Azərbaycan İdeyası

TEYMURUN REİNKARNASİYASI: QƏBİRDƏN QƏBİRƏ, YOXSA, CƏBHƏDƏN CƏBHƏYƏ?

Tarix:30-12-2025, 17:30
Baxış Sayı:0

TEYMURUN REİNKARNASİYASI: QƏBİRDƏN QƏBİRƏ, YOXSA, CƏBHƏDƏN CƏBHƏYƏ?
Kim necə düşünür-düşünsün, birmənalı bu fikirdəyəm ki, valideynlərin övladlarına
məşhur şəxsiyyətlərin adlarını qoyması əksər hallarda həmin məşhurlara
bəslədikləri rəğbətin ifadəsidir. Məsələn, qədim Ərəbistanda hz. Məhəmməddən
əvvəl də məhəmmədlər, hz. Əlidən əvvəl də əlilər, hz. Hüseyndən əvvəl də
hüseynlər olub. Amma min illər sonra digər müsəlman ölkələrində, o cümlədən,
Azərbaycanda dünyaya göz açan körpələrə bu adların verilməsi, əlbəttə ki, islam
peyğəmbərinin, imamlar atasının, şəhidlər sərvərinin xatirəsinə böyük ehtiramın
təcəssümüdür. Eləcə də çingizlər böyük fateh Çingiz Xanın, teymurlar görkəmli
sərkərdə Əmir Teymurun nişanələrini daşıyırlar desək, yanılmarıq. Bircə qalır
daşıdığın nişana layiq olmağın.
Çoxumuz Stalinin əmri ilə sovet arxeoloqlarının Əmir Teymurun qəbrində
apardıqları qazıntı işlərini müşayiət edən qəribə hadisələr barədə məlumata rast
gəlmişik. Cahangirin məzarının açıldığı və sümüklərinin Moskvaya ekspertiza
üçün götürüldüyü günün ertəsi – 1941-ci il iyunun 22-də Hitler Almaniyası SSRİ-
yə hücum edir. Bir müddət sonra Səmərqənddə baş verənlər və müharibənin
başlanmasının Əmir Teymurun qəbrinin açılması ilə bağlı ola biləcəyi haqda
Stalinə məlumat verilib. Stalinə onu qorxudan bu məlumatı çatdıran şəxs məşhur
sovet sərkərdəsi general G.Jukov olub. Bundan əndişəyə düşən Stalinin xüsusi
tapşırığı ilə Əmir Teymurun sümükləri, nəvəsi və oğlunun qalıqları ilə birlikdə
1942-ci il dekabrın 20-də türbəyə geri gətirilib. Sümük qalıqları islam qaydalarına
uyğun olaraq, yenidən çıxarıldıqları yerə dəfn olunub. Bundan cəmisi iki gün sonra
isə Almaniyanın 330 minlik ordusu Stalinqradda mühasirəyə salınıb, əsas hissəsi
məhv edilib, qalıqları isə əsir götürülüb. Müharibə başa çatdıqdan sonra Stalin
Səmərqənddə Əmir Teymurun məqbərəsinin bərpası üçün 1 milyon rubl pul ayırıb.
O zamana görə, bu pulla bir neçə hərbi texnika almaq və ya bir ordunun ən azı bir
aylıq ərzaq təminatını ödəmək olardı.
Düzü, bizim Şəhid leytenant Teymur Qüdrət oğlu Allahverdiyev barədə bu yazını
qələmə almağa tərəddüd edirdim. Söz yox, son döyüşünün baş verdiyi 1992-ci il
mayın 8-dən 2025-ci ilin oktyabr ayına kimi itkin hesab olunan Teymurun tapılmış
nəşinin doğulmuş olduğu Neftçala rayonunun Qaçaqkənd kənd qəbiristanlığında
torpağa tapşırıldığı gün izdihamlı keçən dəfnində də iştirak etdim. Yaxınlarına
başsağlığı verdim. Nəşi üçrəngli bayrağımıza bükülmüş Şəhidin ruhuna rəhmət
dualarını müşayiət edən himnimizin sədalarını, Şəhidin şərəfinə fəxri qarovulun
səmaya açdığı güllə səslərini eşidəndə müəzzəm hisslər keçirdim. Otuz üç ilin
ayrılığına tab gətirən Şəhid Anasının, qardaş və bacılarının dəyanəti qarşısında baş
əydim. Uca Yaradana bu mətin bəndələrinə mükafat olaraq əta etdiyi xatircəmliyə
görə şükür etdim.

İndi də bu sətirləri qələmə almağa tərəddüdümün səbəbi barədə: Əvvəla, mən də
çoxları kimi bu faktın daha çox sevindirici, yoxsa, üzücü olduğunun fərqinə
varmaqda çətinlik çəkirdim. Bundan başqa, müasir Azərbaycan ədəbiyyatına və
incəsənətinə tanınmış simalar bəxş etmiş, uğurları ölkəmizin hüdudlarını aşan
Allahverdiyevlər nəslinin övladlarının cəmiyyətdəki nüfuzlarına görə onları
yaxından tanıyan ziyalı zümrələri nümayəndələrinin, müqtədir qələm sahiblərinin
hadisəyə münasibət bildirdikləri yazılar, demək olar, hər gün gözümə sataşırdı.
Hətta Türkiyə və digər qardaş türk uluslarının təmsilçilərinin Şəhidin qardaşı -
tanınmış rəssam Sehran Allahverdiyə ünvanladıqları təsəlli nidalarını da
oxuyurdum. Kimi publisistik üslubda, kimi esse dili ilə, kimi də poetik ifadələrlə
qələmə aldığı fikirlərdə məni bir addım qabaqlayırdı.
Demək istədiklərimi Şəhidin qardaşı qızı, əmisinin qəhrəmanlıq hekayələri ilə
böyümüş, uşaq vaxtı kənddə tapdığı hər parabüzən böcəyini “Teymur əmimizi
gətir” deyə uçurtmuş Bəsti xanım “Udulmuş güllə” adlı essesində demişdi.
Yazmaq istədiklərimi şairə Adilə Nəzər yazmışdı artıq:
Teymur indi doğulduğu torpaqda yatır,
amma ruhu hələ də Şuşa dağlarında dolanır –
külək kimi, bayraq kimi, dua kimi.
Ağlımdan keçənləri “Xəzər nəğmələri” Ədəbi Birliyinin üzvü Müzəffər Məzahim
söyləmişdi:
Dayandı üz-üzə zamanla, vaxtla,
Ucaldı məqama müqəddəs taxtla,
Bu cavan ömrünə yazılan baxtla,
Qədərlə qayıtdı döyüşdən Teymur.
Eynən mənim kimi, çaşqınlığını Vaqif Osmanov da “Anaların izləri göyərdən göz
yaşları” adlı rekviyemində bölüşmüşdü: “Nə deyək əzmli, dözümlü, ümidi heç
vaxt ölməyən analara. Gözünüz aydınmı, yaxud başınız sağ olsunmu?”
Teymurun qayıdışını tərənnüm edən içsəslərimi məndən öncə Rəfail Tağızadə
nəzmə çəkmişdi:

Ürək döyünürsə ad çəkiləndə,
İçinin alovu hələ sönməyib.
Qəlblərdə yaşayan, müqəddəsləşən
Şəhidlər yaşayır, şəhid ölməyib.

Yox, imanımı yandıra bilmərəm, bəlkə də heç ağlıma gəlməmişdi altını cızdığım
fikirlər. Sadəcə, oxuduqca, bəyəndikcə qeyri-ixtiyari şərik olmuşdum onlara,
özümünküləşdirmişdim onları.
Yəqin, Əmir Teymurun ilyarımlıq didərgin düşmüş qalıqları haqqında məlumatı
hardansa xatırlamağım lazım imiş ki, Şəhid Teymurun otuz üç il sərgərdan qalan
ruhunun rahatlıq tapması barədə fikirlərimi bölüşməyə cəsarət tapım.
Allah bizim Teymuru aidiyyəti olmadan göndərildiyi Əfqanıstan müharibəsində
həlak olmaqdan qorumuşdu. Çünki onun alnına başqa aqibət yazılmışdı: Cəbhəni
cəbhəyə dəyişməliydi. Öz Vətəninin müdafiəsi uğrunda gedən müqəddəs savaşda
İnsanlığın Şəhidlik zirvəzinə yüksəlməliydi. Adı Zəfər Muzeyinə yazılmalıydı.
Tabutu gənc vətənpərvərlərin çiynində daşınmalıydı. Şəninə şeirlər qoşulmalıydı.
Fotoşəkilləri məktəblilərin yaxasını bəzəməliydi. Rəsmləri qardaşı Sehranın
ecazkar fırçası ilə tamaşa edən gözlərə qürurun, fəxarətin rəngini göstərməliydi...
Yaddaşlarda həmişə 25 yaşında qalacaq Şəhid Teymurun on yaş kiçik bacısı Şəfa
xanım ulu peyğəmbərdən sitat gətirir: “Cənnətə varid olan heç kəs bir də Bu
Dünyaya qayıtmaz, burdakı bütün naz-nemətlər vəd olunsa belə. Yalnız şəhidlər
hər biri yenidən şəhid olub, Allaha qovuşmağın o ləzzətini dəfələrlə dadmaq üçün
dünyaya qayıtmağı arzulayırlar”.
Reinkarnasiyadan çox şey anlamıram. Ancaq Teymurun cənnətməkan ruhunun
başqa canda nə vaxtsa Bu Dünyaya növbəti missiya ilə dönəcəyinə qəti inanıram.
Əlbət ki, Vətənin bir də şəhid verməsini istəmərik. Hərçənd, qeyrətli Vətən
övladlarının qarşısında hələ o qədər bizi həm dışdan, həm də içdən təhdid edən
problemlər durub ki! Teymurları, seymurları, sehranları cəbhədən cəbhəyə qovan,
həlli vacib problemlər...

Pünhan Şükür

OXŞAR XƏBƏRLƏR
Ağsuda narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb
Ağsuda narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb
16.01.2026 - Bakıda şaxta olacaq
16.01.2026 - Bakıda şaxta olacaq
Dünən xeyli silah-sursat aşkarlanıb
Dünən xeyli silah-sursat aşkarlanıb
İlk qəhvəni hansı saatda içmək lazımdır? - Həkim açıqladı
İlk qəhvəni hansı saatda içmək lazımdır? - Həkim açıqladı
Səkilər daralır, problemlər artır: Bəzi yerlərdə velosiped zolaqları çəkilib, amma...
Səkilər daralır, problemlər artır: Bəzi yerlərdə velosiped zolaqları çəkilib, amma...
Misir Mərdanov Ramiz Mehdiyevin həyat yoldaşının vəzifəsinə gətirilir? - RƏSMİ AÇIQLAMA
Misir Mərdanov Ramiz Mehdiyevin həyat yoldaşının vəzifəsinə gətirilir? - RƏSMİ AÇIQLAMA
Azər Bayramov iqtisadiyyat nazirinin müavini TƏYİN EDİLDİ
Azər Bayramov iqtisadiyyat nazirinin müavini TƏYİN EDİLDİ
"Real Madrid"in TƏZƏ baş məşqçisi ilk oyundan sonra istefaya göndərilə bilər
"Real Madrid"in TƏZƏ baş məşqçisi ilk oyundan sonra istefaya göndərilə bilər