
Oktyabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Şuşa” zalında AMEA A.A.Bakıxanov adına Tarix-Etnoqrafiya İnstitutunun elmi işçisi, Bakı Dövlət Universitetinin müəllimi Nazim Tapdıqoğlunun iri həcmli “Tovuz Ensiklopediyası” kitabının təqdimatı keçirildi.
Kitabda rayonun bütün 103 yaşayış məntəqəsi haqqında ətraflı məlumatlar verilmiş, coğrafi adlar tarixilik və linqvistik baxımından izahlı təhlil edilmişdir. Milli və mənəvi sərvətimiz olan Tovuz topnimlərinin necə əmələ gəlməsi, hansı kökə bağlılığı, sirli mənaları peşəkarcasına araşdırılmışdır. Hər bir Azərbaycan türkünün ağır dərd yükü olan üzücü Qarabağ müharibələrində şərəfli döyüş yolu keçib erməni işğalçı qüvvələrinə qarşı cəbhələrdə qərəmanlıq göstərərək həlak olan bütün Tovuz şəhidləri haqqında kitabda geniş, ətraflı, əhatəli məlumatlar verilmişdir.
Gözlənildiyi kimi, tədbirdə iştirak edənlər sırasında Tovuz əsilli ziyalılar, ictimaiyyət nümayəndələri, müəllifin həmkarları xüsusi çoxluq təşkil edirdilər. Çıxış edənlər – AMEA Coğrafiya İnstitutunun böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru, topnumşünas-alim, Bakı Dövlət Universitetinin müəllimi Natiq Qubadoğlu (Babayev), professor Cümşüd Nuriyev, peşəkar həkim, tibb üzrə fəlsəfə doktoru, şəhid və qazi ailələrinə təmənnasız xidmət göstərən Aynur Pənahova, tarixçi, tədqiqatçı, publisist, dəyərli romanlar müəllifi Vaqif Rüstəmov, Əməkdar jurnalist Şəmsiyyə Kərimova,Vətən müharibəsi Şəhidi Ceyhun Abbasovun atası Namiq Abbasov, Azərbaycan fəlsəfəçisi, sosioloq, pedaqoq. Mail Yaqub, şair Mikayıl Bozal və başqaları müəllifə respublikamızın qədim və zəngin tarixə malik olan, əsrarəngiz gözəlliklər diyarı hesab edilən Tovuz rayonu haqqında belə bir fundamental kitab ərsəyə gətirdiyinə görə təşəkkürlərini bildirdilər. Tovuzluların işlətdikləri elat sözlərinin, müdrik kəlamların, alqışların, qarğışların, andların, sınamaların, ovsunların, cırnatmaların, dolamaların kitabda yer almasını diqqətçəkən məqamlar kimi qeyd etdilər. Bildirildi ki, geniş oxucu auditoriyasına ünvanlanmış bu dəyərli kitab araşdırmaçılar, tədqiqatçılar, alimlər, tələbələr üçün qiymətli mənbə kimi xidmət edəcək. Cənnətməkan Tovuz rayonu, onun təbiəti, şərəfli insanları, şəhidləri, müqəddəs yurd yerləri, ocaqları, ziyarətgahları, mədəniyyət abidələri, toponimləri haqqında belə bir gözəl, oxunaqlı kitab hazırlayan Nazim müəllimə gələcək həyat və fəaliyyətində uğurlar arzuladılar.
Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, ədəbiyyatşünas, folklorşünas, yazıçı, dilçi, tərcüməçi, publisist Qəzənfər Paşayev və Əməkdar elm xadimi, folklorşünas alim, filologiya elmləri doktoru, professor, Azərbaycan Aşıqlar Birliyinin sədri, “Tovuz Xeyriyyə Cəmiyyəti” Ağsaqqallar Şurasının üzvü, “Şöhrət” ordenli ziyalı Məhərrəm Qasımlı müəllifin zəhmətinin ölçüyəgəlməz olduğunu vurğulamaqla yanaşı, bəzi iradlarını da bildirdilər. Təbiətcə təvazökar insan olan Nazim Tapdıqoğlu həmin iradların bəziləri ilə (məsələn, Tovuz elinin bəzi görkəmli şəxsiyyətlərinin adlarının kitabda yer almadığı ilə) razılaşsa da, açığını deyək ki, iradların bir çoxu təzadlı idi. Məsələn, professor Qəzənfər Paşayev adam adlarının onları daşıyanların nüfuzuna görə sıralanmasını vacib hesab etdiyini bildirdi. Halbuki, müəllif sıralamada ən məqbul variant sayılan əlifba ardıcıllığını tətbiq etmişdi. Qəzənfər Paşayevin tutduğu daha bir irad isə kitabın Tovuz şəhidlərindən bəhs edən bölməsində hər bir şəhidin haqqında verilən məlumatın sonunda “Allah rəhmət eləsin” nidasını artıq hesab etməsi ilə bağlı idi: “Bu, ensiklopediyaya deyil, antologiyaya uyğun sərbəst dil üslübudür”. Natiq hətta bir az da uzağa gedərək, kitabın sponsorunun və naşirinin ünvanına da tənqidi fikir bildirməkdən çəkinmədi.
Çox hörmətli alimimiz yəqin unudur ki, cəmiyyətimizdə şəhid analarının göz yaşları hələ qurumayıb və onlar üçün istisna olaraq bəzi üslub güzəştlərinə getməyə dəyər. Yeri gəlmişkən, onu da xatırlatmağa dəyər ki, çox da uzaq olmayan zamanda “Milli Ensiklopediya”nın müzakirəsi zamanı tərtibatda xüsusi istisnaları nəzərə almayan akademikin müşavirə zalından necə qovulduğunun da şahidi olmuşuq.
Dəyərli professorumuza rəhmətlik millət vəkili Qənirə Paşayeva haqqında danışanda dediyi bu sözləri xatırlatmaq istərdim: “Əvvəllər onu Qəzənfər Paşayevin qardaşı qızı kimi tanıyırdılarsa, indi məni Qənirə Paşayevanın əmisi kimi tanıyırllar”. Cənnətməkan Qənirə Paşayeva haqqında qələmə aldığım fikirlərimdə bildirmişəm ki, Qənirə xanıma şəhid statusu verilsə, belə bir qərarı alqışlayaram. Çünki Qənirə xanım həmişə şəhid ailəsi üzvlərinin yanında olub, qazilərə qayğı göstərib. Hətta bunu əsaslandırmaq üçün əlamətlər də tapmağa çalışmışam: “Şəhidlərin Anım Gününün sabahı vəfat etdi”.
Görünür, professor Qəzənfər Paşayev millət vəkili Qənirə Paşayevanı cəmiyyətin gözündə ucaldan humanist cəhətlərinin nələr olduğunu bilmir. Əzizinin sağlığında onun nüfuzu ilə öyünən adam ömrünün qalan hissəsini də elə yaşamağa çalışmalıdır ki, həmin əzizinin ruhu qarşısında xəcalət çəkməsin. Əlbəttə, əgər Allaha, Onun ədalətinə inanırsa.
Pünhan Şükür