Azərbaycan İdeyası

Gecəgözlü kəndinin coğrafiyada izi qorunmalıdır

Tarix:Bu gün, 17:54
Baxış Sayı:105

Gecəgözlü kəndinin coğrafiyada izi qorunmalıdır

Ermənistanın 30 ilə yaxın davam edən işğalına Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi ilə son qoydu. Torpaqlarımız işğaldan azad olunandan sonra Qarabağda əsaslı bərpa-quruculuq işləri başladı.
Məlumatlara görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaşayış məntəqələrinin sayı işğaldan əvvəlki 936-dan 316-a endiriləcək və 620 kənd isə inzibati ərazi vahidi olaraq ləğv ediləcək. O da bildirilir ki, bu birləşmə yalnız hər iki iqtisadi rayonun tərkibində olan inzibati rayonların işğaldan azad edilmiş yaşayış məntəqələri üzrə deyil, həm də onların (Füzuli, Ağdam və Tərtərin) hazırda məskunlaşma olan, işğal altına düşməmiş kəndlərini də əhatə edəcək.
Alimlər hesab edirlər ki, kəndlərin birləşdirilməsi təkcə toponimlərə deyil, həm genetik faktorlara, həm də kameral təsvirə təsir edir. Məsələn, plana görə, Füzuli rayonunda 76 (əslində 99) yaşayış məntəqəsindən birləşmədən sonra 27-i qalacaq. Rayon ziyalıları arasında da bəzi kəndlərin birləşdirilməsinin gələcəkdə o regionda ciddi tədqiqat aparmağa mane olacağını düşünənlər var. Coğrafiyadan silinməsi məqsədəuyğun olmayan inzibati ərazi vahidlərindən biri də Gecəgözlü kəndidir.
Gecəgözlü kəndi rayon mərkəzindən 6 km cənub-şərqdə, dağətəyi düzənlikdə yerləşir. Kəndin 800 nəfərə yaxın əhalisi var. Əhali əsasən üzümçülük və heyvandarlıqla məşğul olur. Kənddə məktəb, klub, kitabxana, məscid (XIX əsr) və s. vardır. Kənd 1993-cü il avqustun 23-də ermənilər tərəfindən işğal olunub. Bu dövrdə kənd ciddi dağıntılara məruz qalmış və əhalisi məcburi köçkün düşmüşdür. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunun apardığı uğurlu hərbi əməliyyatlar nəticəsində 21 oktyabr 2020-ci il tarixdə Gecəgözlü kəndi işğaldan azad edilmişdir.
Toponimist Nazim Tapdıqoğlu (Vəlişov) “Füzuli rayonu – toponimləri, tarixi abidələri, şəhidləri, görkəmli şəxsiyyətləri və ziyalıları” kitabında Gecəgözlü obasının Cavanşir elinin Yağlıvənd oymağı, Seyidəhmədli və Mahmudlu obaları ilə bağlı olduğunu bildirir: “XVIII əsrə aid olan Osmanlı qaynağında Gecəgözlü oymağının İrəvan ərazisində, Keşəgündə yaylamaları, Arasbara tabe olan Xan arxında qışlamaları haqqında məlumat verilmişdir. Həmin mənbə bildirir ki, gecəgözlülər Dizaq nahiyəsində, Köndələn çayından ayrılan Çərəkən arxının kənarında əkinçiliklə məşğul olur, məhsullarını torpaq sahibinə verir, vaxtlı-vaxtında vergi ödəyir və s. gecəgözlü obasının əhalisi 1842-ci, 1849-cu, 1863-cü, 1873-cü, 1886-cı illərdə dövlət tərəfindən siyahıya alınmışdır.
Müəllif gecəgözlülərin indiki yerlərində hacılıların irs torpaqlarından pay torpağı aldıqdan sonra, yəni 1870-ci il islahatından sonra məskunlaşmalarını təxmin edir: “O zamana qədər onlar Füzuli şəhərindən 40 km cənub-şərqdə, Araz kənarında Xan arxı deyilən keçmiş daimi yaşayış yerlərində, qışlaqlarında məskən salmışlar. Gecəgözlülərin indi dəfn mərasimlərini keçirdikləri Şirvan ata adı ilə məşhur olan qəbiristanlıqları da həmin Araz yeri (Xan arxı) deyilən ərazidədir. 1727-ci ilə aid olan Osmanlı qaynaqlarında Gecəgözlü oymağı Arazbarda, Araz çayı kənarında göstərilir”.
Gecəgözlü kəndi Yeənbəyli vəı Şərifbəyli kəndlərindən 2,5 – 3,0 km cənub-şərqdə, ərazinin Əbdürrəhmanlı üzündə, Kələsər yerində olmuşdur. 1936-cı ilə qədər sırf tarixi hacılılar Yeənbəyli və Şərifbəyli obalarını Gecəgözlüdən yalnız 3 km-lik məsafə yox, həm də ayrı-ayrı müstəqil kolxoz-kooperativ təsərrüfatlarında təmsil olunmaları da fərqləndirirdi. Müxtəlif tarixi sənədlər bizə Hacılı camaatının yaşadığı və əkinçiliklə məşğul olduqları torpaqların hələ səfəvilər dönəmində, bəlkə də ondan əvvəl Hacılı tayfasına məxsus irsi torpaqlar olması haqqında fikir yürütməyə əsas verir. Qeyd etmək lazımdır ki, torpaq mübahisəsi ilə bağlı gecəgözlülərin və əbdürrəhmanlıların iddiaları əsassız idi. Çünki əbdürrəhmanlılar indiki müasir yerlərinə - tarixi Hacılı torpağına qonşu Cəbrayıl rayonundan, gecəgözlülər isə Araz çayı kənarından köçüb gəlmişlər.
Bu obadan çıxmış nəsillərin nümayəndələri Qarabağın, ümumilikdə, Azərbaycanın siyasi, ictimai, iqtisadi və mədəni həyatında böyük rol oynamışlar. Gecəgözlü obasının tayfalarına nümunə olaraq Səlifli (Səlif uşağı) tayfasını (bu tayfanın Məhəmmədxanbəyli adlı tirəsi var. Bu tirəyə mirzəcamalbəyli, qasımbəyli, sadıqbəyli, səlifbəyli, kazımbəyli törəkləri daxildir), Şərifbəyli tayfasını (bu tayfaya əlibəyli, əlaslanbəyli, ələsgərbəyli, ələkbərbəyli, babaxanbəyli, mahmudbəyli tirələri daxildir), Hacıbəyli tayfasını (bu tayfanın əmiraslanbəyli, yeganbəyli, rəsulbəyli adlı tirələri var), Qulubəylii tayfasını (bu tayfaya rəhimbəyli, hüseynbəyli, babaxanbəyli, bağırbəyli törəkləri aiddir), Ağamirzəbəyli tayfasını (bu tayfaya şahsevənli tirəsi, ağabəyli və aslanbəyli törəkləri daxildir), Mirzəqasımlı tayfasını (bu tayfaya cəfərbəyli, sadıqbəyli, ismayılbəyli törəkləri daxildir), Carçıalılar (bu tayfa Carçı Alının törəmələridir) tayfasını (bu tayfaya alılı, mollanəbili, imamverdilər, məlikbəylər, allahverdilər, nəzərəlilər və s. tirələr daxildir), Gecəgözlü tayfasını (bu tayfa hacıqasımlı, əsədli, məlikbəylilər, qəhrəmanlılar, alıhümbətli, nurməmmədli, pərvanalılar və s. tirələrə bölünür), Mehdixanlı tayfasını (bu tayfa alılı, həsənli, allahverdili, abdullauşağı, hüseynli tirələrinə bölünür) nümunə göstərmək olar. Bunlardan başqa kənddə digər nəsillər də - salehlilər, arslanəlilər, tanrıqulular və s. yaşamışdır...
XVIII-XIX əsrlərdə obanın əhalisi əsasən əkinçilik və qoyunçuluqla məşğul olmuşdur. Obada atçılıq təsərrüfatı da geniş inkişaf etmişdir. Gecəgözlü camaatı taxılın biçilməsini əsasən Tuğ əkinçilərinə həvalə edərdilər. XVIII əsrdə Köndələn çayından ayrılan Çərəkən çayının yaxasında əsasən əkinçiliklə məşğul olan gecəgözlülər obanın bəyləri tərəfindən alınmış “Xədicəxanım mülkü”nü də becərməyə başladılar...
Gecəgözlü sözünün etiomologiyasına müxtəlif prizmadan yanaşan tədqiqatçılar vardır. Onların bir qrupu gecəgözlü toponimini “qaranlıqda yaxşı görən” (qara gözlü) kimi mənalandırır. O da məlumdur ki, göz komponenti ilə bağlı neçə-neçə türk tayfası vardır: qaragözlü, alagözlü, gözüböyüklü və s.
Oykonimin adını Keçəküzlü formasında yozanlar da var. Əski türklər “quzu saxlanan yerə” küz deyərdilər. Onlar qoyun-quzunu saxlamaq üçün küzlər tikərdiulər. Tərəkəmə elatları arasında bu küzlərə kora da deyilərdi. Küzləri adətən torpaqda qazı içərisini qarğı ilə hörərək kətanla döşəyərdilər. Çox güman ki, bu oymağın əhalisi küzü adətən keçə ilə döşədiklərindən keçəküzlü sözü yaranmışdır. K-g, ç-c, ö-ü səs əvəzlənmələri Qarabağ dialekti üçün səciyyəvi xarakter daşıyır.
Gecəgözlü toponimi Qarabağda yaşamış Qarabağ xanlarının mənsub olduqları cavanşır tayfasının gecəgözlü tirəsinin adı ilə əlaqədardır...
Sonda xatırladaq ki, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanuna görə “İnzibati ərazi vahidləri qeydə alındıqda, birləşdikdə, inzibati tabeliyi dəyişdirildikdə, onlara ad verildikdə və ya adları dəyişdirildikdə hər bir ərazi vahidinin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı 25 faizinin müvafiq məsələyə münasibət bildirməsini təmin edən iclaslar keçirilir”. Yığıncaqlarda iştirak etmiş vətəndaşların yarısından çoxu ərazi vahidinin qeydə alınmasının, birləşməsinin, inzibati tabeliyinin dəyişdirilməsinin, ərazi vahidinə ad verilməsinin və ya onun adının dəyişdirilməsinin “lehinə” səs verdikdə müvafiq qərar qəbul edilir.

Baş redaktor: Xuraman əhlimanqızı Quliyeva

OXŞAR XƏBƏRLƏR
Gecəgözlü kəndinin coğrafiyada izi qorunmalıdır
Gecəgözlü kəndinin coğrafiyada izi qorunmalıdır
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
TƏBİB rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib
TƏBİB rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib
Sabah bu küçələrdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Sabah bu küçələrdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Azərbaycanda bütün köhnə evlər söküləcək - AÇIQLAMA
Azərbaycanda bütün köhnə evlər söküləcək - AÇIQLAMA
Qanunsuz ağac kəsiminə görə cinayət işi başlanıldı
Qanunsuz ağac kəsiminə görə cinayət işi başlanıldı
DİN 20 Yanvar şəhidlərini yad etdi
DİN 20 Yanvar şəhidlərini yad etdi
Ukrayna səfiri də Şəhidlər Xiyabanını ziyarət etdi.
Ukrayna səfiri də Şəhidlər Xiyabanını ziyarət etdi.