Ucuz və əlverişli “deksametazon” preparatı koronavirus diaqnozu qoyulmuş bir çox ağır xəstənin həyatını xilas etməyə kömək edə bilər.
BBC-nin məlumatına görə, britaniyalı alimlər belə bir iddia ilə çıxış ediblər.
Tədqiqatçıların fikrincə, “deksametazon”un müalicə kursuna daxil edilməsi ağciyərlərin süni ventilyasiyasına (ASV) qoşulan xəstələrdə ölüm riskini 33 faiz, EKMO (qanın oksigenlə doydurulması üsulu) cihazına qoşulan xəstələrdə isə 20 faiz azaldır.
Koronavirusa yoluxan xəstələrin müalicəsində “deksametazon”un klinik sınaqları, dünyada COVID-19-a yoluxanların müalicəsində ən təsirli preparatı müəyyən etmək üçün aparılan kütləvi səylərin bir hissəsidir.
Tədqiqatçıların fikrincə, əgər pandemiya başlanan vaxtdan “ağır” xəstələrin müalicəsində “deksametazon”dan istifadə olunsaydı, Britaniyada beş minə qədər insanın həyatını xilas etmək mümkün idi.
Dərman ucuzdur, buna görə də koronavirus xəstələrinin həyatı uğrunda mübarizədə effektivliyi kütləvi yoluxmaların qeydə alındığı yoxsul ölkələr üçün xüsusilə aktualdır.
Statistikaya görə, koronavirusa yoluxan 20 xəstədən 19-nun xəstəxanaya yerləşdirilməsinə ehtiyac yoxdur. Xəstəxanaya yerləşdirilən xəstələrin əksəriyyəti yaxşılaşır və onların yalnız kiçik hissəsində ağciyərlərin süni ventilyasiyasına, yaxud da oksigen terapiyasına ehtiyac duyulur.
Elm adamlarının bildirdiyinə görə, məhz ağır xəstələrin müalicəsində “deksametazon” əhəmiyyətli effektivlik nümayiş etdirir.
Bu hormonal preparatdan müxtəlif iltihabi proseslərin müalicəsində istifadə olunur.
Alimlər, həmçinin, dərman vasitəsinin koronavirusla mübarizədə immun sisteminin hiperaktivasiyasına görə bədənə vurulan zərərin minimuma endirilməsinə kömək edə biləcəyini müəyyənləşdiriblər. İmmun sistemin hiperaktivasiyası ölümlə nəticələnə biləcək “sitokin fırtınası” yaratdığı üçün təhlükəlidir.
Dərmanın Oksford Universitetinin tədqiqatçılarının nəzarəti altında aparılan klinik sınaqlar zamanı təxminən iki min xəstə müalicə kursu çərçivəsində “deksametazon” qəbul edib. Onların müalicələrinin nəticələri “deksametazon” təyin edilməyən başqa dörd min xəstənin müalicəsinin nəticələri ilə müqayisə edilib. Məlum olub ki, “deksametazon”la ölüm riski ASV xəstələri üçün 40 faizdən 28 faizə, EKMO xəstələri üçün 25 faizdən 20 faizə qədər azalıb.
Oksford Universitetinin tədqiqat qrupunun rəhbəri professor Piter Horbi “deksametazon”un əhəmiyyətli təsirindən danışıb:
“Bu preparat indiyə qədər sınaqları keçirilmiş preparatlar arasında ölüm riskini əhəmiyyətli dərəcədə azaltmış yeganə dərmandır. Bu, böyük irəliləyişdir”.
Aparıcı tədqiqatçılardan olan professor Martin Landri “deksametazon” preparatının köməyilə ASV-yə qoşulan səkkiz xəstədən birinin və oksigen terapiyasında olan 20-25 xəstədən birinin xilas ola biləcəyini açıqladı.
“Kurs 10 günlük müalicə üçün nəzərdə tutulub və hər xəstə üçün beş funta (10,7 AZN) başa gəlir. Bir həyatı qurtarmaq üçün orta hesabla 35 funt sterlinq (75 AZN) tələb olunur. Bu, bütün dünya üçün əlçatan dərmandır”, - deyə Martin Landri bildirib.
Alimin fikrincə, artıq indidən ağır xəstələrə “deksametazon” təyin edilməlidir.
Ekspert xəstəliyin yüngül formasının müalicəsi üçün onu tətbiq etməyin mənasının olmadığını da vurğulayıb. Martin Landrinin sözlərinə görə, “deksametazon” COVID-19-un yüngül simptomları olan xəstələrə kömək etmir. O, ancaq tənəffüs problemi olanlara lazımdır.
COVID-19-un müalicəsi üçün əvvəlcədən mövcud olan dərmanların sınaqları mart ayından etibarən aparılır.
Əsasən, malyariyaya qarşı istifadə oluna “hidroksixloroxin”in sınaqları aparılırdı. Ancaq ölüm riskini artırdığı və ürək xəstəliklərinin inkişafına səbəb ola biləcəyi qorxusu səbəbindən bu preparatın istifadəsindən imtina etmək qərarı verildi.
Sınaqları aparılan digər preparat isə COVID-19-a yoluxan xəstələrin müalicə müddətini qısaltdığı, daha sürətli sağalmaya və normal həyata qayıtmağa imkan verdiyi ehtimal edilən virus əleyhinə “remdesivir” preparatı oldu.
COVID-19-la mübarizədə effektivliyi sübut edilmiş “deksametazon” hansısa yeni və ya bahalı dərman deyil. Bu, köhnə və ucuz qlükokortikosteroiddir. Preparatın ən üstün cəhəti dünyanın hər yerində xəstələrin bu dərmandan faydalana bilmək imkanına malik olmasıdır. Buna görə də klinik sınaqların əsas nəticələri dərhal dərc edilib.
“Deksametazon” 1960-cı illərin əvvəllərindən bəri müxtəlif xəstəliklərin, o cümlədən, revmatoid artrit və bronxial astmanın müalicəsində istifadə olunur. Ağciyərlərin süni ventilyasiyası tələb olunan COVID-19 xəstələrinin təxminən yarısı sağ qalmır. Buna görə də ölüm riskinin 33 faiz azalması böyük əhəmiyyət daşıyır.
Reanimasiyada dərman venadaxili təyin edilir, daha az ağır xəstələr isə preparatı həb formasında qəbul edirlər. COVID-19-a yoluxan xəstələrin müalicəsində təsirli olduğu sübut olunmuş digər bir dərman, əvvəllər Ebola xəstəliyini müalicə etmək üçün istifadə edilən virus əleyhinə “remdesivir”dir.
“Deksametazon”dan fərqli olaraq, “remdesivir” məhdud sayda təchizatçıda olan yeni dərmandır və qiyməti hələlik açıqlanmayıb.
Hər səhər acqarına bundan içdikdə bədəndən iyrənc qurdlar tökülür