İyulun 12-dən başlayaraq, Ermənistan silahlı qüvvələri Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində atəşkəsi pozub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən ermənilərin növbəti təxribat xarakterli cəhdlərinin qarşısı alınıb, düşmən tərəfi çoxsaylı itki ilə yerinə geri otuzdurulub. Təəssüf ki, Ordumuz şəhid verib. Xalqımız şəhidləri ilə qürur duyur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışında bildirib ki, şəhidlərimizin torpaq, Vətən uğrunda göstərdikləri şücaət və qəhrəmanlıq hər bir gənc üçün nümunə olmalıdır.
Azərbaycanın bütün regionlarında yaşayan insanlar tərəfindən ölkə başçısına müraciətlər ünvanlanır. Həmin müraciətlərdə xalq Ali Baş Komandan İlham Əliyevə güvəndiyini, onun əmrini gözlədiyini qeyd edir.
Bu məktubların bir qismini təqdim edirik:
Bakıdan Xalq Yazıçısı Natiq Rəsulzadə yazır:
“Hörmətli cənab Prezident.
Son günlərin hadisələri vəhşiləşmiş erməni faşizminin simasını bütün dünyaya bir daha göstərdi. Təcavüzkar ölkənin rəhbərliyi vicdan əzabı çəkmədən öz ambisiyaları, nəyin bahasına olursa-olsun hakimiyyətdə qalmaqdan ibarət merkantil şəxsi istəkləri naminə, öz qeyri-insani məqsədləri xatirinə ölkənin gələcəyi olan gəncləri qurban verərək, sadə xalqın övladlarını ölümə göndərir.
Rəşadətli ordumuzun döyüşlərdə verdiyi itkilər, həyatın astanasında olan hərbi qulluqçılarımızın, gənc əsgərlərimizin həlak olması xalqın səbir kasasını daşırır.
Hörmətli cənab Prezident, Azərbaycan xalqı bütün tarix boyu dəfələrlə döyüş meydanlarında öz rəşadətini sübut edib. Azərbaycan xalqı düşmənlə mübarizəyə qalxıb və mənfur təcavüzkar üzərində qələbə qazanıb. Bunu Böyük Vətən müharibəsi də sübut edib - bu müharibənin döyüş meydanlarında Vətənimizin yüz minlərlə övladı canından keçib. Bunu Aprel döyüşləri də sübut edib, o vaxt düşmən çox sərt və qətiyyətli şəkildə dəf edildi.
Mənim atamın da iştirak etdiyi uzaq Böyük Vətən müharibəsi illərində həmvətənlərimiz özlərinin böyük, çoxmillətli ölkəsi uğrunda alman faşizminə qarşı bu cür qəhrəmancasına döyüşə bilibsə, indi xalqımız Sizin bir sözünüzlə doğma torpağımızı – sevimli Azərbaycanımızı qorumaq üçün murdar erməni faşizminə qarşı döyüşə cəsarətlə gedəcək.
Hörmətli cənab Prezident, mənim yetmiş bir yaşım var və qəhrəmanlıq iddiasında olmadan Sizə deyirəm: yaranmış şəraitdə mən öz xalqımla, xalqımızın ziyalıları ilə birlikdə Vətənə məhəbbətimi sözdə deyil, əməli işdə sübut etməyə hazıram.
Mən nə siyasətçiyəm, nə də diplomat, mən yazıçıyam, lakin hər şeydən əvvəl, mən də Sizin kimi - öz Vətənini, xalqını ürəkdən sevən vətəndaşam.
Şairlərin öz dövrü var, əsgərlərin öz dövrü.
İndi əsgərlərin dövrüdür”.
YAP Qax rayon təşkilatı Gənclər Birliyinin sədri Elvin Həsilov bildirir:
“Hörmətli Prezident, cənab Ali Baş Komandan.
Bütün dünyada müharibələrin susduğu bir zamanda mənfur düşmənlərimiz sərhədyanı bölgədə, xüsusilə Tovuz istiqamətində yenə təxribatlar törədiblər. Milli Ordumuzun kəskin cavabı sayəsində düşmən böyük itki verərək, geri çəkilməyə məcbur olub.
Möhtərəm Prezident, Sizin rəhbərliyinizlə torpaqlarımızın işğaldan azad olunması üçün hər an ön cəbhədə vuruşmağa hazırıq”.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsinin və Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Tovuz rayon filialının sədri Etibar Vəliyev qeyd edir:
“Hörmətli cənab Prezident!
Sizi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Tovuz rayon şöbəsi və Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Tovuz rayon filialının üzvlərinin adından salamlayır, keçmiş döyüşçülərin daim Sizə inandıqlarını, hər an döyüş əmrinizə hazır olduqlarını bildiririk.
Azərbaycanın inkişafını gözü götürməyən namərd qonşularımızın fitnə-fəsad törətmək cəhdləri hər zaman puça çıxıb və bu dəfə də belə oldu.
Hər bir Azərbaycan vətəndaşı bilir ki, Azərbaycan dövləti əmin əllərdədir, çünki sabitliyimizin qarantı olan Siz varsınız, sərhədlərimizi qoruyan rəşadətli ordumuz, ictimai asayişi yüksək səviyyədə təmin edən qətiyyətli polisimiz var”.
YAP Zaqatala rayon təşkilatının fəalı Vüsal Ramazanov yazır:
“Hörmətli cənab Ali Baş Komandan!
Bu gün Azərbaycan Ordusu ölkəni istənilən təcavüzdən qorumağa və hər an torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Hər bir vətəndaşımız yaxşı bilir ki, Azərbaycanın güclü dövləti, güclü ordusu var. Cənab Ali Baş Komandan, döyüş təcrübəsi olan zabit və əsgərlərimiz hər zaman Sizinlədir. Biz Sizə inanır və güvənirik. Əmrinizi gözləyirik, cənab Ali Baş Komandanımız!”
Salyan rayonu, Həsənli kənd sakini Kamran Dünyamalıyev bildirir:
“Hörmətli cənab Prezident.
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatı qəti şəkildə pisləyir, düşmən təxribatının qarşısını alan ordumuzu dəstəkləyirəm.
Əminəm ki, Sizin rəhbərliyinizlə qısa müddətdə Qarabağımızı işğaldan azad edəcəyik. Sizin iradənizə inanır, döyüşə hazır əsgəriniz kimi əmrinizi gözlədiyimi bildirirəm”.