Azərbaycan İdeyası

“Türkiyə və Azərbaycanın bir dövlət olmasını qəbul etmirəm” – Deputat

Tarix:5-02-2021, 14:30
Baxış Sayı:73

YAP Siyasi Şurasının və İdarə Heyətinin üzvü, sabiq deputat Arif Rəhimzadənin 80 yaşı tamam oldu. Prezident İlham Əliyev yubilyarı doğum günündə – 3 fevralda Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edib.

Sabiq deputatla söhbətimizdə əvvəlcə onu yubileyi və təltif olunması ilə bağlı təbrik etdik və suallarımızı ünvanladıq:

– Arif müəllim, prezidentin sizi “Şöhrət” ordeni ilə təltif etməsi gözlənilməz olmadı ki?

– Vallah, gözləmirdim. Çox qəribə oldu. Mən hesab edirəm ki, prezidentin, həmişə belə olub, ancaq indinin özündə həddindən artıq məşğuldur. Bu məqamda vaxt tapıb məni təltif etməsini çox yüksək qiymətləndirirəm və əlbəttə, bir qədər gözlənilməz oldu. Bəlkə qəlbimdə hardasa uzaqlarda o haqda fikirləşirdim, çünki yaşla əlaqədar təltiflər olur. Ancaq real olaraq mənim o barədə düşüncəm yox idi. Mən buna görə, ümumiyyətlə, fəaliyyətinə görə cənab prezidentə çox minnətdaram. Baxıram, televiziyada çıxışlar edir, qərəzli suallar verən jurnalistlərə tutarlı cavablar verir. Görürsən hazırlıqlı gələn jurnalistlərdir, ancaq prezident o qədər məntiqlə, savadlı danışır ki…Hesab edirəm prezident bununla təkcə özü haqqında yox, bizim xalq haqqında da dünya miqyasında çox aydın təsəvvür yaradır. Bir daha ona minnətdaram ki, bu gərgin iş qrafikində vaxt tapıb. İndi torpaqlar azad olunub, çox böyük tikinti işləri gedir.

– Siz bütün fəaliyyətiniz boyu mövcud hakimiyyəti və dövlət başçısını müdafiə etmisiniz, komandaya da yaxşı bələdsiniz. Bu mənada məmurların Şuşa planı ilə bağlı dövlət başçısının dediklərini, açıqladığı şok məlumatları necə qiymətləndirirsiniz?

– Prezidentə qulaq asdım. Məmurlar fikirləşiblər ki, dedikləri prezidentin xoşuna gələ bilər. Orda hansısa obyektin yaradılması da Şuşanın inkişafına yönəldilmiş addımdır. Ancaq bu, həqiqətən Şuşaya xidmət etsə…Bu işlər Şuşaya xidmət eləmir. Dövlət başçısı bunu çox incə və çox sərt şəkildə qeyd etdi, mən hesab edirəm ki, bu, çoxlarımız üçün dərs olmalıdır.

– Necə bilirsiniz, prezidentlə uzun illərdir bir komandana çalışanlar, onun qaydalarına, tələblərinə bələd olanlar niyə vaxtaşırı bu kimi xəbərdarlıq və töhmətləri öz üzərinə götürməyə meyl edirlər? Birinci şəxsin yürütdüyü siyasətin kursu doğrudanmı hələ də onlara məlum deyil?

– Kurs məlumdur. Ancaq hərənin bir düşüncəsi var. Hamı eyni fikirdə ola bilməz. Yuxarıda bir dirijor olmalıdır, o da var. Ancaq bu şəxs təkcə dirijor deyil, eyni zamanda şapalaq da oradan gəlir. Əlbəttə, bu, həyatdır, hamı səhvlərdə öyrənir. Mən elə başa düşürəm ki, bu, çoxları üçün çox gözəl bir siqnal oldu və gələcəkdə ümumi qayda-qanun çərçivəsində hərəkət edəcəklər. Olur da, insandır, fikirləşib ki, orda möhtəşəm bir bina olsa, bu, Şuşaya fayda verər. Amma cənab prezident çox açıq dedi ki, orda tikilən bütün obyektlər gərək həqiqətən əhaliyə xidmət etsin, heç kəsin orda bir sarayı olmasın, bütün fəaliyyət qarşıya qoyulan vəzifələrin icrasına yönəldilsin.

Qarşıya qoyulan vəzifə də odur ki, Azərbaycanın tarixi mədəniyyət mərkəzi kimi Şuşa dirçələcək. İnsanlar həmişə deyilən sözləri düz tuta bilmirlər, hərdən öz fikirlərinə uyğun olaraq hərəkət edirlər. Bu, olan şeydir. Cənab prezident də onları yaxşı tənbeh elədi. Mən hesab edirəm ki, burda elə də fövqəladə bir şey yoxdur. Ancaq rəhbərlər üçün bu, çox yaxşı dərsdir. Təkcə rəhbərlər yox, elə hamı üçün.

– Bəzi müşahidəçilər hesab edir ki, bu çıxışın ardınca ciddi kadr dəyişiklikləri olacaq, adları çəkilən məmurlar vəzifəsindən uzaqlaşdırılacaq, komanda yenilənəcək. Sizin gözləntiniz necədir?

– Mən hesab edirəm ki, cənab prezidentin o sözlərinin özü məmurlara çox böyük cəzadır. Dəyişdiriləcək, dəyişdirilməyəcək, mən deyə bilmərəm. Niyə, orda işləyən adamların içərisində də yüksək təcrübəyə malik insanlar, yaxşı mütəxəssislər, təşkilatçılar var. Onların hamısını bir səhvə görə…Bilmirəm, deyə bilmərəm. Hər halda götür-qoy olunacaq.

– Arif müəllim, illər öncə demişdiniz ki, üzgüçülüyə gedirəm, idmanla məşğul oluram. Bu gün nə ilə məşğul olursunuz? 80 yaşın ağırlığını hiss etmirsiniz ki?

– Yox, ağırlığını hiss etmirəm. Bircə koronavirusun ağırlığını hiss edirəm. Üzgüçülüyə getmək olmur. Ancaq evdə məşğul oluram. Səhər gimnastika edirəm. İnsan yaxşı halda, 80, 90, 100-ə kimi yaşayır. Mənə elə gəlir ki, bu, məndən çox uzaqdır. Ancaq hər şey ola bilər. Səhhətimlə əlaqədar olaraq. Hər şey qaydasındadır, özümü yaxşı hiss edirəm. Bir ağırlıq hiss eləmirəm.

– Peyvənd olunmusunuz?

– Yox. Olmamışam, amma imtina etmirəm. Peyvənd olacağam, amma bir müddətdən sonra. Bir balaca ara açılsın, mütləq gedəcəyəm. Ola bilsin ki, bunun fəsadları da olsun. Amma ən böyük təhlükə virusdan gəlir.

– Özünüzü qoruya bilirsiniz?

– Hə, qoruya bildim. Özüm də, ailə üzvlərimdən də yan keçib.

– Artıq bir ildir parlamentdən kənardasınız. Oranın ab-havası üçün darıxmırsınız?

– Vallah, mən həmişə xaricilərə baxırdım, ələlxüsus Moskvada, digər şəhərlərdə. Baxırdım ki, yaşlı, ağbirçək adamlardır, məsələn, məndən çox yaşlı adamlar…Ancaq o qədər şən idilər, avtobusla gəlirdilər, mehmanxanada qalırdılar, gəzirdilər, özləri üçün çox yaxşı məşğuliyyət tapırdılar. Mən elə başa düşürəm ki, pensiya yaşı heç də o demək deyil daha sıradan çıxdın, heç kəsə lazım deyilsən. İmkan yaranır ki, insan özü vaxtını müəyyənləşdrisin, yaxşı istirahət eləsin. Əsl istirahət üçün imkan indidir. Qabaqlar çox şeydən asılı idin, bağlı idin, indi onlardan azad olubsan. Bir balaca vaxtı tənzimləsən, pensiya dövrünün özünün də yaxşı imkanları, əlamətləri var.

– İctimai-siyasi fəaliyyətlə aktiv məşğul olmursunuz…

– Niyə məşğul olmuram? Mən YAP İdarə Heyətinin üzvüyəm, bütün iclaslarda iştirak edirəm.

– Bəs, əlavə hansı məşğuliyyətiniz var?

– Mən Dövlət İdarəetmə Akademiyasında fəaliyyət göstərirəm. Ancaq bu fəaliyyətdə koronavirusla əlaqədar olaraq bir qədər məhduddur, yəni onlayn formasındadır. Ancaq beynimi işlətməkdən ötrü imkanlar var.

– Akademik Ramiz Mehdiyev bir çox keçmiş deputat və məmurları AMEA-ya dəvət edib. Sizə belə dəvət gəlməyib?

– Yox, məni dəvət etməyib. Sözün doğrusu, heç bu barədə məlumatım da yoxdur.

– Deputat olmadığınız dövrdə keçmiş həmkarlarınız, komandadaşlarınız sizi yada salırlar, zəng edirlərmi?

– Vallah, zəng çox olur. Həm deputatlar, həm vaxtilə seçildiyim Neftçalanın sakinləri çox zəng edirlər. Təltiflə də əlaqədar o qədər zəng oldu ki. Axırda mənim xəbərim olmadan telefonumun səsini aşağı ediblər. Səhər açıb görürəm saysız zənglər olub.

– Yubiley ovqatınızı korlamaq istəməzdim. Amma sosial şəbəkələrdə ünvanınıza tənqidlər də yazıldı, keçmişdə olanlar xatırlandı. Bu haqda nə deyə bilərsiniz?

– Mənim sosial şəbəkələrdə olanlardan xəbərim yoxdur, oxumamışam. Amma hesab edirəm ki, bir hərəkət eləmişəmsə, o, mənim məntiqimə uyğun olan hərəkət olub. Mən etdiyim şeydən heç vaxt narahatlıq hiss etmirəm. Sübut etsələr ki, bu, belə yox, başqa cür olmalıdır, onda başqa məsələ…İş burasındadır ki, heç kəs mənə bu haqda bir söz deyə bilməyib.

– Azərbaycanın müstəqilliyinin 30-cu ildönümü yaxınlaşır, siz hələ də dövlət müstəqilliyimizin əleyhinə səs verən deputatlardan biri kimi tənqid olunursunuz…

– Mən müstəqilliyin əleyhinə səs verməmişəm. Demişəm ki, bu məsələ göstərişlə yox, insanların rəyi əsasında formalaşmalıdır. Mən fikirləşirdim ki, səsvermə yolu ilə olmalıdır. Deyirdim gəlin camaata izah edək ki, bunun müsbət və mənfi cəhətləri nədir? Mən heç də onun tərəfdarı deyildim ki, mütləq SSRİ qalsın. Ancaq hesab edirdim ki, bu məsələ göstərişlə yox, çoxluğun səsi nəticəsində formalaşmalıdır. Ola bilsin mən səhv etmişəm, o vaxt bəlkə bizim millətin milli iradəsi olmayıb. Ola bilsin…Ancaq mən belə düşünmüşəm və onun tərəfdarı olmamışam.

– Siz həm də biz türk deyilik, azərbaycanlıyıq, yanaşmasına görə tənqid olunurdunuz. Türkiyənin torpaqlarımızın azadlığında müstəsna rol oynadığını yəqin siz də təsdiqləyərsiniz. Bu günlərdə isə Türkiyə və Rusiyanın müşahidə qrupu Qarabağda monitorinqlərə başladılar. Bu haqda nə demək olar?

– Mən hesab edirəm ki, Türkiyənin bizim qələbəmizdə böyük rolu olub. Mən həmişə hesab etmişəm ki, Türkiyə qardaş dövlətdir. Ancaq mən Türkiyə və Azərbaycanın bir dövlət olmağını qəbul etmirəm, Türkiyə Türkiyədir, Azərbaycan Azərbaycan. Bir ailədə əkiz qardaş olur, eyni valideynlərin övladları olsalar da, hərəsinin fərqli mövqeyi olur, başqa cür formalaşır. Azərbaycan da, Türkiyə də qardaş xalqlardır, etnik cəhətdən biz eyni köklərə malikik. Ancaq biz Azərbaycan xalqı kimi formalaşmışıq, Türkiyə də Türkiyə xalqı kimi formalaşıb. Mən bunu demişəm, həmişə də bu mövqedəyəm. Türkiyə xalqının və rəhbərliyinin də Qarabağ məsələsində çox böyük əməyi olub. Onlar bu dərəcədə müdafiə etməsəydilər, ola bilsin başqa tərəf bizə başqa cür baxardı, müəyyən qədər təzyiq göstərərdi. Mən Ermənistanı nəzərdə tutmuram.

– Bəs, Rusiya sülhməramlıları necə, bölgəyə gəlməyə bilərdimi? Sizin bu kontingentlə bağlı narahatlığınız nə qədərdir?

– Hər bir şeyin müsbət və mənfi cəhətləri var. SSRİ-nin müsbət cəhəti yox idi? Öz aramızdır, o qədər müsbət cəhəti var idi ki. Ancaq mənfi cəhəti də var idi. Azərbaycana divan tutdu, azərbaycanlıları sürgün etdi. Hər şey qalsın kənarda, 1948-53-cü illərdə ermənilər məsələ qaldırdı ki, biz bütün dünyada olan erməniləri Ermənistana yığırıq. Bu bəhanə ilə Ermənistandan nə qədər azərbaycanlı Azərbaycana deportasiya olundu. Belə şeylər çox olub. İndi Rusiya sülhməramlıları ilə bağlı məsələnin də müsbət və mənfi cəhətləri var. Müsbət cəhəti odur ki, bizim xalq indikindən artıq itki vermədi, bunun özü çox böyük hadisədir. İndi kimin oğlu, qohumu hərbidədir, yuxarıdan danışa bilər, amma axı, oradakı oğullar məhv olardı, bunlar hamısı bizim xalqın, millətin övladlarıdır. Bu məsələyə necə laqeyd yanaşmaq olar? Özü də ki, qış vaxtına təsadüf etdi, Kəlbəcər və Laçında istehkam da lazım deyildi, oranı almaq çox çətin idi. İtkilər də indikindən dəfələrlə artıq ola bilərdi. Bu, müsbət cəhətdir. Ancaq Rusiya sülhməramlılarının olmasının mənfi cəhəti də var da. Bununla belə, 5 ildən sonra istəməsək, biz ondan imtina edə bilərik və Rusiya sülhməramlıları zorla heç vaxt burda qala bilməz. Ona görə də cənab prezidentin siyasəti bu məsələdə də çox uzaqgörən və məqsədyönlüdür, Azərbaycan xalqının maraqlarına tam uyğundur.

– Deməli, siz Türkiyə-Azərbaycan ittifaqı, yaxud “Bir millət-bir dövlət” formulunu qəbul etmirsiniz, eləmi?

– Mən əleyhinə deyiləm, hesab edirəm ki, bu, real deyil. İttifaq ola bilər, necə TürkPA var. Ancaq Azərbaycan müstəqil dövlətdir və həmişə müstəqil olaraq inkişaf edəcək. Azərbaycan heç kəsin tərkib hissəsi olmayacaq.

– Xankəndi, Xocalı ilə bağlı nə düşünürsünüz?

– Orda da vəziyyət düşələcək, hər şey yaxşı olacaq. Erməni də başa düşəcək. Ermənilərin hamısı belə deyil e…Düzdür, müharibə ilə əlaqədar sonradan onların çoxu fikrini dəyişdi, aqressiv mövqe tutdular, ancaq Bakıda, başqa yerlərdə adam kimi yaşayırdılar da. Məcburiyyət onları adam edəcək. Başa düşəcəklər ki, dünya miqyasında özlərini “seçilmiş” bir xalq kimi tanıdırmağa, danışmağa son qoyulacaq. Bax, sonun başlanğıcını Azərbaycan həll etdi. Bizimkilər Xankəndinə də, digər yerlərə də qayıdacaqlar və erməni azərbaycanlıların yanında yaşayacaq.

– Şuşaya getmək istəyirsiniz?

– Baaa…Çox. Məmnuniyyətlə. İmkan olan kimi, tək Şuşaya yox, Laçına və Kəlbəcərə getmək istəyirəm. Mənim bir kəlbəcərli dostum var, vaxtaşırı danışırıq ki, icazə verilən kimi, mütləq ora gedəcəyik. Mən cavanlıqda Kəlbəcərdə olmuşam. Allah şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun! Deyirik Dağlıq Qarabağ münaqişəsi. Bu, Dağlıq Qarabağ münaqişəsi deyildi e, iki əsr davam edən münaqişə idi. Cənab prezident ona son qoydu.(musavat.com)

OXŞAR XƏBƏRLƏR
HomeRenobib 25 may 2023 05:20
  Жалоба     
remodeling construction King City Canada
https://pinterest.ca/homerenostoronto/

renovation designer Etobicoke Canada
renovation interior design Richmond Hill Canada
redoing bathroom Oakville Canada

my kitchen remodel Brampton Canada

residential remodeling Vaughan Canada
kitchen renewal Mississauga Canada
need kitchen remodel Thornhill Canada

<a href=https://www.pinterest.ca/homerenostoronto>house remodeling Etobicoke Canada</a>

home kitchen renovation Thornhill Canada
kitchen home improvement Thornhill Canada
the home renovator Scarborough Canada


#eZ5OKAYrV5acqAeL7
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Azərbaycanda Dövlət Bayrağı Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür
Bu gün Şuşa Şəhəri Günüdür