Son günlər ölkə mətbuatının az qala əsas mövzularından birinə çevrilən “Lamiyə Quliyevanın uşağı...” qəzet səhifələrini, saytların xəbərlərini bəzəyib. Elə gün olmur ki, bununla bağlı silsilə yazılar dərc edilməsin, mövzunun “küncdə qalan qəhrəman”larından açıqlama alınmasın. Bəzən saytlar İP yığmaq üçün dezinformasiyaya yol verirlər, qəzetlər diqqət cəlb etmək üçün sensasion başlıqların ümidinə qalırlar.
Amma bu mənzərədə diqqəti çəkən detal L.Quliyeva mövzusunda hökumət qəzetlərinin tutduğu mövqedir: İqtidar mediası bu hadisəni xüsusi olaraq işıqlandırmır, bununla bağlı hər hansı gəlişməni yazmır. Sanki ölkənin xəbər məkanında məlum olay “qaynamır” və hələ də istintaq təcridxanasında atası bəlli olmayan bir uşaq dünyaya gəlməyib. Maraqlıdır, iqtidar mediasının xəbər siyasəti niyə sözügedən hadisəni iqnora atıb?
“Qafqazinfo” xəbər verir ki, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov “Yeni Müsavat”a açıqlamasında dedi ki, bu hadisə ölkə jurnalistikasında peşəkarlıq səviyyəsinin aşağı düşdüyünü göstərir. “Bu, məni çox ağrıdır” deyən müsahib yaranmış vəziyyətin səbəbləri barədə də ötən ilin 3 sentyabr tarixində məqalə ilə çıxış etdiyini yada saldı: “Azərbaycan mətbuatı özəl televiziya kanallarının arxasınca düşüblər. Onların son dövrdə yaratdıqları səviyyəsiz şou proqramların üslubunda mövzulara meyl edirlər. Söhbət nədən gedir? Hansısa bir dustaq, məhkum olunmuş qadın dünyaya uşaq gətirib. Buna hüquqi müstəvidə baxıb, şərh vermək lazımdır ki, qanunidir, ya deyil. Kiməsə qarşı zorakılıq olubmu, olmayıbmı?
Əgər zorakılıq və hüquq pozuntuları varsa, bununla bağlı cəzalar müəyyənləşməlidir ki, belə şeylər olmasın. Bunu şou səviyyəsində edirlər. Biri keçmiş nişanlısının romanını yayır, o biri açıqlamasını. Bu cür yüngül, mənasız, bayağı mövzunu şişirdiblər. Baxanda görürsən ki, bunun arxasında məkrli niyyət dayanır. Bu hadisədə ziyan çəkmiş olan sabiq icra başçısı Aslan Aslanovu mətbuatın gündəminə gətirmək, adını əsassız iddialarda, versiyalarda hallandırmaq istəyirlər”.
B.Sadıqov hesab edir ki, Lamiyə olayında jurnalistika adına ürəkaçan heç nə yoxdur. Onun fikrincə, çap mediası, saytlar özəl kanalların arxasınca düşüblər: “Ciddi mövzular tapa bilmirlər. Halbuki Azərbaycanın da, dünyanın da o qədər problemləri var ki. Saxta erməni soyqırımı, qarşıdan gələn Avropa Oyunları mövzusu mənəviyyat, vətənpərvərlik mövzuları qalıb kənarda. Bir bədbəxt qız türməyə düşüb. Orda ikinci bir xoşagəlməz olay baş verib. Bütün qəzetlər iş-güclərini qoyublar kənara, düşüblər o qızın dalınca”.
Baş redaktor hesab edir ki, L.Quliyeva ilə bağlı baş vermiş hadisənin böyüklüyünə heç kim şübhə etmir. Onun fikrincə, bu məsələni səlahiyyətli orqanlar araşdırmalı və mətbuata informasiya verməlidir: “Burda qanunsuzluq varsa, qanunsuzluğa qarşı çıxılmalıdı. Qanunsuzluq edənlər cəzalanmalıdır. Heç bir qəzetin türməyə girib bunu araşdırmaq, analizlər götürmək, gerçəyi üzə çıxarmaq imkanı yoxdur. Sadəcə, kənardan dayanıb, yüngül yazılar yazırlar ki, bu da yolverilməzdir. Bu məsələdə belə fakt varsa, araşdırma gedirsə, biz onun nəticəsini cəmiyyətə çatdırmalıyıq. Kimisə hədəfləyib, o insanı gündəmə gətirmək fikrimiz yoxdur”.
B.Sadıqov dedi ki, bu, bədbəxt hadisədir və onun baş verməsi 3 cavanın bədbəxt olması, neçə-neçə insanın faciəsi ilə nəticələnib. Müsahibimizin fikrincə, olayı araşdırmaq əvəzinə ondan şou kimi istifadə edilməsi mənəviyyatsızlıqdır.