Azərbaycan İdeyası

Leyla Əliyeva Romada "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib - FOTO

Tarix:29-09-2026, 10:00
Baxış Sayı:6

Leyla Əliyeva Romada "Harmoniya" sənədli filminin təqdimatında iştirak edib - FOTO
Sentyabrın 28-də İtaliyanın paytaxtı Romada "Harmoniya" sənədli filminin təqdimat mərasimi keçirilib.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzinin birgə tərəfdaşlığı ilə ərsəyə gələn filmin baş prodüseri Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevadır.

Mərasimdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı, Müqəddəs Taxt-Tacın dövlət rəsmiləri, diplomatik korpusun və dini icmaların təmsilçiləri, din xadimləri iştirak ediblər.

Tədbirdən əvvəl Azərbaycanın zəngin dini-mədəni irsini və multikultural dəyərlərini təcəssüm etdirən fotostend də nümayiş olunub.

Təqdimatda çıxış edən Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirərək deyib: "Harmoniya" sənədli filmi bizi müxtəlifliyin dünyagörüşümüzü necə zənginləşdirə və insanları bir-birinə necə yaxınlaşdıra biləcəyi haqqında düşünməyə dəvət edir. Bu gün təqdim olunan film eyni Vətəni - Azərbaycanı paylaşan müxtəlif dini ənənələrə mənsub üç gənc qadının hekayəsindən bəhs edir. Film onların gündəlik həyatı vasitəsilə sadə, lakin dərin bir mesaj ötürür: Dini fərqliliklər insanlar arasında məsafə yaratmamalıdır".

İslamın, xristianlığın və yəhudiliyin ölkəmizdə dərin köklərə malik olduğunu diqqətə çatdıran səfir deyib: "Məscidlər, kilsələr və çoxsaylı sinaqoqlar yalnız bu müxtəlifliyin abidələri deyil. Onlar birgəyaşayışın canlı ənənəsinin bir hissəsidir. Bu tarixi ənənə dini azadlığa hörmət, mədəni və dini irsin qorunması, həmçinin dinlərarası dialoqun dəstəklənməsinə əsaslanan ardıcıl dövlət siyasəti vasitəsilə qorunub saxlanılıb və möhkəmləndirilib".

Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının İslam işləri üzrə bürosunun rəhbəri Ata Loran Basanez Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakadın müraciətini qonaqlara oxuyub. Müraciətdə kardinal "Harmoniya" sənədli filminin multikulturalizm və qarşılıqlı hörmətlə səciyyələnən kontekst daxilində Azərbaycanda müxtəlif dini ənənələrin nümayəndələri arasında birgəyaşayış təcrübəsini təqdim etdiyini bildirir. Qeyd olunub ki, filmin elə adı da bizə vacib bir məqamı xatırladır: "harmoniya fərqliliklərimizi silməyi tələb etmir, əksinə, o, bizi bu fərqlilikləri hörmət, dialoq və qardaşlıq ruhunda yaşamağı öyrənməyə səsləyir".

Müraciətdə, həmçinin deyilir: "Dinlərarası dialoq yalnız bəyanatlar və ya rəsmi görüşlər səviyyəsində qala bilməz. O, eyni zamanda, münasibətlərdə, təhsildə, mədəniyyətdə və müxtəlif inanclara mənsub insanların yan-yana yaşamaq tərzində əksini tapır. İncəsənət və kino bu baxımdan xüsusi töhfə verə bilər. Onlar birgəyaşayış haqqında nitqlərdən kənara çıxmağa, dini kimlikləri bir-biri ilə görüşməyə, hörmət etməyə və cəmiyyətə birgə töhfə verməyə mane olmayan insanların üzlərini görməyə, səslərini eşitməyə və konkret təcrübələrini kəşf etməyə imkan yaradır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov qeyd edib ki, əsrlər boyu Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan xalqı multikulturalizm, qarşılıqlı hörmət və dinc yanaşı yaşamaq mədəniyyətini təbii olaraq formalaşdırmış və bunu nəsildən-nəslə ötürmüşdür. O, bu gün Azərbaycanın hər yerində müxtəlif dinlərin və xalqların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşayıb-yaratdığını bildirib.

Komitə sədri "Harmoniya" sənədli filminin Azərbaycan torpağından bütün bəşəriyyətə göndərilən mühüm mənəvi mesaj olduğunu vurğulayaraq deyib: "Ölkəmizin müxtəlif müqəddəs ziyarətgahlarında və bölgələrində çəkilmiş film müxtəlif dinlərə mənsub üç qadının gündəlik həyatı, ailə dəyərləri və sarsılmaz dostluğu vasitəsilə Azərbaycanın həqiqi reallığını əks etdirir".

Qeyd edək ki, ekran əsəri beynəlxalq festivallarda və müxtəlif kino platformalarında da təqdim olunur.

Sonra "Harmoniya" filmi nümayiş etdirilib.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı