Bakıda unikal dələduzluq hadisəsi baş verib. 3 nəfər əlbir olaraq vəzifəli şəxsi aldadıb, onun 50 min manat pulunu ələ keçiriblər. Vəzifəli şəxsi aldadan 3 nəfərdən biri özünü icra başçılarından birinin müavini kimi təqdim edib və rayonda elan olunan tenderdə qalib olmaq üçün ona kömək edəcəyini deyib.
Dələduzluğa məruz qalan şəxs dövlət qurumlarından birində yüksək vəzifədə çalışan Allahyar Mirzəyevdir. O, həmçinin tikinti şirkətinin sahibidir. İş adamı A.Mirzəyev tanışı Adil Musayevdən iş təklifi alıb. Belə ki, A.Musayev Quba rayonunda avtomobil yollarının təmiri ilə bağlı tender olduğunu və həmin tenderdə qalib gəlmək üçün vəzifəli dostunun olduğunu deyib. Daha sonra Allahyar Mirzəyevi Tahir adlı şəxslə tanış edib.
Adil və Tahir adlı şəxlər Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Abidovla yaxın münasibətlərinin olduğunu deyərək Allahyar Mirzəyevin etibarını qazanıblar. Tenderdə qalib gəlmək üçün icra başçısının müavininə 50 min manat vermək lazım olduğunu bildiriblər.
A.Mirzəyev bununla razılaşıb. Daha sonra üçüncü şəxs - Xanlar Məlikov ortaya çıxıb. Adil və Tahir adlı şəxslər Xanlar Məlikovu icra başçısının birinci müavini Yusif Abidov kimi təqdim ediblər və pulu ona verəcəklərini söyləyiblər.
İş adamı 50 min manatı verdikdən 2-3 ay sonra aldadıldığını başa düşüb. İşin üstünün açılması maraqlı olub. Adil və Tahir adlı şəxslər A.Mirzəyevin telefon zənglərinə cavab vermədiyinə görə adamı şəxsən icra başçısının müavini ilə görüşmək üçün Qubaya üz tutub. Başçının müavini Yusif Abidovla görüşən A.Mirzəyev aldadıldığını anlayıb. O, Bakıya qayıtdıqdan sonra polisə müraciət edib.
A.Mirzəyevin şikayəti əsasında 1969-cu il təvəllüdlü Xanlar Məlikov axtarışa verilib və Nərimanov Rayon Polis İdarəsinin 16-cı bölməsinin əməkdaşları tərəfindən ötən ilin sentyabr ayında saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işi açılıb. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə iş üzrə məhkəmə prosesi keçirilib. Zərəçəkmiş şəxs kimi tanınan Allahyar Mirzəyev ifadə verib.
İfadəsində Xanlar Məlikovu icra başçısının müavini Yusif kimi tanıdığını, Adil və Tahir adlı şəxslər tərəfindən aldadıldığını deyən A.Mirzəyev pulu onlara notarius vasitəsi ilə verdiyini deyib: “Mən pulu Adilə verməli idim. O da icra başçısının müavini kimi təqdim edilən Yusifə verəcəkdi. Sonradan fikirləşdim ki, notarius vasitəsi ilə verim. Adil, Tahir və mən notariusa getdik. Məlum oldu ki, Adilin şəxsiyyət vəsiqəsinin vaxtı bitib. Razılaşdıq ki, Tahirə verim. Elə də oldu. Yolda Adil zəng edib Xanlara dedi ki, “Yusif müəllim pulu göndərirəm”.
Bu söhbətdən bir müddət keçsə də bunlardan səs çıxmadı. Özüm maraqlandım. Adil dedi ki, bəs yenə pul lazımdır. İkinci dəfə məndən 150 min istədilər. Mən də bu zaman tenderlə bağlı sənədləri tələb etdim. Bu halda verə biləcəyimi dedim. Ancaq verilmədi. Xeyli vaxt keçdi. Düzələcək deyə-deyə məni aldatmağa başladılar. Adilə və Tahirə zəng çatmırdı. Qubaya gedəndə işin üstü açıldı. Əsl icra başçısının müavini Yusif müəllimə görüşdüm. İşin üstü açılandan sonra Adili axtarıb tapdım. Dedi ki, 3 aya pul qaytaracam. Amma qaytarmadı. Verdiyim 50 mindən yalnız 8 minini almışam. Bu tender yox, təndir oldu. Düşdük təndirə. Bildiyim qədəri ilə Tahiri də tutublar. Amma Adil indi də yoxdur. 4-5 telefonu var. Deyəsən, Azərbaycandan gedib”.
Məhkəmə prosesində təqsirləndirilən şəxs, hazırda şərti azadlıqda olan Xanlar Məlikov da iştirak edib. Növbəti məhkəmə prosesində X.Məlikov ifadə verəcək.