Ötən gün Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenkonun açıqlamalarından çox kövrəldim. “Uman yerdən küsərlər” deyib bir jurnalist kimi cənab səfirin açıqlamalarına bir gün sonra - soyuq və ayıq başla münasibət bildirmək istədim.
Əvvəla onu qeyd edim ki, cənab səfir haqlıdır, amma dünənki baş-ayaq açıqlamalardan sonra haqlıykən haqsız duruma düşdü. Yarası o qədər təzədir ki, Azərbaycanın da illərdir separatçılıqdan - işğaldan əziyyət çəkdiyini unutdu. Onu da unutdu ki, biz 25 ildir qapı-qapı gəzib “Ey insanlar, dünyanın ədaləti tükənib” – deyə İNİLDƏYƏNDƏ, BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı 4 qətnaməsini əldə rəhbər tutub SIZILDAYANDA heç kim kövrəlmirdi.
Yaxın-uzaq qonşularımız, bir çox ittifaqlarda birgə olduğumuz dövlətlər belə “bu Ermənistanla Azərbaycanın öz problemidir” – deyib keçir, BİTƏRƏFLİK sindromundan qurtula bilmirdilər. Bu sırada məni kövrəldən Siz Cənab Mişşenkonun təmsil etdiyi Ukrayna da var idi. Azərbaycan isə həm dövlət, həm də millət olaraq Ukraynanın şərqində baş verənləri pisləyir, separatçılıqdan əziyyət çəkən və işğala məruz qalan dövlət olaraq hər zaman rəsmi Kiyevə dəstək nümayiş etdirir.
Azərbaycan Ukrayna ilə bir çox qurumlarda, xüsusən də GUAM-da birləşir. GUAM-ın Nizamnaməsinə görə isə üzv dövlətlər onlara qarşı yönələn problemlər zamanı bir-birinə dəstək göstərməlidirlər. Amma siz bizə DƏSTƏK göstərmirdiniz. Biz isə sözügedən Nizamnamənin prinsiplərindən yola çıxaraq istər BMT Baş Assambleyasında, istərsə də digər mötəbər qurumlarda Ukraynanın ərazi bütövlüyünü tanıdığımızı və 21-ci əsrdə ərazilərin zorla dəyişdirilməsi prinsipinə qarşı çıxdığımızı bəyan etdik. Bu bəyanatların mürəkkəbi hələ qurumayıbkən Siz hansı haqla Azərbaycanı İTTİHAM EDİRSİNİZ?
AŞPA-dakı son səsvermə insidentinə bu aspektdən yanaşsaq cənab Mişşenkonun gövrək bəyanatlarına heç bir lüzüm yox idi. Niyə? Çünki parlamentarilərimiz Azərbaycanı Dağlıq Qarabağ məsələsində hər zaman sülhə və sivil dialoqa səsləyən AŞPA “rəyasəti”nə və “cameəsi”nə izah etməyə çalışdı ki, Ermənistanı bu kimi sanksiyalardan müxtəlif bəhanələrlə yayındıran SİZLƏR eyni qaydanı digər dövlətlərə - elə götürək Rusiyadan niyə “ƏSİRGƏYİRSİNİZ”. Beləliklə, əslində Azərbaycan Ukraynanın deyil, Rusiyaya sanksiya tətbiqinin, daha doğrusu İKİLİ STANDARTLARIN ƏLEYHİNƏ səs verdi. Azərbaycan bu jesti ilə AŞPA-da həm də yuxarıda bəhs etdiyimiz GUAM Nizamnaməsi əleyhinə heç bir addım atmadı. Bunu bəndəniz - ADİ bir jurnalist bilirsə, siz ALİ bir diplomat ondan daha yaxşı bilirsiniz.
Cənab səfir! Əsas məsələ bu da deyil. Əsas məsələ odur ki, biz Ukraynanı hər zaman dəstəklədiyimiz kimi, siz Qarabag məsələsini heç yerdə Azərbaycanın xeyrinə qabartmamısınız. “Mən razıyam, Ukrayna Azərbaycanın problemlərinə kifayət qədər diqqət göstərməyib. Diplomatam, bunu başa düşürəm” – deyə bilirsinizsə, onda bəs, indi niyə çıxıb demək istəmədiyinizi deyirsiniz?: “Deyim ki, Bakıda senzuraya məruz qalıram? Deyim ki, Bakıda senzura tətbiq edənlər ölkədə senzuranın olmadığını deyirlər? Harasa çıxış etməyə gedəndə mənə dərhal zəng vurub Rusiyanı tənqid etməməyimi xahiş edirlər. Ölkəsi Rusiyanın təcavüzünə məruz qalan bir ölkənin səfiri bəs nə danışmalıdır?” Və beləliklə bir DİPLOMATın demədiklərini “deyimmi?” – deyə deyirsiniz. Amma bizim də deməyə sözümüz çoxdur.
Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyimiz bir vaxtda ölkənizdə yayımlanan "1+1" televiziya kanalının efirini “bəzəyən” "15 respublika" verilişində Azərbaycanın ictimai-siyasi sisteminə, müstəqillik illərində əldə etdiyi nailiyyətlərə gölgə salınanda, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti təhrif olunanda, işğalçı Ermənistan və Dağlıq Qarabağdakı separatçı rejim təbliğ olunanda (23 noyabr 2014-cü il) NİYƏ KÖVRƏLMİRDİNİZ?
Ukraynanın ərazi bütövlüyünü birmənalı dəstəkləyən, BMT Baş Assambleyasında buna səs verən, dostluq və strateji əməkdaşlıq prinsiplərinə hər zaman sadiq olan Azərbaycanı NİYƏ MÜDAFİƏ ETMİRDİNİZ?
Azərbaycanın Ukraynadakı səfirliyinin məlum televiziya kanalının ölkələr arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinə ciddi zərər vurduğunu qeyd edəndə, telekanala müvafiq təsir göstərilməsini tələb edəndə, Azərbaycana və onun vətəndaşlarına münasibətdə təhqir və böhtana yol vermiş jurnalistlərin tənbeh edilməsi istəyinə bir SƏFİR olaraq NİYƏ HAQQ QAZANDIRMIRDINIZ?
Gəlin, məsələyə həm də medalyonun o biri üzündən baxaq. Azərbaycanda hansısa medianın Ukrayna məsələsində separatçıları dəstəkləyən mövqe sərgilədiyini XATIRLAYIRSINIZMI? Təbii ki, xatırlamazsınız, çünki bizlər - həm də media olaraq ölkənizdə baş verənləri şiddətlə qınamış, hazırladığımız xəbərlərdə Ukraynanın ərazi bütövlüyünə xələl gələcək ifadələrdən uzaq durmuş, SİZİN SƏSİNİZ OLMUŞUQ. Sizin şahidliyinizlə hər hər gün yazılı və elktron media olaraq Ukraynanın Şərqində baş verənləri ağrı-acı ilə ictimailəşdirir və birbaşa ölkənizi müdafiə edirik. Ukrayna mediası necə Dağlıq Qarabağın Azərbaycanın əbədi və əzəli torpaqları olduğunu ölkənizdə ictimailəşdirirmi? Təəssüf ki etmir... Bunu şəxsən bəndəniz Kiyevdə (oktyabr 2014, dekabr 2014) olarkən müşahidə edib. Hər gün səhər baxdığım onlarla qəzet və gün ərzində izlədiyim internet saytlarınız ÖZÜNÜZdən başqa heç kimi görmür.
Siz isə “Azərbaycan Ermənistanla birgə AŞ PA-da Rusiyanı dəstəklədi” deyirsiniz. Yaxşı bəs, Ukrayna erməniləri, xüsusən də yandaş mediasına BMT Baş Assambleyasında Ukraynanın ərazi bütövlüyünü inkar edən Ermənistanın bu hərəkətini çox ustalıqla unutdurmalarına niyə “ləbbeyk” deyirsiniz? Siz, elə biz də yaxşı bilirik ki, yola saldığımız 2014-cü ildə Ukraynada vəziyyət ağırlaşdıqca ölkənizdəki ermənilər və Ukrayna-Ermənistan münasibətləri də xeyli gücləndi. Ukrayna Erməniləri İttifaqının yekun konfransını Prezidentiniz Petro Poroşenko və Baş naziriniz Arseniy Yatsenyuk belə təbrik etməkdən çəkinmədilər. Həm də ölkənizin ərazi bütövlüyünü şübhə altına aldıqları bir zamanda...
Hələ mən Ukraynanın sabiq prezideti Yanukoviçin oglunun erməni diasporunun rəhbəri Vilenle “kirvəli” vaxtlarını xatırlayıb parlamentdə Azərbaycana və oradakı azərbaycanlılalar qarşı erməni deputatlar ilə vahid mövqe nümayişlərini yada salmaq istəmirəm.
Bəli, CƏNAB SƏFİR! Bunlar bizim üçün acı tarix olsa da keçmişdir... Bizim isə keçmişə boylanıb ölkələrlə münasibət qurmuq kimi bir “luksumuz” yoxdur.
Sizə və elə ÖZÜMÜZə də ƏRAZİ bütövlüyü ARZUsu ilə...