İnsanların böyük bir qismi yuxuda xoruldayır. Yaşından, cinsindən asılı olmayaraq bu problemlə çoxları üzləşir.
Qulaq, burun, boğaz, baş və boyun cərrahı, uzman həkim Elnur Əkbərovun xorultu, onun səbəbləri barədə məqaləsini təqdim edir:
Rəsmi statistikaya görə, yer üzündə hər 3 adamdan biri xoruldayır. Yaşlı insanların 60, gənclərin 15 və uşaqların isə 5 faizi xoruldayır. Böyüklərin haradasa 25 faizi daim xoruldayır, qalanları isə vaxtaşırı.
Nə qədər kiçik görünsə də, əslində xorultu qohumlar, qonşular, ailə üzvləri üçün olduqca xoşagəlməz bir haldır. Xorultu adətən gecələr, yuxuda baş verir deyə ətrafdakı insanlar üçün diskomfort yaradır.
Xoruldamağın əsas səbəbləri:
1. Burunla nəfəsalmada çətinlik var
Burunla nəfəsalmada yaranan problemlər xorultuya səbəb ola bilir. Hər 4 xoruldayan insandan birində burunla nəfəsalmada çətinlik var. Allergik rinit, adenoidit, tonzillit, burun çəpərinin əyriliyi, burun polipları kimi xəstəliklər xorultunu yaradan səbəblər sırasındadır.
LOR-a müraciət etmək lazımdır. Əgər xroniki burun tutulması varsa, otorinolarinqoloqa müraciət etmək lazımdır.
2. Badamcıqların iltihabı
Badamcıqların iltihabı və ya damaq badamcıqlarının böyüməsi, xüsusilə də uşaqlarda xorultuya gətirən faktorlardandır.
Badamcıqların durumunu yoxlamaq lazımdır. Əgər uşaq sistematik xoruldayırsa, deməli mütləq LOR-a müraciət etmək və badamcıqların durumunu yoxlamaq lazımdır.
3. Arxası üstdə yatmaq
Arxası üstdə yatmaq hətta tam sağlam insanlarda belə xorultuya səbəb ola bilər.
Nə məsləhət görmək olar? Sadəcə, arxası üstdə yatmamaq. Rahat döşək və yastıq seçib gecə köynəyinin arxasında bir cib tikmək olar, yatanda ora bir tennis topu yerləşdirmək olar. Bu halda kürəyi üstdə yatmağa çalışan insan bunu sadəcə edə bilməyəcək.
4. Dərman qəbulu
Bəzi dərmanların qəbulu hərdən gözlənilməz əks-təsir doğurur. Elə xorultu da bu sırada olan effektlərdən biridir. Yuxu dərmanları, sedativ preparatlar, antidepresantlar xorultu törədə bilir. Dərman qəbulunu dayandırın.
5. Artıq çəki
Artıq çəki xorultuya gətirən faktorlardan biridir. Hətta artıq çəki xorultunu 8-12 dəfə artırır. Qırtlağın ətrafinda piy toxumalarının artması nəticəsində havanın ötürülməsində məsafəsi daralır. Nəfəsalmada əzələlər boşalır, nəfəs yollarının divarları bir-birinə yaxınlaşır. Divarlar hərəkətə gəlir və xorultuya bənzər səs yaranır. Belə olan halda çəkini normada saxlamaq və imkan daxilində arıqlamaq lazımdır. Kök insanlarda hətta yuxuda nəfəsin dayanması da baş verir.
Artıq çəkidən əzab çəkən insanlar aktiv həyat tərzi keçirməli, qida rasionuna diqqət yetirməlidirlər.
6. Hipotireoz
Qalxanvari vəzinin funksiyasının pozulması köklük və ətrafların şişkinliyi ilə nəticələnir. Bu da nəticədə xorultuya səbəb olur. Hipotireoz adlanan xəstəlik zəiflik, üşütmə, soyuq əllər, saçların tökülməsi və dırnaqların kövrəkliyi ilə xarakterizə olunur.
Bu halda endokrinoloqa müraciət etmək tələb olunur.
7. Alkoqol və siqaret
Alkoqol qəbulu və siqaretin çəkilməsi xorultuya səbəb olan faktorların sırasında çox mühüm yerdə qərarlaşıb. Bu tip ziyanlı vərdişlər birmənalı boğaz əzələlərinin boşalmasına zəmin yaradır, nəticədə yuxuda xorultu yarınır.
Alkoqol və siqaretdən imtina tez bir zamanda xorultudan yaxa qurtarmağa imkan verir.
8. “Adenoid tip sifət”
“Adenoid tip sifət” quruluşu olan hər hansı bir insanı gördükdə “bu adamın xoruldamağı var hər halda” deyə bilərik. “Adenoid tipli sifət” özü pozulmuş burun tənəffüsünün nəticəsidir. Burun tənəffüsü o qədər pozulur ki, xoruldama əmələ gəlir, nəticədə ağızda boşluğunda mənfi təzyiq yaranır, mənfi təzyiq hesabina üst çənənin qövsü pozulur, bunu hesabına “adenoid tip sifət” əmələ gəlir. Aşağı çənənin kiçik olması və arxaya yerinin dəyişməsi, uzunsov sifət, böyük “quş dimdiyinə bənzər” burun bu tip quruluşa dəlalət edir. Belə anomaliyalar uşaqlıqda, burunla nəfəsalmanın uzun müddət çətinləşdiyi dövrdə yaranır və ömür boyu insanı müşayiət edir.
Belə halda cərrahi müdaxilə qaçılmazdır.
Xorultu infarkt və insultun yaranma ehtimalını yüksəldir
Yuxuda xoruldayan insanların çoxu bu haqda məlumatı ətrafdakılardan alır. Kimsə özünün xoruldadığını dəqiq bilməz. Bəzən əmin olmaq üçün ailə üzvlərindən səsi yazmağı xahiş etmək olar. Əlbəttə çoxları belə simptomlarla uzun müddət yaşayır və heç bir diskomfort hiss etmir. Amma nəzərə alınmalıdır ki, xoruldama nəticəsində qan dövranı pozulmaları əmələ gəlir, bu da infarkt və insultun yaranma ehtimalını yüksəldir. Bu problemə kifayət qədər ciddi yanaşmaq lazımdır.
Xorultunu müalicə etmək əksər hallarda mümkündür.
[xfgiven_embed] [/xfgiven_embed]
[xfgiven_youtube][/xfgiven_youtube]