"Biz Səudiyyə Ərəbistanı və Pakistan kimi ölkələrin müsbət fəaliyyətini nəzərdən qaçıra bilmərik"
img
Yeganə Hacıyeva: "Bütün bunları nəzərə aldıqda, islam ölkələri mütləq müsəlman təəssübkeşliyini kənara qoymamalıdır"
Ermənistan mətbuatı Türkiyədə fəaliyyət göstərən bir maliyyə qurumunun qərargahının Ankaradan İrəvana köçürülməsi istiqamətində böyük isterika qaldırıb və bunu özünün uğuru kimi təqdim edir. Həmin ölkənin KİV-ində verilən məlumatda bildirilir ki, Avrasiya Fond Birjaları Federasiyası icraiyyə komitəsi bu barədə qərar qəbul edib. İş burasındadır ki, həmin qurumun başında duran şəxs müsəlman ölkəsini təmsil edir.
Misir birjasının rəhbəri olan Məhəmməd Ömər eyni zamanda Ermənistana köçürülən qurumun başında durur. Məhəmməd Ömər böyük bir fəxarətlə bildirir ki, bu qərarı onun ölkəsi edilən müraciətdən sonra verib. Səbəbi də belə izah edir ki, Ermənistanın Rusiya və Kiprlə yaxşı münasibətlərinin olması və Türkiyənin həmin qurumda öz fəaliyyətinə xitam verməsi belə bir qərarın qəbulunu gerçəkləşdirib. Bildirilir ki, belə bir nəticəyə 33 dövlətin iştirak etdiyi toplantıda gəliblər. Göründüyü kimi, Ermənistan daha bir müsəlman ölkəsinin dəstəyi ilə əhatələnmiş olub. Bundan əvvəl Qətər də Ermənistanla "qardaşlaşmaq" istiqamətində addım atdı. Digər nüfuzlu müsəlman ölkələrinin Ermənistanla işğalçı olduğu səbəbindən münasibətlərini kəsməsi dönəmində Qətər kimi müsəlman ölkəsi Sarkisyan kimi terrorçu və əli müsəlmanların qanına batana rəsmi səfər çərçivəsində qucaq açdı.
Qeyd edək ki, Prezident İlham Əliyev İslam aləmində həmrəyliyin olmasının zəruriliyi və problemlərdən birgə çıxış yolunun axtarılmasının vacibliyini əsas tutaraq müəllifi olduğu məqalədə bu problemə diqqət ayırıb. Bu günlərdə dərc edilən həmin məqalədən sitat: "Müstəqillik dövründə İslam aləmi ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil etmişdir. Azərbaycanın ilk diplomatik missiyaları məhz müsəlman ölkələrində fəaliyyətə başlamış, dövlətimiz qısa zamanda İslam Əməkdaşlıq Təşkilatı (İƏT), ISESCO kimi müsəlman dünyasını birləşdirən qurumların fəal üzvünə çevrilmişdir. Azərbaycan islam həmrəyliyinin möhkəmlənməsinə töhfə verən İƏT Gənclər Forumu, İƏT Əmək Mərkəzi, İƏT-ə Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyası kimi yeni qurumların yaradılmasının təşəbbüskarı olmuşdur. Eləcə də ölkəmiz müsəlman dünyası ilə əlaqələrin genişləndirilməsinə xidmət edən ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatları qurmuş, bu çərçivədə həyata keçirilən bir çox layihələr qarşılıqlı münasibətlərin möhkəmlənməsinə yönəlmişdir.
Bu gün müsəlman dünyasının əvvəlki dövrlərdə heç zaman olmadığı qədər daha çox birliyə və həmrəyliyə ehtiyacı var. Buna görə də 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli" elan olunması bütün müsəlman aləminə və dünyaya xoşməramlı mesajdır. "İslam Həmrəyliyi İli"nin əsas məqsədləri müsəlman aləmində birliyi möhkəmləndirmək, islamın sülh və mədəniyyət dini olduğunu bütün dünyaya göstərməkdir. Hesab edirəm ki, bu ilin mayında Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları təkcə idman yarışı olmayacaq, eyni zamanda, bütün İslam dünyasının birlik, həmrəylik günləri olacaq".
Təəssüflər olsun ki, Qətər, Misir kimi ölkələrin timsalında biz bu həmrəyliyi görmürük. Onların atdığı bu addımları necə xarakterizə etmək olar?
Politoloq Yeganə Hacıyeva bəzi müsəlman ölkələrinin atdığı addımı doğru saymır: "Təbii ki, biz bu münaqişəyə sırf dini kontekstdən yanaşa bilmərik. Ancaq haqqı-ədaləti qorumaq hər ölkənin borcudur.
Ermənistan dövləti müsəlman-Azərbaycan torpaqları üzərində yaradılıb. Bu dövlətin və işğal etdiyi Azərbaycan torpaqlarının sahəsi heç də az deyil. Ermənilərin burada tökdüyü müsəlman qanı, müsəlmanlara yaşatdığı faciələr digərlərindən geri qalmır.
Belə olan halda, müsəlman təəssübü çəkməli olan ölkələr Ermənistanı da bir dövlət kimi tanımamalıdır. Amma reallıq bunun əksinədir. İran, Qətər, Misir kimi islam ölkələri bu amilə riayət etmirsə, bu sarıdan vəziyyət acınacaqlıdır. Amma biz Səudiyyə Ərəbistanı və Pakistan kimi ölkələrin də müsbət fəaliyyətini nəzərdən qaçıra bilmərik. Onlar işğal faktoruna görə Ermənistanla heç bir əlaqə qurmur.
Təəssüf ki, Qərb ölkələrinin bir qismində hələ də Ermənistanı işğalçı kimi qəbul etmək istəmirlər. Görünür, bəziləri hələ də dini təəssübkeşlik şinelindən çıxa bilməyib. Ancaq tərsi olaydı, yəni Azərbaycan Ermənistan torpaqlarına iddia etsəydi, ələ keçirsəydi, şübhə etmirəm ki, Azərbaycana qarşı ən sərt sanksiyalar tətbiq olunacaqdı və bizə qarşı təzyiqin həddi-hüdudu olmayacaqdı.
Eynilə dini təəssübkeşlik Türkiyənin Avropa İttifaqına yolunu qapadıb, bəziləri müsəlman Türkiyənin Avropa İttifaqında söz sahibi olmasını istəmir və buna görə də "xristian klubunu" Türkiyədən "qoruyur". Bütün bunları nəzərə aldıqda, islam ölkələri müsəlman təəssübkeşliyini kənara qoymamalıdır".