Azərbaycan İdeyası

ENDOKRİNOLOJİ XƏSTƏLƏRƏ BÜROKRATİK ƏZİYYƏT VERİLİR

Tarix:18-03-2021, 14:29
Baxış Sayı:55

ENDOKRİNOLOJİ XƏSTƏLƏRƏ  BÜROKRATİK ƏZİYYƏT VERİLİR
ENDOKRİNOLOJİ XƏSTƏLƏRƏ  BÜROKRATİK ƏZİYYƏT VERİLİR

Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsinin bir qrup sakini Səhiyyə Nazirliyinə ünvanladıqları ərizənin bir nüsxəsini də “Korrupsiya və Qanun” ictimai-siyasi hüquq qəzeti redaksiyasına göndərərək açıq müraciət formasında ictimailəşdirilməsini xahiş etmişlər. Həmin 10 nəfər qəsəbə sakinini – Cavd Əliquliyevi, Kamal Ədilovu, Ağasəlim Kərimovu, Tahirə Gülüşovanı, Əlpaşa Əlbabayevi, Fərhad Cəfərovu, Dadaş Əliyevi, Əli Əliyevi, Əli Əliyevi, Mahirə Babayevanı və Əhəd İsgəndərovu bir araya gətirən səbəb onların dərd ortaqlıqlarıdır. Şəkərli diabet xəstəliyindən əziyyət çəkən bu şəxslər həm də qarşılaşdıqları bürokratik əngəllərdən, dövlət hesabına pulsuz müayinədən keçmə və dövlətin onlara ayırdığı pulsuz dərmanların çatdırılma mexanizminin qeyri-qənaətbəxş olmasından gileylənirlər:
“Biz aşağıda imza edənlər Səhiyyə Nazirliyindən xahiş edirik ki, bizə köməklik göstərilsin. Biz şəkər xəstələriyik, Qobustan qəsəbəsinə gedib dərman üçün resept yazdırırıq, sonra isə Ələt qəsəbəsindən dərmanları alırıq. Bu, xəstə və ahıl yaşlı adamlar üçün çox çətinlik yaradır. Şəkər həkiminin xəstəsi çox olduğu üçün həftənin tək günləri Qobustan və Səngəçal qəsəbəsindən gələnləri qəbul edir, cüt günlərdə isə Ələt qəsəbəsi sakinlərini qəbul edir. Xahiş edirik, şəkər həkimi cüt günlər Ələt qəsəbəsindəki poliklinikada otursun, Ələt sakini olan xəstə vətəndaşlar üçün resepti Ələt qəsəbəsində yazsın.
Həmçinin, şəkər xəstələrinə verilən şpris sayını artırmağınızı xahiş edirik. İnsulin dərmanlarının bir flakonu 10 qramdır. Xəstəyə isə təyinat 03 ml-qram, axşam 02 ml-qramdır. Bu da iyirmi günə çatır, ona görə də xəstə məcburiyyət qarşısında qalıb öz hesabına apteklərdən dərman alır.
Ümidvarıq ki, bizə köməklik göstərəcəksiniz”.
Xatırladaq ki, endiokrinoloji xəstəliyi olan Ələt qəsəbəsi sakinləri əvvəllər də bu problemlə bağlı məsələ qaldırmış, qəzetimizdə gündəmə gətirərək, aidiyyəti orqanlara üz tutmuşlar. Onlara Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi”nin Bakı şəhər Baş Səhiyyə İdarəsindən cavab verilmişdir. 23 fevral 2021-ci il tarixli həmin cavab məktubunda bildirilir: “32 nömrəli şəhər poliklinikasının (Ələt qəsəbəsində yerləşir – red.) ştat cədvəlində normativlərə uyğun olaraq, həkim – endokrinoloq ştatı nəzərdə tutulmamışdır. Bu səbəbdən həmin qəsəbənin endokrinoloji xəstələrinə müvafiq tibbi xidmətin təşkil edilməsi 17 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkim – endokrinoloquna həvalə edilmiş və xəstələr poliklinika şöbəsində qəbul edilirlər. Eyni zamanda nəzərinizə çatdırırıq ki, “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə göstərilən illik tibbi yardımın həcmi, inyeksiya vasitələrinin, insulin və digər şəkərsalıcı dərman preparatlarının siyahısı və miqdarı” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05. 2005-ci il tarixli 87 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıya əsasən tənzimlənir”.
Bu cavab təbii ki, xəstələri qane etmir, çünki məktubda göstərilənlər onların bildiklərindən başqa bir şey deyildir. Onların istədikləri aydındır – Ştat cədvəlində həkim – endokrinoloq ştatı indiyədək nəzərdə tutulmayıbsa, indidən sonra nəzərdə tutulsun; şatın artırılması normativlərə uyğun gəlmirsə, qoy normativ dəyişdirilsin.
Əslində heç ştatın artırılması da lazım deyil, 32 saylı poliklinikada bircə endokrinoloq kabineti yaratmaq və təchiz etmnək lazımdır. Bir sağlam həkimin həftənin üç günü qonşu qəsəbəyə səfərini lazım gəlsə, onun maaşına 60 qəpik tutan nəqliyyat xərcinin kompensasiyasını əlavə etməklə tənzimləmək asandır və savabdır, onlarla xəstəni giriftar qoymaqdansa. Bir də ki, hər gün evdən çıxıb paytaxtın bir başından o biri başına işə gedən o qədər həkimlər var ki!
Bu problemlə əlaqədar qəzetimiz vasitəsilə artıq bir dəfə Səhiyyə Nazirliyinə müraciət olunub, lakin Nazirlikdən hələ ki redaksiyaya cavab verilməyib. Qəzetimizin əməkdaşları vətənddaşların problemləri ilə daha yaxından tanış olmaq məqsədilə onların necə növbə gözlədiklərini qeydə almış, xəstə insanların yağışın, qarın altında saatlarla durduqlarının, stress keçirdiklərinin şahidi olmuşlar.
Xəstə insanlar belə qənaətdədirlər ki, bu məsələlər TƏBİB-in deyil, Səhiyyə Nazirliyinin nəzarətində olsa, yəqin ki, müsbət həllini tapar. Ən azından onlara başdan – ayağa hər kəlməsindən laqeydlik duyulan o cür quru, formal cavab verilməzdi.
Yolun uzaqlığından, növbə gözləməkdən təngə gəlmiş xəstə insanlar bizimlə söhbətlərində 32 saylı şəhər poliklinikasının baş həkimindən də gileyləniblər. Onlar hesab edirlər ki, poliklinikada endokrinoloq işləmək istəyən həkimlər az deyil. Lakin həmin həkimlər baş həkimin qeyri-məqbul qanunsuz tələblərinə razı olmadıqları üçün o da əlavə ştat götürməkdə maraqlı deyil. Təmasda olduğumuz pasientlər həmçinin bildiriblər ki, poliklinikanın uzun müddətdir baş həkimi vəzifəsini daşıyan Əlisəfa doktor ixtisasca nevropatoloqdur. Amma bu sahə üzrə ona müraciət edən xəstələrə nevropatologiyadan başı çıxmadığını, yalnız idarəetmə işində maraqlı olduğunu etiraf edir. Haqlı olraq sual verirlər: “Belə həkim kimə lazımdır? Belələrinin işləməsinə ehtiyac varmı?”
Onu da nəzərə almaq lazımdır ki, pandemiya ilə əlaqədar tətbiq olunan məhdudiyyətlərə görə istirahət və bayram günlərində ictimai nəqliyyat işləmir. Deməli, piyada qət edilməsi mümkün olmayan məsafəni gedib-gələn xəstələr həmin günlərdə taksiyə əlavə pul xərcləməlidirlər.
“Korrupsiya və Qanun”

OXŞAR XƏBƏRLƏR
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür