Rusiyanın Sankt-Peterburq şəhərinin İstintaq Komitəsi SOBR xüsusi təyinatlı polisinin dəstəyi ilə yerli qanunverici orqanın deputatı, Leninqrad vilayətinin “Sukanal” idarəsinin rəhbəri Sayad Əliyevin ofisində axtarışa başlayıb. Virtualaz.org xəbər verir ki, axtarış mütəşəkkil etnik cinayətkar qruplaşmanın işi üzrə aparılan istintaq çərçivəsində həyata keçirilir.
Müstəntiqlər SOBR döyüşçüləri ilə birlikdə Əliyevin ofisinin yerləşdyi binaya, Rastrelli küçəsi, 2-də yerləşən ofis mərkəzinə daxil olublar. Həmin cinayət işi Sankt-Peterburqun azərbaycanlıların nəzarətində olan Sofisysk meyvə-tərəvəz topdansatışı bazasında fəaliyyət göstərən mütəşəkkil etnik qruplaşma, yəni azərbaycanlılardan ibarət qruplaşma ilə bağlıdır.
Ehtimal olunur ki, bu cinayət işi iyunun 20-də bazarda baş vermiş səs-küylü qətllə bağlıdır. Həmin vaxt 27 yaşlı keçmiş polis işçisi Emin Hüseynov 43 yaşlı Azərbaycan vətəndaşı İsmayılovu güllələyib.
Daha sonra bazardakılar onun özünü tutub linç etmək istəyiblər. Hüseynov qətli sifarişlə törətdiyini etiraf edib. İsmayılov isə bazarda fəaliyyət göstərən qeyri-leqal pul dövriyyəsi şəbəkəsinə daxil olub. Virtualaz.org bu yaxınlarda deputat Sayad Əliyevlə Sankt-Peterburqda mənzillənmiş məşhur azərbaycanlı milyarder, yerli azərbaycanlı diasporunun lideri Vaqif Məmişov arasındakı münaqişə haqda yazmışdı.
Belə ki, Vaqif Məmişovun rəhbərlik etdiyi diaspor təşkilatı-“Sankt-Peterburq azərbaycanlı milli muxtariyyəti” Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Panfilovaya və hakim “Vahid Rusiya” partiyasının regional təşkilatının rəhbəri Sergey Bebeninə məktub göndərərək “deputat adına yaraşmayan” işlərlə məşğul olan Sayad Əliyevin mandatının geri alınmasını, onun partiya sıralarından xaric edilməsini istəyib. Məktubu təşkilatın icraçı direktoru Ağarəşid Təhməzov imzalayıb.
“Biz bu fikirləri təkcə bir millətin nümayəndələri kimi yox, Putinə səs vermiş əsl patriotlar kimi yazırıq”-məktubda deyilir. Məktubda bildirilir ki, deputat Əliyev “əvvəl problem yarat, sonra onu həll et” prinsipi ilə biznes qurub, bu işdə ona hüquq-mühafizə orqanlarındakı dostu Azər Əliyev kömək edir. Vaqif Məmişov isə deyib ki, məktubda yazılanlar diasporun fikridir.
“Biz bu yazılanların arxasındayıq. Əliyev kimilərini cəzalandırmaq lazımdır. Onun hərəkətləri diasporu bezdirib. Söhbət konkret nədən gedir, demək istəmirəm, Rusiyada demək istəmirəm. Lakin mənim nümayəndələrim sizə hər şeyi danışar”, - Məmişov bildirib.
Məlumatlara görə, Məmişovla Əliyev arasında münaqişənin kökü dərindir və biznes maraqlarının kəsişməsinə görədir. 2013-c ildə Məmişovun ofisində vergidən yayınma şübhəsi ilə axtarış aparılıb və deyilənlərə görə bunun arxasında Əliyev dayanırdı.
Sayad Əliyev islam dininə inandığını desə də Peterburqda kilsə tikdirib. 2010-cu ildə o, Nevski Dubrovski qəsəbəsinin rəhbəri olanda həmin qəsəbədə Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə provoslav məbədi inşa etdirib.
Və məbədin açılışında Putin də iştirak edib. Çünki Putinin atası müharibə dövründə həmin ərazilərdə döyüşüb və ağır yaralanıb. Həmin mərasimə Məmişov buraxılmayıb və milyarder bunu deputata bağışlaya bilmir.
Peterburq internet mediasında Əliyev “zəngin kriminal keçmişə malik” şəxs kimi xarakterizə edilir və hətta azərbaycanlı diasporunun tanınmış nümayəndələrinin qətlində onun adı keçir.