"Korrupsiya və Qanun" qəzetinn məlumatına görə, məlum olduğu kimi, bu günlərdə Avropa Şurasının baş katibi Tyorbyorn Yaqland təşkilatın Nazirlər Komitəsinə Azərbaycanda insan hüquqları məsələləri üzrə birgə işçi qrupunda Avropa Şurasının iştirakının ləğv olunması ilə bağlı qərarını açıqlayıb ki, bu da "Qərb demokratiyası vaizlərinin" növbəti hücumu idi.
Avropa Şurası öz qərarını ölkədə guya insan hüquqları sahəsində vəziyyətin kəskin pisləşməsi ilə əsaslandırıb.
Rəsmi məlumatda həmçinin deyilir ki, qərarını Nazirlər Komitəsinə açıqlamazdan öncə baş katib Yaqland bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məlumat verib.
Xatırladaq ki, 2005-2008-ci illərdə fəaliyyət göstərən insan hüquqları üzrə birgə işçi qrupu ötən il oktyabrın 22-də fəaliyyətini bərpa edib. Bir qədər sonra isə Tyorbyorn Yaqland şəxsən Avropa Şurasının ölkə hakimiyyəti ilə əldə etdiyi müvafiq razılıq barədə məlumat verdi.
Qrupa mühüm vəzifə - vətəndaş cəmiyyəti ilə hakimiyyət arasındakı dialoqu bərpa etmək tapşırılmışdı.
Qrupa Azərbaycan parlamentinin deputatları, vətəndaş cəmiyyətinin, hüquq müdafiə təşkilatlarının üzvləri, Prezident Administrasiyasının nümayəndələri, avropalı ekspertlər daxil idi. Qeyd etmək lazımdır ki, ümumilikdə bu müddət ərzində birgə nizamlı iş qurulmuş, beynəlxalq öhdəliklər çərçivəsində mühüm məsələlərə bağlı müvafiq qərarlar qəbul olunmuşdu. Bu gün Azərbaycanın tamamilə seçkiqabağı atmosferə kökləndiyi bir vaxtda (heç şübhəsiz, parlament seçkiləri ölkənin siyasi həyatında ciddi hadisədir) avropalı "tərəfdaşlarımız" bu dəfə artıq Avropa Şurası vasitəsi ilə bizə "ədalət" modelinə Qərbin yanaşmasını təlqin etməyə çalışırlar.
İstənilən halda, Avropa Şurası Azərbaycanı guya insan hüquqlarının pozulmasında və xüsusilə "siyasi məhbusların" qəbuledilməz şəraitdə saxlanılmasında ittiham edir. Faktiki olaraq, biz hazırkı mərhələdə Qərbin Azərbaycana münasibətinin, məsələn, 20 il bundan əvvəlki kimi yenə də qərəzli olaraq qaldığını anlayırıq. Yenə eyni antiazərbaycançı qüvvələr vəziyyəti gərginləşdirməyə davam edir və bununla da, Qərb dünyası ilə əməkdaşlığın perspektivlərini şübhə altına alırlar. Və nədənsə son zamanlarda Azərbaycana qarşı bu cür təzyiq cəhdləri nəzərəçarpacaq dərəcədə artıb.
Azərbaycan dəfələrlə gücündən və nüfuzundan asılı olmayaraq istənilən dövlət tərəfindən daxili işlərə müdaxilənin yolverilməz olduğunu bəyan edib. Bakının yürütdüyü siyasət praqmatik siyasətdir. Biz heç bir dövlətin daxili işinə qarışmırıq və özümüzə qarşı da eyni münasibəti qəbul edirik.
Azərbaycan birgə qrupun fəaliyyətinin bərpa olunmasına razılıq verməklə, əslində, özünün prinsipial mövqeyini göstərmişdi və faktiki olaraq, bununla da avropalılara daxili məsələlərin həllində müəyyən dərəcədə iştirak etmək imkanı vermişdi. Amma görünür, Qərbdə hələ də "iştirak etmək" və "qərar qəbul etmək" anlayışlarını bir-birindən ayırmaqda çətinlik çəkirlər.
Qərbdə istənilən vacib qərarın başqa şəkildə deyil, yalnız milli maraqlar çərçivəsində ölkə hakimiyyəti tərəfindən qəbul edildiyini anlamırlar və ya bununla barışmaq istəmirlər. Azərbaycanın xoş məramını qiymətləndirə bilməmək avropalıların özləri üçün problem yaradır, çünki birgə işçi qrupun Qərbin bütün diktə və istəklərini yerinə yetirəcəyinə bel bağlamaq ən azı qeyri-ciddidir. Bu birlik Qərbdə qızışan antiazərbaycan qüvvələrin maraqlarına xidmət etmək üçün deyil, tərəflərin birgə işinin daha obyektiv, dolğun və legitim olması kimi tamamilə başqa məqsədlər üçün yaradılıb. Biz birinci və ya onuncu dərəcəli Avropa strukturları səviyyəsində bizə ünvanlanan kəskin və həqiqətdən uzaq birtərəfli bəyanatları dinləmək niyyətində deyilik. Qərbin Azərbaycanda baş verən proseslərə həddindən artıq və haradasa, qeyri-sağlam maraq göstərməsinə biz onsuz da adekvat reaksiya veririk, çünki dövlətin həm daxili, həm də xarici siyasəti hüquqi səviyyədə qurulub və hüquq normaları və qanunlarla ziddiyyət təşkil etmir. Elə bu səbəbdən də, Azərbaycan ölkədə baş verən prosesləri siyasiləşdirmək cəhdləri ilə bağlı Qərbin əsassız çağırışlarına kəskin reaksiya verir. Analoji cəhdlər az olmayıb və jurnalist Rasim Əliyevin məişət zəminində ölümü ilə bağlı hadisə kimi kifayət qədər misal göstərmək olar. Qərbdə bu hadisəyə birmənalı olaraq siyasi don geyindirdilər və yeri gəlmişkən, cənab Tyorbyorn Yaqlandın bununla bağlı ittihamları reallıqdan uzaq və həddindən artıq emosional idi. Yeri gəlmişkən, Yaqlandın Azərbaycana qarşı "dost" münasibəti Qərbə də yaxşı məlumdur.
Bir vaxtlar Britaniyanın "News Performance" nəşri "Azərbaycan kimi inkişaf edən ölkələri tənqid etməliyik, yoxsa onlara dəstək göstərməliyik?" sərlövhəli məqaləsində Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandın Azərbaycanla bağlı mövqeyini tənqid etmişdi. Məqalənin müəllifləri qeyd etmişdilər ki, bu yazı baş katibin "Azərbaycanda insan hüquqları çox həssas məsələdir. Böyük Britaniya buna göz yummamalıdır" məqaləsinə cavabdır.
"Biz Azərbaycanda insan hüquqları məsələsi ilə bağlı Yaqlandın tənqidi ilə qəti surətdə razılaşmırıq və onun bəyanatını qəbul etmirik", - deyə siyasi nəşrin məqaləsində qeyd olunurdu.
Eyni zamanda, vəziyyəti ağılla qiymətləndirən britaniyalı müəlliflər qeyd edirdilər ki, Azərbaycandan Böyük Britaniya səviyyəsində demokratik sistem gözləmək olmaz, çünki o, müstəqilliyini bərpa etdiyi andan etibarən demokratik inkişaf modeli quran gənc ölkədir. Onlar həmçinin bildirirdilər ki, Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət daha da yaxşılaşacaq, çünki ölkə hakimiyyətinin Azərbaycanı Avropa səviyyəsində demokratiya ölkəsinə çevirmək üçün kifayət qədər güclü iradəsi var.
Xatırladaq ki, bu məqalənin nəşri ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə aralarında hüquq müdafiəçilərinin də olduğu 84 insan azadlığa buraxılmışdı. Yeri gəlmişkən, bu vacib fakt məqalə müəlliflərinin diqqətindən kənarda qalmamışdı.
Gözlənildiyi kimi, Avropa Şurasının baş katibinin provokativ bəyanatı Azərbaycanda narazılığa və sərt reaksiyaya səbəb oldu.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Twitter sosial şəbəkəsindəki rəsmi səhifəsində Avropa Şurasının baş katibi Tyorbyorn Yaqlandı tənqid etdi.
Prezident Administrasiyası rəhbərinin müavini Avropada miqrant və qaçqınların hüquqlarının pozulması məsələsində Yaqlandın qərarsızlığına münasibət bildirdi.
"Özünü insan haqlarının "cangüdəni" hesab edən Yaqland çox "usta diplomat"dır. Neçə illərdir Avropada bütün hüquqları pozulan miqrant-qaçqınlarla bağlı cəmi bir neçə dəfə mövqe bildirməyə cürəti çatıb", - deyə Novruz Məmmədov vurğuladı. "Azərbaycanla bağlı dərhal mövqe bildirməklə Yaqland, şübhəsiz, haralarasa "sədaqətinin" sonsuz olduğunu göstərir", - deyə Novruz Məmmədov qeyd etdi.
Eyni zamanda, tamamilə aydındır ki, Avropa strukturlarının hər hücumu ilə onların Azərbaycandakı nüfuzu azalır, bu isə ikitərəfli münasibətlərin xeyrinə deyil. Bununla bağlı, ilk növbədə, həyəcan və təşviş hissi ilə Azərbaycanla əməkdaşlıqdan danışan avropalılar düşünməlidirlər. Aydındır ki, Avropa Şurasının baş katibinin nümayəndələrinin iştirakından asılı olmayaraq insan hüquqları məsələləri üzrə işçi qrupu bundan sonra da Azərbaycanda işləməyə davam edəcəkdir. Lakin problem ondadır ki, Azərbaycana qarşı artan hücumlar az qala Qərbdə adi işə çevrilir ki, bu da gənc və müstəqil dövlətlərin siyasətini dəstəkləməkdənsə, hər vəchlə avropalı bürokratların təxribatçı bəyanatlarını həvəsləndirən mötəbər beynəlxalq təşkilatların imicinə mənfi təsir göstərir. Bu tendensiya Avropanı Azərbaycanla münasibətlərin qaçılmaz böhranına aparır.