Texnologiyanın (IoT) ve Sənayenin dördüncü inqilabının (Sənaye 4.0) artıq baş verdiyi dövrdə hər bir müəssisə və strukturun gələcəkdə mövcud ola bilməsi ciddi sual altındadır - Əgər biznes transformasiyasını indidən başlamasalar.
Bununla bağlı Oxu.Az-ın suallarını “AVA Group Consulting” MMC-nin baş direktoru Vüqar Aslanov cavablandırıb.
- Sizin konsaltinq xidmətiniz şirkətlərə hansı köməyi göstərir və dəstək verir?
- “AVA Group Consulting” MMC Azərbaycanda ilk yerli biznes-konsaltinq (biznesin bütün sahələri üzrə konsultasiya edilməsi) şirkətidir. Məqsədimiz yerli şirkətlərin bizneslərində qarşılarına qoyduqları məqsədlərə çatmaq üçün kömək göstərməkdir.
Biz müştərilərimizə layihələrinin iş məqsədlərinə uyğun və təhlükəsiz, büdcə, cədvəl və tələb olunan keyfiyyət standartlarına uyğun şəkildə çatdırılmasını təmin etmək üçün PMC xidmətləri sahəsində güclü təcrübəyə malikik. Bizə müraciət edən şirkətlərdə ilk olaraq araşdırma aparırıq, təhlil edirik. Çünki bizim işimiz problemi aşkarlamaq və müştəriyə bütün biznes boşluqları və onların həll yolunu təklif etməkdir.
Şirkətlərə istənilən biznes prosesləri üzrə - insan resursları, maliyyə, satınalma, təchizat, logistika, layihələrin idarə edilməsi, istehsalat, texniki təmir və sair istiqamətlərdə problemini aradan qaldırmağa və biznesin effektivliyini yüksəltmə istiqamətində həll yolları təklif edirik.
Ölkəmizdə olan yanlış düşüncələrdən “özüm hər şeyi bilirəm”, “yüksək vəzifədəyəm və məsləhətə ehtiyacım yoxdur” düşüncəsinin əleyhinəyik.
Biz istəyirik ki, şirkətlər bu fikirlərdən uzaqlaşsınlar. Problemlərin həllinin vaxtında həll olunması üçün konsaltinq əməkdaşlığı mütləqdir. Bütün birjada səhmləri olan top şirkətlərin hamısının konsaltinq şirkətləri ilə müqaviləsi var və onların təkliflərindən yararlanırlar.
- Siz şirkətlərlə, sadəcə, məsləhət verirsiniz, yoxsa həmin məsləhət və planların realizasiyasının birbaşa tətbiqini də həyata keçirirsiniz?
- Biz şirkət rəhbərləri ilə görüşən zaman ilk öncə sual veririk ki, siz, doğrudan da, istəyirsiniz ki, dəyişiklik olsun? Yoxsa hamı edir, biz də edək məsələsidir? Çünki bu əsas məsələdir. Əgər hansısa bir şirkətdə dəyişikliklər baş verəcəksə, bu, şirkətin rəhbərindən asılı olacaq. Şirkətlər dəyişikliklərin arxasında dayana bilsə, yaxşılığa doğru inkişaf edəcək.
Şirkət rəhbəri deyirsə, sonra ondan boyun qaşırırsa, o şirkətdə heç bir dəyişiklik olmayacaq. Biz şirkətlərə təqdimatlar edir, audit edirik və izah edirik ki, şirkətin problemi nədir, bu dəyişikliklər nəyə görə lazımdır.
Biz şirkət olaraq elan edirik ki, 2020-ci ilin aprelin 30-dək pulsuz, təmənnasız olaraq şirkətlərlə görüşüb, bizneslərində hansı boşluqların olmasını və həlli istiqamətində tədbirlər planı təqdim edirik.
- Konsaltinq xidmətlərinin əsas növləri hansılardır və daha çox hansı növə ehtiyac duyulur?
- Bizim konsaltinqin əsas istiqamətləri bunlardır: biznes prosesləri üzrə menecment konsaltinqi, layihələrin idarə olunması və nəzarət, Sənaye 4.0 tələblərinin təhlili və tətbiqi, aktivlərin idarə edilməsi (ISO 55001), biznesin rəqəmsal transformasiyasını həyata keçirmək.
Bu beş istiqamətin hər biri indi dünyada ən vacib sahələrdəndir ki, istənilən biznesin uğursuzluğu bu adını çəkdiyimiz istiqamətlərin birinin effektiv olmamasından irəli gəlir və müəssisəni iflas olmaq səviyyəsinə çatdırır.
- Azərbaycanda şirkətlərin problemləri nə ilə bağlıdır?
- Ölkəmizdə kiçik və orta bizneslərin, eləcə də, böyük müəssisələrin əsas problemi zamanın tələbinə uyğun olaraq biznes proseslərinin avtomatlaşdırılmamasıdır. Eyni dərəcədə əhəmiyyətli olan insan resursları təlimlər və praktika vasitəsilə zamanın tələbinə uyğun yetişdirilməli və daim inkişafda olmalıdır.
Yalnız proseslər və insan faktorunun eyni anda yetişdirilməsi ümumi biznesin uğuruna səbəb ola bilər. Qohumlar və səriştəsi az olan insanlarla biznesin uğurundan danışmaq yalnız maariflənmənin olmamasında irəli gəlir. Şirkətlərin əsas problemi strateji planlarının olmamasıdır. Biz çalışırıq ki, bizim pul qazanmağımızdan əlavə, rəhbərlər şirkətlərində planlamanı qurub, problemlərin qarşısını alsınlar.
İqtisadiyyat naziri Mikayıl Cabbarov da çıxışları zamanı bildirib ki, ölkəmizdə kiçik və orta biznes üçün güclü, peşəkar məsləhət xidmətlərinin təqdim edilməsinə böyük ehtiyac var. Çünki bir sıra hallarda sahibkarların biznes ideyaları, layihələr düzgün təhlillər olunmadan həyata keçirilir. Nəticədə, bu da iqtisadi fəaliyyətə mənfi təsir göstərir. Şirkətlərin konsaltinq xidmətindən yayarlanması vacibdir.
- Dünyada belə bir təcrübə var ki, şirkətlər proaktiv xidmətlərə keçirlər. Sizin şirkət müştərilərə proaktiv xidmətlərlə bağlı hansı təklifləri verir?
- Bəli. Biz ERP (enterprise resource planning), PMC (project management consulting), Asset Menecment (ISO55001) və Sənaye 4.0 tətbiqi istiqamətləri üzrə müştəri və partnyorlarımıza proaktiv xidmətlər təklif edirik.
Bu sadalanan sahələrin istehsalatda tətbiqi üzrə deyə bilərik ki, biz ən üstün və yüksək keyfiyyətə malik xidmət göstərə bilərik ki, “big-4”dən dəfələrlə ucuz, lakin ən azı eyni dərəcədə keyfiyyətli olacaq.
- Böyük Britaniya universitetləri və professorları ilə əməkdaşlıq edirsiniz. Bu əməkdaşlıq Azərbaycan şirkətlərinə nə verə bilər?
- Bizim komandamız kiçik və böyükmiqyaslı bir çox layihələri idarə etmək və çatdırmaq üçün beynəlxalq təcrübəyə və məharətə malikdir. Təcrübəmiz layihənin idarə edilməsinə, büdcəyə və plana nəzarət, hesabat, onunu təhvil verilməsinə, layihənin sona çatması və birbaşa məsləhətləşmə də daxil olmaqla, işin tam həcmini əhatə edir.
Bizim əməkdaşlıq etdiyimiz universitetlərin bilik bazaları da müştərilərimiz üçün ən son analiz, nəzəri və praktiki biliklərin ilk mənbədən əldə edilməsi və tətbiqi üçün çox dəyərli, vacib amillərdən biridir.
- Nəyə görə hazırda ölkəmizdə xarici konsaltinq şirkətlərinə üz tutulur. Sizin bu məsələyə münasibətiniz necədir?
- Təəssüf ki, bu hallara yerli şirkətlərimizdə kifayət qədər rast gəlinir. Mənə elə gəlir ki, bunun təməl səbəbi yerli peşəkarların təcrübəsinə olan inamsızlıqdır. Lakin biz bu fikrin tamamilə əleyhinəyik.Ölkəmizdə bir çox şirkətlər öz təcrübəsi ilə heç də xarici şirkətlərdən geridə qalmır.
Biz “AVA Group Consulting” olaraq cəmiyyətdəki bu fikri yox etməyi hədəfləyirik. Deyə bilərəm ki, bizim təklif etdiyimiz servislərin keyfiyyəti də bunu sübut edir ki, ölkəmizdə olan yerli şirkətlər heç də xaricilərdən geri qalmır.
- Son illər bağlanan bir çox şirkətlər haqqında açıqlanan məlumatlarda görünür ki, onların bağlanmasında əsas səbəblərdən biri risklərin nəzərə alınmamasıdır. Sizcə, Azərbaycanda risklərin idarə edilməsi ilə bağlı real vəziyyət necədir?
- Risklərin idarə edilməsi, əslində, təlim və ciddi təcrübə istəyən bir sahədir. Əminəm ki, bağlanmış şirkətlər bu məsələyə özlərində “kifayət” qədər bilik, təcrübə olduğunu düşünərək, səhv qərarlar nəticəsində bizneslərini uğursuzluğa aparıblar.
Şirkətimizdə olan təcrübəli mütəxəssislər bizim iş adamlarına risklərin idarə edilməsində tam dəstək olaraq onlara lazımi məsləhətləri və təlimləri verə bilər.
- Azərbaycanda konsaltinq şirkətləri də az deyil. “AVA Group Consulting” MMC-nin digər şirkətlərdən fərqi, üstünlüyü nədir?
- Digər şirkətlər konsaltinqin hər hansı bir növü ilə məşğul olurlar. Bizdə isə biznesin hər bir bölməsi və sahəsi üzrə bütövlükdə analiz aparılır və təhlildə aşkar olunan boşluqlar üzrə spesifik lazımi tədbirlər planı hazırlanır. Şirkətlər üçün də rahatdır ki, bir şirkətlə hər istiqamət üzə işləsinlər.
Deyərdim ki, Azərbaycanda bizim şirkət kimi, bu xidmətlərin hamısını göstərən ikinci şirkət yoxdur. Eyni zamanda, müştərilərimizə bütün göstərişləri verib prosesi işə saldıqdan sonra bir neçə ay müddətində həmin şirkəti nəzarətimizdə saxlayırıq.
Hər bir prosesin düzgün işləyib-işləməməsini yoxlayır, hər hansı bir uyğunsuzluq gördükdə isə müəyyən düzəlişlər edirik. Buna görə də işimizə verdiyimiz zəmanət bizim ən böyük fərqimizdən biridir.
Daha ətraflı məlumat üçün bizim http://avagroup.az/ səhifəsinə baxa bilərsiniz.
Ünvan: 37 Xocalı prospekti Bakı AZ, 1025. Dəmirçi Plaza
Əlaqə nömrəsi: +994 55 425 03 03