Azərbaycan İdeyası

Tanınmış vəkildən SOCAR-a qarşı şok iddia

Tarix:13-07-2016, 13:03
Baxış Sayı:339

Tanınmış vəkildən SOCAR-a qarşı şok iddia
Əkrəm Həsənov: ''Hüquqi nöqteyi-nəzərdən belə bir şirkət mövcud deyil'' Bu il Fransada keçirilmiş futbol üzrə Avropa çempionatına sponsorluq edən SOCAR ölkə ictimaiyyətinin tənqidlərinə tuş gəlib. Sosial şəbəkə istifadəçiləri neft şirkətinin 8 milyard dollarlıq xarici borcunu, ötən ili isə 1 milyard manat ziyanla başa vurduğunu xatırladaraq bu yarışa sponsorluq etməsini qınayıblar. Vəkil Əkrəm Həsənov isə özünün "Facebook" hesabında SOCAR-ın hüquqi statusunun olmadığını iddia edib: "SOCAR ölkəmizin ən iri və tanınmış şirkəti hesab olunur. Zaman-zaman beynəlxalq arenadan da səsi gəlir: filan yerdə nəsə aldı və ya satdı, filan yerdə sponsor oldu, az qala idman yarışının qalibi oldu və s. Lakin əslində hüquqi nöqteyi-nəzərdən belə şirkət heç mövcud da deyil. Söhbət sadəcə addan getmir: fərqi yoxdur ingilissayağı SOCAR adlansın, yaxud millisayağı ARDNŞ. Yeri gəlmişkən, prezidentin 2003-cü il 24 yanvar tarixli 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Nizamnaməsinin 1.8-ci bəndinə əsasən onun qısaldılmış rəsmi adı elə məhz SOCAR-dır".
Tanınmış vəkildən SOCAR-a qarşı şok iddia
Vəkilin sözlərinə görə, həmin Nizamnamənin 1.4-cü bəndinə görə SOCAR guya hüquqi şəxsdir: "Niyə guya? Ona görə ki, Mülki Məcəlləmizin 50.1-ci maddəsində deyilir: "Hüquqi şəxsin öz təşkilati-hüquqi formasını göstərən adı olur". Lakin SOCAR-ın adında onun təşkilati-hüquqi forması göstərilməyib. Belə ki, SOCAR-ın Nizamnaməsinin 1.2-ci bəndində qeyd edilir ki, o, kommersiya fəaliyyətini həyata keçirir, yəni guya kommersiya hüquqi şəxsidir. Mülki Məcəlləmizin 4-cü fəslində kommersiya hüquqi şəxsinin yalnız 6 təşkilati-hüquqi forması nəzərdə tutulur: tam ortaqlıq, kommandit ortaqlığı, məhdud məsuliyyətli cəmiyyət, əlavə məsuliyyətli cəmiyyət, səhmdar cəmiyyəti və kooperativ. Hüquq elmində buna "numerus clausus" prinsipi deyilir. Yəni kommersiya hüquqi şəxsi yalnız bu 6 formadan birində mövcud ola bilər. SOCAR-ın isə adından və Nizamnaməsindən görünür ki, onun ümumiyyətlə təşkilati-hüquqi forması yoxdur. Bu isə o deməkdir ki, belə hüquqi şəxs mövcud deyil. Hüquq subyekti ya fiziki şəxs (insan), ya da hüquqi şəxs ola bilər. SOCAR bunların heç birinə aid deyil, deməli, qanunun gözündə (Prezident Fərmanı Qanuna ziddirsə, hüquqi qüvvəsi yoxdur) belə hüquq subyekti yoxdur".

Vəkil hesab edir ki, məsələnin sırf nəzəri problem olmasını düşünənlər yanılır: "Ölkə daxilində ola bilər ki, bu problem olmasın. Amma beynəlxalq münasibətlər müstəvisində problem ola bilər. Belə ki, SOCAR-ın ciddi məhkəmə mübahisəsi yaransa, xüsusilə o, bu əsnada cavabdeh olsa, xarici və ya beynəlxalq məhkəmə (arbitraj) ilk növbədə onun kimliyini, daha doğrusu mövcudsuzluğunu müəyyən edəcək. Bunun da 3 nəticəsi olacaq. Əvvəla, beynəlxalq aləmdə ölkəmizin imicinə ciddi zərbə dəyəcək: hüquq sistemimizin bərbad olması dünyaya bəyan olacaq (yeri gəlmişkən, tanınmış xarici hüquq ekspertlərinin sırf SOCAR-ın statusuna görə bizə rişxənd etdiklərinin şahidi olmuşam).

İkincisi, SOCAR-ın işgüzar fəaliyyətinə zərər dəyəcək: bağladığı müqavilələr, iştirak etdiyi layihələr sual altında olacaq. Nəhayət, üçüncüsü, SOCAR-ın mövcudsuzluğu aşkar olunduqdan sonra, onun bütün öhdəliklərinə görə tam məsuliyyəti Azərbaycan dövləti daşıyacaq. Odur ki, nə qədər gec deyil, SOCAR-ın hüquqi statusu məsələsi öz həllini tapmalıdır. Necə ki, ölkənin digər hüquqi problemləri həll olunmalı, hərtərəfli hüquqi islahatlar aparılmalıdır".

Vəkilin iddiası ilə bağlı SOCAR-ın Hüquq İdarəsinin rəisi Eldar Orucovla əlaqə saxladıq. O, bildirdi ki, SOCAR-ın təşkilatı hüquqi statusunda heç bir problem mövcud deyil və bu status Mülki Məcəlləyə, eləcə də digər qanunvericilik aktlarına tam uyğundur:

"Belə ki, ARDNŞ ilk dəfə, hələ yeni mülki məcəllənin qüvvəyə minməsindən əvvəl 24.11.1995-ci ildə dövlət müəssisəsi təşkilati hüquqi formasında Ədliyyə Nazirliyinin Kollegiyasının Qərarı ilə dövlət qeydiyyatına alınıb. Həmin vaxtdan bəri Dövlət Neft Şirkətinin nizamnaməsinə dəfələrlə dəyişiklik edilməsinə və hətta ölkə başçısının 24 yanvar 2003-cü ildə, 844 nömrəli fərmanla yeni nizamnaməsinin təsdiq edilməsinə baxmayaraq onun təşkilati hüquqi forması dəyişdirilmədən qalıb. Düzdür, Mülki Məcəllədə birbaşa olaraq təşkilati-hüquqi forma kimi dövlət müəssisəsi göstərilməyib, lakin mülki qanunvericilik fərqli təşkilati hüquqi formaların seçilməsində hər hansı məhdudiyyət müəyyən etməyib. Bu da təsadüfi deyildir.
Tanınmış vəkildən SOCAR-a qarşı şok iddia
Belə ki, Mülki Məcəllənin 64.6-cı və 98.8-ci maddələrinə baxsaq, görərik ki, dövlət müəssisələri (yəni iştirakçısı müvafiq dövlət orqanı olan) təsərrüfat ortaqlıqları və cəmiyyətləri qismində yaradıla bilməz. Onlar yalnız özəlləşdirmə haqqında qanunvericiliyə uyğun olaraq səhmdar cəmiyyətlərə çevrilə bilərlər. Bu hal onu göstərir ki, Mülki Məcəllənin qüvvəyə minməsi dövlət müəssisələrinin həmin təşkilati hüquqi formada fəaliyyətlərinin davam etdirilməsini qadağan etməyib, sadəcə mülki qanunvericiliyin bu sahədə prioritetlərini müəyyənləşdirib.

Dövlət Neft Şirkətinin təşkilati hüquqi formasının dövlət müəssisəsi kimi davam etdirilməsi kiminsə iradə ifadəsi və ya mülahizələrinə əsasən deyil, məhz qanunvericiliyin müəyyən etdiyi məhdudiyyətlər baxımından vacib olub. Azərbaycanın dövlət büdcəsinin kifayət qədər böyük bir hissəsini formalaşdıran məhz dövlət müəssisələridir və onların yeganə iştirakçısı kimi müvafiq dövlət orqanları çıxış edir. Əvvəldə də qeyd etdiyimiz kimi dövlət orqanları isə hər hansı cəmiyyətin və ya təsərrüfat ortaqlıqlarının iştirakçısı kimi çıxış edə bilməz. Dövlət Neft Şirkətinin təsisçisi də dövlət orqanı olduğundan o təsərrüfat ortaqlığı və ya cəmiyyət kimi fəaliyyət göstərə bilməz".

E.Orucov onu da bildirib ki, yeni Mülki Məcəllə qüvvəyə minməsindən sonra 2001-ci ildən Dövlət Neft Şirkətinin tabeliyində fəaliyyət göstərən 80-ə yaxın müəssisə özəlləşdirilib, onlar Mülki Məcəllənin qeyd etdiyimiz 98.8-ci maddənin tələblərinə uyğun olaraq səhmdar cəmiyyətlərinə çevrilib, onların iştirakçıları müxtəlif fiziki və hüquqi şəxslər olub. Yeni mülki məcəllənin qüvvəyə mindiyi dövrdə dövlət müəssisələrinin getdikcə öz yerini səhmdar cəmiyyətlərinə verəcəyi fikrini yürütmək olardı. Belə ki, yeni mülki məcəllənin qüvvəyə minməsinə qədər müvafiq münasibətləri "Müəssisələr haqqında" 01.07.1994-cü il tarixli qanun tənzimləyirdi. Həmin qanunda da müəssisələr üçün dövlət müəssisəsi təşkilati hüquqi forması da müəyyən edilmişdi. Yeni mülki məcəllənin qüvvəyə minməsi ilə bağlı "Müəssisələr haqqında" AR qanunu da qüvvədən düşmüş (2002) və bundan sonrakı münasibətlər AR Mülki Məcəlləsi ilə tənzimlənmişdir. Lakin bu o demək deyil ki, dövlət müəssisələrinin hamısı dərhal səhmdar cəmiyyətinə çevrilməli idi".



İdarə rəisi vurğulayıb ki, hazırda Dövlət Neft Şirkəti strateji əhəmiyyət kəsb edən müəssisə olmaqla dövlət mülkiyyətindədir və təsisçisi də dövlət orqanıdır: "SOCAR-ın təşkilati hüquqi formasının səhmdar cəmiyyətinə keçirilməsi yalnız onun özəlləşdirilməsindən sonra mümkündür ki, bu barədə də qərar vermək səlahiyyəti "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı"nın təsdiq edilməsi barədə prezidentin 10 avqust 2000-ci il tarixli, 383 nömrəli Fərmanının 2.2-ci bəndinə uyğun olaraq yalnız prezidentə aid edilib. Bu səbəbdən də Dövlət Neft Şirkətinin strukturunda hansı müəssisə özəlləşdirilibsə, o prezidentin müvafiq qərarı ilə özəlləşdirməyə açıq elan edilib və həmin müəssisə məhz qanunvericiliyə uyğun olaraq səhmdar cəmiyyətinə çevrilib. Belə ki, onların iştirakçısı artıq dövlət orqanı olmayıb. Onu da qeyd etməliyik ki, Mülki Məcəllə hüquqi şəxslərin qanunvericiliyə uyğun olaraq digər formalarının yaradılmasını mümkün hesab edib.

Unutmamalıyıq ki, SOCAR-ın yaradılması və fəaliyyətinin tənzimlənməsi də müvafiq qanunvericilik aktları ilə tənzimlənir. Digər tərəfdən ictimai münasibətlərin tənzimlənməsi müasir dövrün tələblərinə uyğun olaraq daima yenilənir. Buna misal olaraq publik hüquqi şəxsləri göstərmək olar. Publik hüquqi şəxs təşkilati hüquqi forma kimi Mülki Məcəllədə göstərilməyib. Lakin bu o demək deyil ki, belə bir təşkilati hüquqi forma ola bilməz. Mülki Məcəllədən başqa digər qanunvericilik aktları bu münasibətləri tənzimləyir və publik hüquqi şəxslər də bunun bariz nümunəsidir.

Qeyd etdiyimiz kimi, SOCAR-ın təşkilati hüquqi formasının dövlət müəssisəsi olması mövcud qanunvericiliyin tələblərinə tam uyğundur. Məhz bu səbəbdən Vergilər Nazirliyinin qeydiyyat orqanının çıxarışında da SOCAR-ın təşkilati-hüquqi forması kimi dövlət müəssisəsi göstərilib".

OXŞAR XƏBƏRLƏR
Polad Həşimovun oğlu bu universitetə qəbul olundu
Polad Həşimovun oğlu bu universitetə qəbul olundu
Dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılıb
Dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılıb
Bu gün 40 dərəcə isti olacaq
Bu gün 40 dərəcə isti olacaq
Tahir Budaqovdan yeni QƏRAR
Tahir Budaqovdan yeni QƏRAR
Adam harada sərinləyər? - Hovuzla dəniz arasında sağlam seçim
Adam harada sərinləyər? - Hovuzla dəniz arasında sağlam seçim
Bu gün onların şəhadətə ucalmasından 5 İL ÖTÜR
Bu gün onların şəhadətə ucalmasından 5 İL ÖTÜR
“Xalq” və “Respublika” birləşdi, “Bakinski raboçi” yenidən quruldu - SƏRƏNCAM
“Xalq” və “Respublika” birləşdi, “Bakinski raboçi” yenidən quruldu - SƏRƏNCAM
Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması işləri müzakirə edildi
Əvvəlki illərdən bağlı qalmış cinayətlərin açılması işləri müzakirə edildi