Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlu BiG.AZ-ın suallarını cavablandırıb.
-2017-ci ildən bu günə kimi Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanısınız. Bu iki ildə Jurnalistika fakültəsində hansı yeniliklər oldu?
- Müasir təhsil yeni çağırışlarla ayaqlaşmağı tələb edir və ilk növbədə bu müddət ərzində biz çalışdıq ki, zamanın bu çağırışlarından irəli gələn tələblərə cavab verəkş. Bakı Dövlət Universitetinin Juranlistika fakültəsiniin zəngin tarixi keçmişi və ənənələri var. 1928-ci ildə Azərbaycanda jurnalistika təhsilinin əsası qoyulub. İlk jurnalistika təhsilinin bünövrəsi Bakı Dövlət Universitetində qurulub. Daha sonra şöbəyə çevrilib. 1969-cu ildə isə fakültə yaranıb. Son iki ildə biz maksimum dərəcədə, ali jurnalitika təhsilində praktikanı artırmağa səy göstərdik. Bilirsiniz ki, jurnalistika elə spesifik sahədir ki, burada nəzəriyyə ilə praktika mütləq şəkildə vəhdətdə olmalıdır. Təbii ki, nəzəriyyə olmasa praktikada müəyyən zəyifləmələr ola bilər və əksinə. Yəni bunlar biri-birilərini tamamlamalıdır. Müasir dövr daha çox çevik və praktik cəhətdən hazırlıqlı kadrları bizdən tələb edir. Biz də bu tələblərə cavab verən kadrlar hazırlamalıyıq. Son iki ildə televiziya, radio, qəzet və onlayn media ilə bağlı peşəkar jurnalistlərin hazırlanması istiqmətdə maksimum dərəcədə praktik seminarları, treninqləri artırmağa çalışmışıq. Bunun nəticəsidir ki, bu gün Tədris tele-radio studiyasında tələbələrimiz 3 dildə xəbərlər verilişi hazırlayır. BDU xəbərlər buraxılışı rus, ingilis, Azərbaycan dilində bizim “Youtube” kanalımızda yayımlanır. Təsəvvür edin ki, bu xəbərləri hazırlayan, çəkən, montaj edən bizim öz tələbələrimizdir. Əlavə olaraq youtube kanalımızda BDU TV və BDU radio ilə tələbələrimizin hazırladıqları müəllif verlişləri ilə də tanış ola bilərsiniz. Bunun nəticəsidir ki, son iki ildə fakültəmizdə aparıcı televiziya şirkətlərinin rəhbərlərinin də iştirakı ilə onlarla kastinqlər keçirilib, tələbələrimiz işlə təmin edilib. Hazırda AzTv, Real TV, CBC, ARB televizya kanalları ilə sıx münasibətlərimiz və əmkdaşlığımız var.
Bundan əlavə bizim “Jurnalist” qəzetimizdə çapdan çıxır. Göstərdikləri dəstəyə görə, “Şərq”, “525” və “Kaspi” qəzetlərinin adlarını xüsusilə vurğulamaq istəyərdim. Tələbələrimizin hazırladıqları “Jurnalist” qəzeti onların əlavəsi kimi geniş auditoriyaya çıxış imkanı əldə edirlər. İşi elə qurmuşuq ki, studiyada hazırlanan proqramlarda olduğu kimi, “Jurnalist” qəzetində də bütün iş tələbələrimizin üzərinə düşür. Qəzetin redaktoru da və müxbirləri də bizim tələbələrdir.
Bütün bunlar hamısı, jurnalistika təhsili alan gənclərimizin praktik vərdişlərə, təhsil aldıqları müddət ərzində yiyələnmələri üçündür. Çalışırıq ki, 4 illik bakalavr təhsili yalnız akademik bilik və nəzəri savadla deyil, həmçinin praktik vərdişlər və peşə fəaliyyətinə tam hazırlıq kursu kimi də yadda qalsın.
Bundan əlavə, dərs saatlarından kənar müxtəlif treninqlər təşkil edirik. Məsələn, “Beynəlxalq jurnalistika məktəbi”, “Jurnalistlər klubu”. “Tələbədən tələbəyə” treninqlərimiz tələbələrimizin peşəkar vərdişlərinin artırılmasına istiqamətlənib. Bizim həm də dövlət orqanları ilə birlikdə keçirdiyimiz treninqlər var. Keçən il Kənd Təsərrüfatı Nazirliyi ilə “Aqrar jurnalistlər” və Vergilər Nazirliyi ilə “Maliyyə jurnalistikası” adlı müştərəq treninqlərimiz də keçirildi. Digər nazirliklərlə də profil istiqamətinə uyğun olaraq bu tip treninqlər təşkil etməyi planlaşdrırıq. Bütün bunlar əlbəttə ki, tələbələrimizin inkişafına istiqamətlənib. Biz çalışırıq tələbələrimiz peşəkar jurnalist kimi yetişsinlər.
-Tələbələrinizin tanınmış xarici jurnalistlərlə görüşlər olurmu?
-Bəli, xarici qonaqlarımız çox olur. “Beynəlxalq jurnalistika məktəbi” layihəsi çərçivəsində Yaponiyanın tanınmış PR şirkətlərindən birinin rəhbəri tələbələrimiz üçün treninq keçdi. Bundan əlavə “TRT” televiziyasının Bakı ofisinin və “Anadolu” agentliyinin Orta Asiya və Qafqaz üzrə ofisinin rəhbərlərinin tələbələrimizlə görüşü oldu. Mətbuat Şurasının xətti ilə Rusiyadan, ərəb ölkələrindən gələn jurnalistlərlə də görüşlərimiz keçirilib. Qardaş Türkiyədən tez-tez qonaqlarımız olur.
-Vüqar bəy bilirsiniz ki, jurnalistlər hər bir dildə xəbər hazırlamağı bacarmalıdır. Bunun üçün hətta jurnalist düşmənin dilini mükəməl bilməlidir. Sizin fakültənizdə erməni dili tədris edilirmi?
-Bakı Dövlət Universitetində erməni dili tədris edilir. Bizim universitetdə həm şərq həm də qərb dillərində ixtisaslaşmış peşəkar kadrlarımız var. Universitetimizdə dil tədrisi üçün kifayət qədər ciddi mütəxəssis potensialı var, o cümlədən də erməni dili.
-Vüqar bəy son illər müasir jurnalistikanın standartları ilə bağlı ana dilimizdə dərslik və dərs vəsaitlərinin hazırlanması istiqamətində nə kimi işlər görülür?
-Elə son 4 ildə jurnalistikanın əsas sahələri ilə bağlı onlarla dərs vəsaiti və dərsliklər, monoqrafiyalar müəllimlərimiz tərəfindən hazırlanaraq nəşr edilib. Və mütəmadi şəkildə də bunun üzərində iş gedir. Yeni dərsliklərin hazırlanmasından əlavə, həm də mövcud olanların yenilənməsinə də diqqət edirik.
-Vüqar bəy 1996-cı ildən müxtəlif mətbuat orqanlarında çalışmısınız. İstərdik jurnalist kimi fəaliyyət göstərdiyiniz dövrdə yadda qalan xatirələrinizi bizimlə bölüşərsiniz.
-Bizim dövr fərqli idi. O, dövrdə Azərbaycanda yeni nəsil jurnalistikası hələ təzə formalaşırdı. Çətinliklərimiz olurdu. Bilirsiniz, informasiyaya jurnalistin əlçatanlığı məsələsi var. Bu gün jurnalistlər ofisdə otururaraq istədikləri informasiyanı internet vasitəsi ilə əldə edirlər. Amma 1997-1998-ci ildə bu belə deyildi. Baş redaktor səhər 9-da mövzuları bölürdü. Biz saat 10-da redaksiyadan çıxırdıq. Axşam 6-ya kimi biz xəbər axtarışında idik. Axşam saat 6-da redaksiyaya gələndə də, xəbərləri bilgisayara yazmaq uğurnda rəqabət gedirdi, növbəyə düzülürdük. O dövrün texniki avadanlıqları da belə rahat deyildi. Əldə edilən informasiyalara redaktor tərəfindən baxılıb, çapa verildikdən sonra biz evə gedirdik. Təsəvür edin iş saat 9-da başlayırdı, ən tez 11-də bitirdi. Növbətçi redaktor olanda isə səhər saat 5-də evə gəlirdik. Ona görə də düşünürəm ki, müasir dövrdə jurnalist işləmək daha rahatdır. Amma bizim dövrümüzdə jurnalistlərin məsuliyyəti var idi. Biz peşə etikasında, sosial məsuliyyət anlayışına daha çox duyarlı olurduq. Bu gün jurnalistlər dəqiqləşdirmədikləri informasiyanı rahat şəkildə verirlər. Bir nəfər sayt yaradır. Evində oturub xəbər yazır. Redaktoru da, muxbiri də özü olur.
Jurnalistika 4-cü hakimiyyətdir. Bu söz xoşa gəlmək üçün deyilməyib. 4-cü hakimiyyət olmaq bu peşənin nə qədər məsuliyyətli olduğunun göstəricisidir. Bunu biz anlamalıyıq. Bu gün peşə üzrə ali təhsili olmayan jurnalistlərimiz də kifayət qədərdir. Bəzi problemlərin ortaya çıxmasına da bu səbəb olur, nəzəri bazanı bilməmələri. Jurnalistika cəmiyyətə təsir edən sosial-siyasi institutdur. Bu məqama hər zaman diqqət etmək lazımdır.
- Bu gün təəssüf ki, qəzetə olan maraq keçən illərə nisbətən çox aşağıdır. Təkcə oxucular deyil, qəzetdə çalışmaq istəyən jurnalistlərin də sayı azalıb. Sizcə bu gün bu sahəyə olan marağın azlamasına səbəb nədir?
-Jurnalistika xəbər yazmaqdan başlayır. Mən jurnalistikaya qəzetdən başlamışam. Təəssüf ki, bu gün gənclər daha çox televizyanın parlaqlığına qaçır. Çünki televizyada tanınmaq daha rahatdır, qəzetdə işləmək və imzanı tanıtmaq isə daha çətin. Əslində televizyada tanınanlar daha tez unudulur. Efirdən ayrıldıqdan sonra, iki il heç bir yerdə işləməsən nə siman, nə də adın yada düşməyəcək. Lakin qəzetdə illərlə yazmasan da imzan qalır. Bunlar bir səbəbdir. İkinci səbəb dövrlə bağlıdır. İnformasiya əsrində yaşayırıq. Bu gün artıq çap mediası yerini onlyn mediaya devr edir. Bu tendensiya bütün dünyada gedir. Hətta İngiltərə kimi klassik mətbuat ənənəsi olan ölkədə belə, çap mediası artıq populyarlığını itirməkdədir.
-Tələbə olduğunuz dövrlərdə heç ağlınıza gələrdimi ki, təhsil aldığınız ali məktəbdə dekan vəzifəsində çalşasınız?
-Tam səmimi deyirəm, xeyr. Çünki mən jurnalistika sahəsində çalışırdım. Elmi iş götürmək üçün universitetdə qalmalı oldum. Bu gün dekan kimi fəaliyyət göstərsəm də, jurnalistikadan uzaqlaşamamışam. İxtisasın beynəlxalq jurnalistikadır. Və bu sahədə praktik fəaliyyətlə məşğulam, şəxsi blogum var. Mən hər şeydən əvvəl jurnalistəm.
-1995-2001-ci illərdə Bakı Dövlət Universitetində Beynəlxalq jurnalistika ixtisası üzrə təhsil almısınız. Sizin təhsil aldığınız dövrlə bu günü müqayisə etsək, Bakı Dövlət Universitetində nələr dəyişib.
-Etiraf edim ki, bizim dövrümüzdə universitetdə belə bir studiya var idi, nə də praktiki məşğələlər, treninqlər keçirənlər. Biz bütün bunları xəyalarımıza belə gətirə bilməzdik. Hazırda bizim çəkiliş aparmaq üçün ən son modek 6 kameramız var: 3-ü studiya daxili, 3-ü isə xarici çəkiliş üçün istifadə olunur. Bizim vaxtımızda bir kamera var idi. Onu da göstərib geri yerinə qoyurdular. Bu dəyişikliklər təkcə Jurnalistika fakültəsi ilə bağlı deyil, bütün fakültələrə şamil edilə bilər. Ümumiyyətlə bu gün Universitet, sözün həqiqi mənasında həm təhsil, həm elm, həm də praktikanın vəhdətini özündə cəmləşdirir. Bütün bu inkişaf isə tələbələrimizin peşəkar kadr olaraq yetişmələrinə xidmət edir.
-Tələbələriniz dekandan çox sizi dost kimi görürlər.
-Başqa cür də ola bilməz. Çünki biz həmkarıq. Bu günün tələbəsi sabahın jurnalistidir. Ümumiyyətlə, bizim fakültənin xoş bir ənənəsi var. Bu ənənə ilk növbədə müəllim-tələbə münasibətlərindəki səmimilik və təmizlikdən irəli gəlir. Bu səbəbdəndir ki, hətta fakültəmizi uzun illər əvvəl qurtarıb getmiş məzunlar belə, yenə də fakültə ilə əlaqələrini kəsmirlər, bura doğma ocaq kimi baxırlar. Bu məndən əvvəl də belə olub, mənim vaxtımda da belədir, İnşaallah məndən sonra da belə olacaq. Jurnalistika fakültəsinin tələbələri həmişə müsbət mənada seçiliblər, fərqləniblər. Onların hər biri ilə fəxr edirik. Hər zaman da onların yanındayıq.