“Azərbaycanla Ermənistan arasında müharibə davam edir. Hələ ki, bu müharibədə son nöqtə qoyulmayıb. Müharibəyə paralel olaraq, ölkələr arasında həm də informasiya qarşıdurması var. Düşmən çalışır ki, Azərbaycana güclü tərəf kimi psixoloji təsir göstərsin. Özünün zəif olduğunu bu yolla ört-basdır edir”.
Bu sözləri Publika.az-a açıqlamasında siyasi şərhçi Tofiq Abbasov deyib.
Ermənistanın siyasi dairələrinin son günlər səsləndirdiyi ziddiyyətli bəyanatlara Azərbaycan tərəfinin tutarlı və qətiyyətli reaksiya verməsindən danışan politoloq bildirib ki, son günlər həm xarici işlər, həm də müdafiə nazirlərinin bu dueldə iştirakı onu göstərir ki, prinsip etibarilə, tərəflər vəziyyətin ağırlaşdığını dərk edirlər:
“Bu, ilk növbədə, Ermənistana daha çox şamil olunmalıdır. Çünki Ermənistan siyasi prosesin pozulmasında, onun iflic vəziyyətə düşməsində birbaşa günahkardır. Əgər Ermənistanın, həqiqətən də, bir az ağlı olsaydı, bu yoldan geri qayıdardı. Tutduğu mənfur mövqedən əl çəkərdi. Lakin belə bir addım atılmır. Niyə? Çünki onlar üçün Dağlıq Qarabağ münaqişəsi, sözün əsl mənasında, həlli tapılmayan dilemmaya çevrilib. Digər tərəfdən iqtisadi vəziyyətləri iflic olduğu üçün çalışırlar ki, heç olmasa, bu zəmində öz durumlarını düzəltsinlər. Dünya birliyinə qayıtsınlar. Çünki Ermənistan, həqiqətən, bir dövlət kimi mövcuddursa, onların dəst-xətti müşahidə olunmalıdır. Bu situasiya özü-özlüyündə nadir ələ düşər. Bir yandan dövlət var, xalq mövcuddur, digər tərəfdən isə bu xalqın dünya səviyyəsində nə rolu, nə bir addımı yoxdur. Ona görə də onlar Dağlıq Qarabağ problemini ortaya atmaqla, kiçik taktiki üstünlüyü ələ almağa çalışırlar. Lakin bu taktiki üstünlüyü strateji üstünlüyə çevirmək artıq mümkünsüzdür. Çünki qarşıdurmada qüvvələr nisbəti çoxdan dəyişilib. Ermənistan zəif dövlət olmaqla yanaşı, ordu quruculuğunda da uğursuzluğa düçar olub. Digər tərəfdən, Azərbaycanın artan imkanları onları olduğundan da çox pis vəziyyətə salır. Bu zəmində nazirlərin dueli, söz mübarizəsi onu göstərir ki, Ermənistan tərəfi vəziyyəti necə ağırlaşdırdığını anlayır. Azərbaycan da çox gözəl anlayır ki, artıq qarşısındakının dərsini vermək lazımdır. Bu dərsin nəticəsi isə bizdə heç bir şübhə doğurmur. Baxmayaraq ki, ermənilər hap-gopla, səs-küylə çalışırlar özlərinə bəraət qazandırsınlar, Azərbaycanın bu məsələdə üstünlüyü danılmazdır. Belə başa düşürəm ki, müdafiə naziri Zakir Həsənovun bəyanatları daha çox təəssürat doğurur. İrəvanda təşvişə səbəb olur. Bununla həm də beynəlxalq səviyyədə bəlli olur ki, Azərbaycan artıq B planını həyata keçirməyə hazırdır”.
Qeyd edək ki, Vyana görüşündən sonra Ermənistanın müdafiə naziri David Tonoyanın “yeni müharibə yeni ərazilərdir” bəyanatı Dağlıq Qarabağ münaqişəsi ətrafında hərbi ritorikanı qızışdırıb. Xüsusilə Azərbaycan tərəfinin verdiyi bəyanatlar Ermənistanda narahatlıqlar yaradıb. Vyana görüşündən sonra Prezident İlham Əliyev “müharibə hələ bilməyib” bəyanatı verib. Ardınca müdafiə naziri Zakir Həsənov bildirib ki, “əgər ermənilər hücuma keçəcəksə, Tonoyanla İrəvanda görüşəcəm”. Məhz bu fikirlər ermənilərin ciddi qorxularına səbəb olub.
Ermənistan mediası artıq bir neçə gündür “Həsənov Tonoyanla İrəvanda görüşəcək” fikirlərini şərh edir, “Tonoyan Həsənovu İrəvanda qarşılamağa hazırdırmı” sualı üzərində müzakirələr aparırlar. Müzakirələr xüsusilə erməni hərbi birləşmələrinin döyüş qabiliyyətinin zəifliyi fonunda qurulur.