Azərbaycan İdeyası

Deputat məmurlara səsləndi

Tarix:4-02-2016, 17:12
Baxış Sayı:468

Deputat məmurlara səsləndi





Tovuz rayonunda 2015-ci ilin yekunlarına həsr olunmuş, rayonun bütün qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən geniş tədbirdə rayon icra hakimiyyətinin başçısı T.Zeynalov, Prezident Aparatının rəsmi nümayəndəsi Əlibaba Əliyev, millət vəkilləri Qənirə Paşayeva və Ülviyyə Abdullayeva iştirak ediblər.
Tovuz rayonu icra hakimiyyətinin başçısı T.Zeynalov 2015-ci ildə rayonda görülmüş işlər, əldə edilmiş uğurlar və həllini gözləyən məsələlər barədə geniş məruzə ilə çıxış edib. Prezident Aparatının rəsmi nümayəndəsi Əlibaba Əliyev Prezident İlham Əliyevin yürütdüyü siyasət, əldə olunmuş uğurlar və ölkəmizin inkişafı istiqamətində dövlət başçısının qarşıya qoyduğu vəzifələrlə bağlı geniş məlumat verib.
Q. Paşayeva çıxışına Prezident İlham Əliyevin son toplantılarda səsləndirdiyi xalqın maraq və mənafeləri hər şeydən üstündür düşüncəsini xüsusi vurğulayaraq başlayıb və yerli məmurları, nazirliklərin rayon şöbələri rəhbərlərini əhalinin problem və qayğılarına daha həssas münasibət göstərməyə, onların həlli istiqamətində daha çox çalışmağa, süni əngəl və maneələrə yol verməməyə çağırıb.
Rayonlarda, o cümlədən Tovuzda da insanlarımızın üzləşdiyi ən böyük problem işsizliklə bağlıdır deyən millət vəkili Q. Paşayeva deyib ki, imkanı olub sərmayə qoymaq, hətta kiçik də olsa bir iş yeri açmaq istəyən hər bir insana icra qurumları, bələdiyyə, nazirliklərin rayonlardakı qurumları ciddi şəkildə dəstək olmalıdır:
“Bu istiqamətdə süni əngəllərə yol verilməməlidir. Çünki dünya bazarında neftin qiymətinin düşməsindən, devalvasiyadan sonra dövlətin maliyyə hesabına həyata keçirilən layihələrin, demək iş yerlərinin sayının da azalması gözləniləndir. Ona görə də dövlət qurumları, məmurlar hər bir iş yeri açmaq istəyən şəxsə dəstək olmalıdır ki, işsizlik artmasın. Ümid edirəm ki, Tovuzda iş yeri açmaq, biznes qurmaq istəyənlərə dəstək daha da artacaq və artmalıdır. Çünki bu cənab Prezidentin qarşıya qoyduğu əsas məsələlərdən biridir”.
Q.Paşayeva təhsil qurumlarına üz tutaraq təhsilin keyfiyyətinə daha da ciddi diqqət yetirməyə çağırıb.
O bildirib ki, gənclər arasında siqaretdən, alkoqoldan, narkotikadan istifadə edənlərin, qumar oyunlarına qurşananların sayının atması bizi ciddi narahat etməlidir və məktəblərdən başlayaraq bütün rayonda gənclərlə məşğul olan dövlət və qeyri-dövlət qurumları ilə birlikdə bu istiqamətdə maarifləndirmə işləri daha da artırılmalıdır. O cümlədən gənclərin mənəvi-əxlaqi tərbiyəsi ilə bağlı məsələlər.
Gənclərin sağlamlığı bizim üçün ən vacib məsələlərdən biridir deyən millət vəkili Q. Paşayeva məktəblərdə idmana böyük diqqət yetirilməklə yanaşı rayon Olimpiya İdman Kompleksini gənclərin üzünə daha çox açmağa çağırıb. O bildirib ki, bu komplekslərdən gənclər daha çox istifadə etməlidir və buna şərait yaradılmalıdır.
Səhiyyə sahəsində məsələlərə toxunan millət vəkili rayonda onun keyfiyyətinin daha da artırılmasının vacib olduğunu deyib. Bu il bir neçə insan qaraciyər köçürülməsi ilə bağlı kömək üçün mənə müraciət etmişdi. Adamların heç xəbəri də yoxdur ki, Hepatit C-yə hardan yoluxa bilər deyən millət vəkili Q. Paşayeva Hepatitlər də daxil olmaqla bir sıra xəstəliklərin artmaması üçün rayon səhiyyə qurumlarını sakinlərin tibbi maarifləndirilməsi məsələsində daha fəal olmağa çağırıb.
O bildirib ki, rayonda Hepatit C-nin və bir sıra xəstəliklərin yayılmasına mənbə ola bilən stomatoloji kabinetlər, qadın və kişi salonlarında sanitar vəziyyətə ciddi nəzarət olmalıdır. Eyni zamanda yaxın qohum nigahların zərərləri, irsi qan xəstəlikləri barədə də insanların maarifləndirilməsi artmalıdır. Millət vəkili rayonda qaz təminatı ilə bağlı problemlər olduğunu diqqətə çatdıraraq rayon qaz idarəsi rəsmilərini özəliklə qış aylarında əhalinin ortaya çıxan problemlərinə daha həssas münasibət göstərməyə çağırıb.
O cümlədən rayon elektrik və qaz idarələri rəhbərlərini də əhalidən gələn şikayət və problemlərə daha həssas yanaşmağa çağıran millət vəkili Q. Paşayeva məhkəmə qərarlarının icrası sahəsində özəlliklə ayrılan ailələrdə köprə uşaqları ilə anaların aylarla aliment ala bilməməsi, qərarların icrasındakı problemlərə də toxunaraq bu istiqamətdə problemlərin tezliklə həllini tapması lazımdır deyib. Ünvanlı sosial yardım sahəsində ortaya çıxan problemlərə daha geniş yer ayıran millət vəkili Q.Paşayeva bu istiqamətdə bəzi məsələlərin həlli ilə bağlı Milli Məclisdə təkliflərlə çıxış etdiyini diqqətə çatdıraraq ünvanlı sosial yardımın verilməsində heç bir süni əngəl olmamalıdır deyib.
Bu vəsaiti dövlət ən ağır vəziyyətdə yaşayan ailələrə verir və məhz bu cür ailələrin bu yardımdan daha yaxşı yararlana bilməsi üçün bütün xoşagəlməz hallar yığışdırılmalıdır deyən millət vəkili Q. Paşayeva kənd icra nümayəndələri və bələdiyyələri də əhalinin ortaya çıxan məsələlərinin həllində daha fəal olmağa, laqeydliyə yol verməməyə çağırıb.
Özəlliklə kənd təsərrüfatı ilə bağlı həllini gözləyən məsələlərə toxunan millət vəkili Q. Paşayeva bir neçə gün sonra Tovuzda Kənd Təsərrüfatı naziri və rayon rəhbərliyinin və yerli fermerlərin iştirakı ilə keçiriləcək geniş müzakirələrin müsbət nəticələri olacağına inandığını deyib:
“Bu rayonu təmsil edən millət vəkillərindən biri kimi hər zaman ortaya çıxan məsələlərin həllində hər dəstəyi göstərməyə hazır olduq və bundan sonra da belə olacaq. Çünki cənab Prezidentin də vurğuladığı kimi biz hamımız millət vəkilləri, məmurlar xalqın xidmətçiləriyik və ona yaxşı xidmət göstərmək üçün daha çox çalışmalı və həssas olmalıyıq. Ölkəmizin sabitliyi və inkişafı hamımız üçün ən vacib məsələ olmalıdır.
Heç birimizin marağı dövlətimizin marağından üstün ola bilməz və olmamalıdır. Ona görə də inanıram ki, bundan sonra işlərimizi daha da sürətləndirəcəyik və cənab Prezidentin qarşıya qoyduğu məqsədlərin həyata keçirilməsi, əhalimizin güzəranının daha da yaxşılaşdırılması istiqamətində birlikdə daha böyük səylə birlikdə çalışacağıq”. Tədbir zamanı rayonun ayrı-ayrı qurumlarının rəhbərləri, sahibkarlar çıxış edərək görülmüş işlər barədə məlumat verib, əldə olunmuş uğurlar və həllini gözləyən məsələlər barədə danışıb, təkliflərlə çıxış ediblər.
Tədbirin sonunda tədbir iştirakçıları, rayon ictimaiyyəti adından cənab Prezidentə müraciət qəbul olunub və orada Tovuz rayonu ictimaiyyətinin bundan sonra da dövlətimizin inkişafı istiqamətində dövlət başçısının siyasətini dəstəkləyərək ölkəmizin bundan sonra da uğurlu inkişafı üçün daha da fəal çalışacaqları qeyd olunub.

OXŞAR XƏBƏRLƏR
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."