Azərbaycan İdeyası

“Pulu yeyən başqaları, oyuna atılanlar vergiyə borclu çıxırlar” - Ləğv olunan “Muğanbank” çirkli pulların yuyulduğu ünvan olub

Tarix:7-11-2023, 19:06
Baxış Sayı:6

Bildiyimiz kimi, bir ay əvvəl Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "Muğan Bank" ASC-nin lisenziyası ləğv edilib. Məlumata görə, buna səbəb Bankın məcmu kapitalının minimum tələbdən (50 milyon manat) az, onun adekvatlıq əmsalının isə 3 %-dən az olması, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirməməsi, habelə daxili idarəetmə və nəzarət prosedurlarının adekvat olmamasıdır. Odur ki, “Banklar haqqında” qanunun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən “Muğan Bank”ın lisenziyası ləğv olunub, Banka müvəqqəti inzibatçı təyin edilib və kredit təşkilatının müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub. “Muğan Bank”ın idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya keçib.
“Muğan Bank”ın ölkənin bank sisteminin aktivlərində xüsusi çəkisi 1,4 %, kredit portfelində 2 %, sektorun öhdəliklərində isə 1,3 % təşkil edir. Onun lisenziyasının ləğvi bank sektorunun maliyyə dayanıqlığına və maliyyə sabitliyinə heç bir təhdid yaratmır. “Muğan Bank” Əmanətlərin Sığortalanması Fondunun üzvüdür və əhalinin bu bankda sığortalanmış əmanətləri üzrə kompensasiyaları Fond qanunvericiliyə müvafiq qaydada ödəyəcək. Bankın digər öhdəliklərini isə məhkəmənin təyin edəcəyi ləğvedici qanunvericiliyə müvafiq qaydada tənzimləyəcək. Bankın Fonda təqdim etdiyi hesabatlara əsasən, bu il oktyabrın 1-nə buradakı sığortalanmış (kompensasiya olunan) əmanətlər 216,7 milyon manatdır və əmanətçilərin say etibarı ilə 99,9 %-i kompensasiya alacaq.
Lakin dolaşan söhbətlərə görə, “Muğanbank”ın bağlanmasına əsas səbəb bankda həyata keçirilən maxinasiyalardır və onların araşdırılmasının nəticəsi özünü çox gözlətmədən açıqlanacaq. Çünki bankdan indiyədək edilən şikayətlər də yetərincədir.
Zərdab şəhəri, Azərbaycan küçəsi, ev – 1, mənzil – 12 ünvanda yaşayan Əkbərov Əli Əlif oğlu "Korrupsiya və Qanun" qəzeti redaksiyasına yazılı müraciət edərək bildirir ki, 2021-ci ilin sonuna yaxın Füzuli rayon sakini, hazırda Ağcabədi rayonunun Qaradolağ kəndində yaşayan Ramiz adlı şəxslə tanış olub. Ramiz görüş zamanı ona böyük şirkətlərlə əlaqəsi olduğunu bildirərək əməkdaşlıq təklif edib. Deyib ki, adına üç müəssisə açılsa, hesabına pullar gələcək, o pulları çıxarıb tikinti materialları alacaq, həmin böyük şirkətləri təmin edəcəklər.
Əli Əkbərov Ramizin bu cazibədar təklifi ilə razılaşıb və Ramizlə birgə “ASAN” Xidmətin Ağcabədi rayonundakı filialına gedib öz adına üç müəssisə təsis edib.
“2021-ci ilin dekabr ayının 28-də Ramiz mənə dedi ki, Bakıdakı Səməd Vurğun heykəlinin yanında səni Ehtiram adlı şəxs gözləyir, onunla işgüzar görüşməlisən. - ərizə müəllifi yazır: - Ehtiramla görüşdüyümüzdə o, məni metronun “28 may” stansiyası həndəvərindəki “Muğanbank”ın Qərb filialına apardı və mənə müəssisələr üçün bank hesabları açdırdı. Elə həmin gün bankdan çıxan kimi Ehtiramla birgə Ramizin yanına gəldik. Ramiz mənə xəbərdarlıq elədi ki, ola bilsin sabah sənin müəssisələrinin hesabına pul otursun, lazım ola bilərsən”.
Əli daha sonra yazır ki, ertəsi gün Zərdaba qayıdıb. Amma çox keçmədən Ramiz ona zəng edib təcili Bakıya çağırıb. Deyib ki, müəssisələrin hərəsinin hesabına 15000 (on beş min) olmaqla, ümumilikdə 45000 (qırx beş min) pul vəsaiti daxil olub, gəlib onu çıxarsın. Əli təcili paytaxta qayıtmalı olub və axşamüstü bank filialına yetişib. Çatanda bankın iş günü qurtarıbmış, amma bank işçiləri onun gəlib çıxmasını gözləyirmişlər. Ramiz bayırda gözləyib, Əli ilə Ehtiram banka giriblər. Pulu çıxarandan sonra çıxışda mühafizəçi Əlini saxlayıb, bankı tərk etməyə icazə verməyib. Əli ilə mühafizəçi arasında sözlü mübahisə yaranıb. Bu zaman filial müdirinin müavini Hacı və bankın iki işçisi də mühafizəçinin köməyinə gəlib. Hacı deyib ki, “o pulları apara bilməzsən, onların yiyəsi var”. Sonra da Vüqar adlı şəxsin adını çəkib: “Bu pullar sənindi, gəl, apar”.
“Hacı kənara çəkildi, Vüqar deyilən şəxs qapının ağzını kəsib dedi ki, məni öldürsən, o pulları apara bilərsən. Mən o anda başa düşdüm ki, oyuna düşmüşəm. Ehtiram da mənə dedi ki, pullar onlara çatmalıdı. Xülasə, Hacının otağında o və Vüqar 45000 manatı əlimdən aldılar və məni çölə çıxardılar. Bayırda məni Ramiz və tanımadığım daha iki nəfər gözləyirdilər. Pulun aqibətini biləndən sonra çox narahat oldular və belə bir söz işlətdilər ki, “Beyləqandakı o şəxsə nə cavab verək?” Beləliklə, mən Zərdaba geri qayıtdım... – Əli Əkbərov yazır ki, 2023-cü ilin oktyabr ayında Vergi Xidmətindən ona xəbərdarlıq məktubu gəlib ki, 3000 (üç min) manat cərimələnib: - Pulu yeyənlər kənarda qalıb, oyuna atılan, günahsızlar cərimələrlə yüklənir, türmələrdə çürüyürlər. Hanı ədalət?”
Bankdan çıxandan sonra DİN-nin “102” xidmətinə müraciət edəndən sonra onu Səbail RPİ-nin 39-cu PB-nə dəvət edilib. Daha iki gün sonra polisin dəvəti ilə basnk filialına çəkilişə gedib. İşi aparan polis təhqiqatçısı onun iştirakı olmadan Hacının kabinetinə daxil olub, danışıq aparıb. Kabinetdən çıxandan sonra deyib ki, bank filialındakı kamera görüntüləri çıxarılmalıdır. Lakin sonradan Hacı onlara deyib ki, kameraların qeydə aldığı görüntülər silinib.
Şikayətçi redaksiyadan problemin KİV-də ictimailəşdirilməsini xahiş etmişdir.
***
Adına şirkət açılan şəxslər adətən belə hallarla üzləşdiklərini Dövlət Vergi Xidmətinin şəxsin ünvanına yaranmış borcla bağlı bildiriş göndərdiyi zaman, ölkədən çıxışa məhdudiyyət qoyulması ilə bağlı məhkəmədən bildiriş gələrkən və ya icra məmurunun borcla bağlı zəng etməsi nəticəsində bilirlər.
Ötən il fevralın 15-də Azərbaycan Respublikası Baş Prokurorluğu Astara rayonu Toradi kənd sakini, işsiz Zaur Məhərrəm oğlu Sovqatovun ölüm faktı ilə bağlı cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlandığı barədə xəbər yaydı. Bir gün əvvəl o ağacda asılmış vəziyyətdə tapılmışdı. Məlumatlara görə, Zaur Sovqatov rəsmi təsisçisi və direktoru olduğu və eyni gündə açılmış 5 şirkətin dövlət büdcəsinə vergi borcu olduğuna görə vergi orqanlarına çağırılıbmış. O, intihardan bir neçə gün əvvəl Xəzər TV-yə verdiyi müsahibədə “özünün” şirkətlərinin yaradılmasında və idarə olunmasında əlaqəsi olan bir neçə şəxsin adını çəkmişdi.
Deməli, bu işlə məşğul olan şəxslər əsasən aztəminatlı şəxsləri müxtəlif yollarla tapırlar və onlara xırda məbləğlər vəd edərək bu işə cəlb edirlər.
Proses belə baş verir: şəxs özü Asan Xidmət Mərkəzlərinə gətirilərək adına "Asan İmza" nömrəsi və vergidən şəxsi sertifikat alınır. Həmin zaman onları müşayiət eliyən şəxslər təyin olunur. Sonra da bu sənədləri şəxsdən əldə edib onun adından sistemə daxil olunur. Şirkət qeydiyyatı aparıldıqdan sonra möhür sifariş olunur və biznes sertifikatı,bank, gömrük və digər əməliyyatların aparılması məqsədilə şəxsi notariusa aparıb şirkətin adından başqa birinə etibarnamə verməsi tələb olunur. Çox vaxt həmin etibarnamə verilən şəxs də formal olur və müəyyən məbləğ qarşılığında xidmət edir. Təqdim edilən həmin notarial etibarnamə ilə sonrakı bütün prosesləri, hətta bank hesabının açılması, pulun çıxarılması, gömrük rəsmiləşdirilməsi və digər qurumlardakı ayrı-ayrı əməliyyatları aparmaq mümkün olur.
Əvvəllər şəxsiyyət vəsiqəsi ilə şəxsi direktor təyin etmək olurdu, lakin indi bu da mümkün deyil. Çünki ərizədə həmin şəxsin özünün, yaxud xüsusi olaraq özünü direktor təyin etmək səlahiyyətinin göstərildiyi etibarnamə verdiyi şəxsin imzası olmalıdır. Yaxud müəssisə "Asan İmza" ilə onlayn şəkildə açılan zaman təsisçi olan şəxs həm də formal direktor olur.
Şirkətin adından əldə olunan notarial etibarnamə ilə bütün səlahiyyətlər, o cümlədən bank və gömrük əməliyyatlarının aparılması, təmsilçilik məsələləri ilə bağlı səlahiyyətləri – bu şəxslərə verilir. «ASAN imza» nömrəsi də artıq həmin şəxslərdə olduğu üçün onlar şirkətlə bağlı bütün əməliyyatları apara bilirlər.
Həmin formal şirkət sahibləri işin real sahiblərini çox vaxt tanımırlar. Çünki arada bir neçə şəxs olur və işləri onlar aparırlar. Adına şirkət yaradılan şəxslə bu adamların münasibətləri fərqli ola bilər – ona aylıq ödəniş edir və ya birdəfəlik müəyyən qədər pul verirlər. Bu o hallarda olur ki, həmin şəxslər adlarına şirkət açıldığını bilsələr də, aparılan qanunsuz əməliyyatlardan və gələcəkdə onları hansı problemlərin gözlədiyindən tamamilə məlumatsızdırlar. Bu münasibətlər o vaxta qədər davam edir ki, günlərin birində bu adamların evinə Kommersiya Məhkəmələrinin birindən vergi borcunun olması (çox vaxt iri məbləğdə) və ölkədən çıxışına məhdudiyyət qoyulması məsələsinə baxılması barədə bildiriş gəlir.

“Korrupsiya və Qanun” [xfgiven_embed] [/xfgiven_embed] [xfgiven_youtube][/xfgiven_youtube]

OXŞAR XƏBƏRLƏR
Şuşada 33 il sonra ilk zəng çalınıb+VIDEO
Şuşada 33 il sonra ilk zəng çalınıb+VIDEO
TƏBRİK EDİRİK!+FOTO!
TƏBRİK EDİRİK!+FOTO!
Azərbaycanda DƏHŞƏT: İki yaşlı uşaq masaj edilərkən öldü
Azərbaycanda DƏHŞƏT: İki yaşlı uşaq masaj edilərkən öldü
TƏBRİK EDİRİK!+FOTO
TƏBRİK EDİRİK!+FOTO
Təbrik edirik!+ FOTO!
Təbrik edirik!+ FOTO!
"Aman ayrılıq"
"Aman ayrılıq"
MƏMMƏD AĞALAR OĞLU ƏLİYEVİN TƏRCÜMEYİ-HALI
MƏMMƏD AĞALAR OĞLU ƏLİYEVİN TƏRCÜMEYİ-HALI
Balaca fidanların Məxmər müəllimi
Balaca fidanların Məxmər müəllimi