Azərbaycan İdeyası

Rövşən Əkbərovun 19 il bağlı qalan cinayət dosyesi - Bəs niyə həbs edilmir?

Tarix:16-12-2020, 12:59
Baxış Sayı:84




Ukrayna Prokurorluğunun təqdim etdiyi sensasion sübutlar...
Rövşən Əkbərovun adı yenidən gündəmdədir. Bu dəfə tutduğu vəzifədən uzaqlaşdırılması Əkbərovu mətbuatın diqqət mərkəzinə gətirib. Ümumiyyətlə isə ordu korpusu komandanı, general-leytenant Rövşən Əkbərovun personası vəzifədə olduğu dönəmdə daim gündəmdə olub.
19 ildir ki, onun adı iş adamı Elçin Əliyevin qətlində əsas fiqurant kimi keçir. Elçin Əliyev 2000-ci ilin əvvəllərində Ukraynanın paytaxtı Kiyevdə tanınmış azərbaycanlı iş adamlarından biri olub. O dövrlərdə Elçin Əliyevin biznesinin əks-sədası Bakıya qədər gəlib çatırdı. Ətrafında sonradan Azərbaycan hakimiyyətində müxtəlif postlar tutan xeyli şəxs vardı. O dövrdə onun özünün də nazir və ya bu posta bərabər vəzifəyə təyinat ala biləcəyi xəbərləri dolaşırdı. Amma 2001-ci ilin yayında Elçin Əliyevlə bağlı sarsıdıcı xəbər yayıldı, bir anda bütün mətbuatın diqqət mərkəzinə gəldi. İlk günlər bilinən o idi ki, tanınmış biznesmenin ürəyinə hərbi bıçaqla zərbə endirərək qətlə yetiriblər. Az sonra qətldə Rövşən Əkbərovun adı hallanmağa başladı. Sonradan isə Rövşən Əkbərovun Bakıda olması və vəzifə təyinatı alması xəbəri gəldi.
Ötən illər ərzində Elçin Əliyevin anası Səmayə Əliyeva oğlunun qətlinin açılması üçün çabalar göstərib, mətbuat konfransları keçirib, Avropa Məhkəməsinə müraciət edib. Səmayə Əliyeva oğlunun dəhşətli qətlində israrla Rövşən Əkbərovun adını çəkib, onu ittiham edib. Rövşən Əkbərovun vəzifədə olması bu ittihamların obyektiv araşdırılmasına mane olub.
Hazırda Rövşən Əkbərov vəzifədə deyil və bu cinayətin üstünün açılması ehtimalı var. Səmayə Əliyevanın vaxtilə redaksiyamıza ünvanladığı məktubda qətllə bağlı ciddi faktlar, iddialar yer alır.
"Telefon zəngi vaxtı cinayətin Rövşən Əkbərov tərəfindən törədilməsini bildirməsi...”
Elçin Əliyevin anası Səmayə Əliyevanın redaksiyamıza ünvanladığı məktubun davamını təqdim edirik:
"Birinci instansiya məhkəməsinin qərarının məzmunundan göründüyü kimi, cinayət təqibi orqanı nəinki yerinə yetirdiyi (və habelə yetirməli olduğu) hərəkətlər barədə bizi məlumatlandırmayıb, bu orqan hətta hüquqlarımızın həyata keçirilməsi və qanuni mənafeyimizlə bağlı qəbul edilən prosessual surətlərini belə təqdim etməyib. Buna baxmayaraq, cinayət işinin istintaqı hələ Ukrayna Respublikasında aparılarkən qəsdən adam öldürmə cinayətinin məhz Rövşən Əkbərov tərəfindən törədilməsinə dair aşağıdakı sübutların mövcudluğu barədə məlumatlı idik: 2 iyun 2001-ci ildə cənab Nazim İbrahimovun, Musaxan Əliyevin və Səməd Novruzovun (bu şəxslərin hər ikisi Ukraynada yaşayır və hadisə barədə tam məlumatlıdırlar) onlara etdiyi telefon zəngi vaxtı cinayətin Rövşən Əkbərov tərəfindən törədilməsini bildirməsinə;
Hadisəni görən Məzahir Şıxəliyevin Rövşən Əkbərovu fotoşəkil üzrə tanımasına və bu barədə Kiyev şəhərinin Şevçenko rayon müstəntiqinə verdiyi ifadəsinə;
Hadisəni görən Məzahir Şıxəliyevin həyatı üçün təhlükə yaranmasına görə qaçıb-gizlənməsinə və hazırda da bu səbəbdən Azərbaycana qayıtmaqdan çəkinməsinə;
Məzahir Şıxəliyevin hadisə vaxtı Əkbərov tərəfindən döyülərək sağlamlığının qısa müddət pozulmasına dair xəsarət alması barədə səlahiyyətli məhkəmə-tibb ekspertinin 3 saylı 6 iyun 2001-ci il tarixli rəyinə;
Oğlumuzun ölümünə səbəb olan kəsici-deşici alətlə yetirilmiş zədələrin süngü bıçaqla yetirilməsinə (bu bıçağı yalnız general Rövşən Əkbərov daimi üstündə gəzdirir) dair səlahiyyətli məhkəmə-tibb ekspertinin rəyinə;
Azərbaycan Respublikasının Ukraynadakı səfirliyinin əməkdaşı kimi R.Əkbərova diplomatik toxunulmazlıq hüququna malik olmasına dair saxta sənəd verilməsinə;
Səlahiyyətli istintaq orqanlarının çağırışına baxmayaraq R.Əkbərovun Ukrayna hüdudlarını elə həmin gün tərk etməsinə şərait yaradılmasına;
Ukrayna Respublikasından daxil olan həmin cinayət işinin istintaq aidiyyətı üzrə hərbi prokurorluğa verilməsinə (bu prokurorluğun məhz hərbiçilər tərəfindən törədilən cinayətlərin istintaqı ilə məşğul olması mübahisələndirilməyən haldır);
İşin digər hallarına.
Bunlardan başqa, hakimin qərarı ilə tanışlıq belə təəssürat yaradır ki, işdə həqiqətən də cinayətin Rövşən Əkbərov tərəfindən törədilməsinə dəlalət edən kifayət qədər mötəbər sübutlar mövcuddur, çatışmayan yeganə hal Maqsudovun daxili inamıdır. Halbuki bu vəziyyətdə cənab Maqsudovun daxili inamının süburlarla ziddiyyət təşkil etməsinin səbəbləri göstərilməli idi".
"Bütün sübutlar ola-ola nəyə görə Rövşən Əkbərov həbs edilmir?”
Səmayə Əliyeva qeyd edir ki, Rövşən Əkbərov övladını döyüş bölgəsində deyil, Kiyevin mərkəzində, restoranın qarşısında qətlə yetirib:
- Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı Rövşən Əkbərov oğlum Elçin Əliyevi dövlətə silahlı basqın və digər hallarla əlaqədar olaraq müharibə şəraitində deyil, məzuniyyətdə olub vaxt keçirdiyi Kiyev şəhərində restoranın qarşısında qətlə yetirib. Onun hazırkı vaxtadək cinayət məsuliyyətinə cəlb edilməməsi Azərbaycan Silahlı Qüvvələrindəki iyerarxiya üzrə yüksək post tutması ilə əlaqədar idi. Ancaq buna görə cinayət təqibi orqanı Rövşən Əkbərova konstitusiya və beynəlxalq müqavilələrlə nəzərdə tutulmayan toxunulmazlıq statusu verirdi. Bu iş üzrə ibtidai araşdırma aparan müstəntiq Rövşən Maqsudov və həmçinin prosessual nəzarəti həyata keçirən prokurorlar nəinki Azərbaycan Silahlı Qüvvələrinin general-leytenantı Rövşən Əkbərova, hətta onun leytenantı olan hər hansı şəxsə belə münasibətdə müstəqil deyildilər. Cinayət işinin istintaqının uzun müddət aparılması (bunun hüquqi yardım göstərilməsi ilə əlaqədar bəhanələrlə əsaslandırılması), sübutların mövcudluğu vəziyyətində Əkbərovun məsuliyyətə cəlb olunmaması, cinayət təqibi orqanının və ona rəhbərlik edən şəxslərin astagəl davranışı müstəqilliyin deyil, asılılığın göstəricisidir.
Yeganə oğlunu itirən valideynlər kimi hesab edirik ki, şəxs yalnız poqona görə general olmur (və ya olmamalıdır). Şəxs həm də düşüncəsinə, hərəkətlərinə, davranışına və əxlaqına görə general olmalıdır. Hörmətli məhkəmə isə cinayəti törədən şəxsin general, zərərçəkənin isə mülki şəxs (və ya əksinə) olmasını əsas götürməlidir.
Bütün sübutlar ola-ola nəyə görə Rövşən Əkbərov həbs edilmir?
"Güya ki, istintaq gedir. 19 il istintaq gedər?”
Hüquq-mühafizə orqanları Rövşən Əkbərovun qorxusundan Prezidentə düzgün məlumat vermirlər və həmin məlumatların yerinə, ona və cinayətdə əli olan insanlara sərf edən informasiyalar ötürürlər. Guya istintaq gedir. 19 il istintaq gedər? Ukrayna Baş Prokurorluğunun verdiyi məlumat doğru və dürüst məlumatdır. Axı Ukrayna Baş Prokurorluğunun qərarı niyə icra olunmur? Ukraynanın Baş Prokurorluğundan bizim ünvanımıza göndərilən məlumata Ukrayna Respublikası cavabdehdir. Nəzərə alınmalıdır ki, Ukraynada istintaq aparılarkən qətl hadisəsinin məhz Rövşən Əkbərov tərəfindən törədildiyi birmənalı şəkildə təsdiq olunub. Ukrayna tərəfi cinayət işini Rövşən Əkbərovun təqsiri sübuta yetirildiyinə görə onun məsuliyyətə cəlb edilməsi üçün cavabdeh dövlətə göndərib. Azərbaycanda aparılan istintaq isə dindirilmiş şahidlərin ifadələrindəki əhəmiyyətsiz uyğunsuzluqları qabartmaqla Rövşən Əkbərovun məsuliyyətdən kənarda qalması üçün süni əsaslar yaradılmasına xidmət edir. Hətta Rövşən Əkbərov işin mahiyyəti üzrə dindirilməyib. Onun dindirilməsi formal xarakter daşıyıb. Bizim Rövşən Əkbərovun Ukraynadan təlimləri başa vurmadan tələm-tələsik geri qayıtması barədə müraciətlərimizə baxılmayıb".

"Yeni Müsavat”

OXŞAR XƏBƏRLƏR
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."