Azərbaycan İdeyası

Avtomobil bazarında qiymət stabil qalıb: İkinci əl maşınlar üstünlüyünü qoruyur

Tarix:9-07-2026, 15:30
Baxış Sayı:5


Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) 2026-cı ilin iyun ayı üzrə açıqladığı avtomobil indeksi ölkənin avtomobil bazarında qiymət sabitliyinin qorunduğunu, eyni zamanda bazarın strukturunda yenilənmə meyillərinin gücləndiyini göstərir.

Palatadan Oxu.az-a bildirilib ki, iyun ayında avtomobil indeksi 103.5 bənd təşkil edib.

Göstərici 2025-ci ilin dekabr ayı üzrə baza dövrü ilə müqayisədə qiymət səviyyəsinin yüksək qaldığını göstərsə də, may ayına nisbətən 0,6 faiz azalıb. Palatanın qiymətləndirməsinə görə, bu dinamika bazarda kəskin ucuzlaşmadan deyil, qiymətlərin sabitləşməsi və tarazlaşmasının davam etməsindən xəbər verir.

Hesabat dövründə median satış qiyməti 17 min 900 manat olub və əvvəlki ayla müqayisədə ciddi dəyişməyib. Orta qiymətdə qeydə alınan cüzi azalma isə bazara daha aşağıqiymətli avtomobillərin daxil olması və satış strukturundakı dəyişikliklərlə izah edilir. Qeyd olunur ki, beynəlxalq qiymətləndirmə metodologiyalarına əsasən bazardakı real qiymət dinamikasını ən dəqiq əks etdirən göstərici median qiymət hesab olunduğundan, iyunda ümumi qiymət səviyyəsi sabit qalıb.

İyun ayında bazarın 91.8 faizini ikinci əl avtomobillər təşkil edib. AQP bunu istehlakçıların daha əlçatan qiymət seqmentinə üstünlük verməsi, eləcə də yeni avtomobillərin qiyməti və maliyyələşdirmə imkanları ilə əlaqələndirir. Bazarın model strukturunda sedan avtomobillər 46.3 faiz payla liderliyini qoruyub. SUV və krossoverlərin payı isə 26.9 faizə yüksələrək artım tendensiyasını davam etdirib.

Palatanın qiymətləndirməsinə görə, bu dinamika alıcıların daha funksional, təhlükəsiz və komfortlu avtomobillərə, xüsusilə ailə istifadəsi üçün nəzərdə tutulan modellərə marağının artdığını göstərir. Satışa çıxarılan avtomobillərin orta yaşı 14.7 il, orta buraxılış ili isə 2011-ci il olub. Bu göstəricilər ölkənin avtomobil parkının orta yaşının hələ də yüksək olduğunu və yenilənmə prosesinin mərhələli şəkildə davam etdiyini göstərir.

İyun ayında satışa çıxarılan avtomobillərin orta yürüşü 210 min kilometrdən bir qədər artıq olub. Əvvəlki aylarla müqayisədə aşağı olan bu göstərici bazara daha az istismar olunmuş avtomobillərin daxil olduğunu göstərir və avtomobillərin texniki vəziyyəti ilə bazar dəyərinə müsbət təsir göstərən amillərdən biri kimi qiymətləndirilir.

Hesabat ayında aktiv satış elanlarının sayı 43 min 318-dən 41 min 192-yə enib. Təxminən 4.9 faizlik azalma, əsasən, mövsümi amillərlə izah olunur. Yay mövsümünün başlanması ilə satış aktivliyinin nisbətən zəifləməsi bazarın ümumi likvidliyinə ciddi təsir göstərməyib və bazarda rəqabət mühiti qorunub.

Palatanın proqnozuna görə, mövcud tendensiyalar fonunda 2026-cı ilin yay aylarında da avtomobil bazarında ciddi qiymət dəyişiklikləri gözlənilmir. Avtomobil İndeksinin 103-105 bənd intervalında dəyişəcəyi proqnozlaşdırılır.

OXŞAR XƏBƏRLƏR
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Zakir Həsənov: "Üçtərəfli görüş dostluq, tərəfdaşlıq və strateji səviyyəli dialoqun bariz nümunəsidir"
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirləri mühüm sənədi imzaladılar
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Ermənistanın ABŞ-dəki səfiri: "TRIPP layihəsinin inşası 2027-ci ilin əvvəlində başlayacaq"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Azərbaycan Prezidenti: "Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "Azərbaycan bu gün çox ciddi geosiyasi və təhlükəsizlik faktoruna çevrilib"
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Prezident İlham Əliyev: "İslam həmrəyliyinin gücləndirilməsi üçün birləşdirici rol oynayırıq" - Video
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Azərbaycan Prezidenti: "Müasir ideoloji işlər aparılmalıdır"
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı
Bu şəxslərlə vergi ilə bağlı şad xəbər: Güzəşt ediləcək şəxslər... - Siyahı