya etməklə kifayətlənməməli, həmin çərçivələrin sərhədlərini genişləndirmyə cəhd etməlidirlər. Bunu biz də qəbul edirik. Amma jurnalistlər siyasətçilərin görməli olduqları işi görməməlidirlər...
Belə deyəndə də qayıdırlar ki, onda bəs siz kimsiniz ki, bu qədər diqqət də ayrılsın sizə! Gedin, cızma–qaranızı edin!..
Belə sözlərdən də qətiyyən ruhdan düşmək lazım deyil. Biz böyük iş görürük. Sadəcə, bizləri bəzən ona görə sevmirlər ki, öz işimizi görür və daha əvvəllər olduğu kimi siyasətin “ölü canlar”ının və yaxud da siyasi meyitlərin reanimasiyasıyla artıq məşğul olmuruq. Elə jurnalistikamızın vaxtından əvvəl “qocalma”sının bir səbəbi budur ki, on illərlə çiynində siyasətin və siyasətçilərin yükünü daşıdı...
Ona görə də heç ruhdan düşmək lazım deyildir. Qoy, nə deyirlər, desinlər! Bir şeyi unutmayaq: Ə.Hüseynzadənin bir qəzet məqaləsindən bütöv bir milli ideologiya yarandı...

OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq