"Meydan TV"nin sabiq rəhbəri, hazırda Almaniyada yaşayan Emin Milli Facebook səhifəsində yeni paylaşımında Azərbaycan hakimiyyətindən, hökumətdən üzr istəyib.
O yazıb: "İlham Əlievdən də, hökümətdən də, müxalifətdə olan müxtəlif insanlardan da həyatımın müxtəlif anlarında nifrət ifadə etdiyimə görə üzr istəyirəm.
İllər keçdikcə, həyat təcrübəsi artdıqca anlayırsan ki, tənqidin içində də belə nifrət olanda bu qurucu yox, dağıdıcı bir rol oynayır. Ədalət naminə nifrət belə çox təhlükəli ola bilər.
Ölkəmizdə o qədər nifrət var, o qədər etibarsızlıq var ki, mən artıq bu nifrətin içində boğuluram. Hamımız boğuluruq, amma çıxış yolu tapa bilmirik.
Müxalifət heç nəyə baxmayaraq nifrətə qalib gələ bilsə bu xalqı bir neçə addım irəliyə apara biləcək", - Emin Milli yazıb.
Onun sözlərinə görə, AXCP sədri Əli Kərimlinin pasportu özünə qaytarılarsa, bu da çox müsbət addım olardı: "Bizim cəmiyyətin xoş xəbərlərə, sevgiyə, müsbət addımlara indi çox böyük ehtiyacı var".
Emin Milli hesab edir ki, hamımız birlikdə Azərbaycanın yeni hekayəsini qura bilərik. Gəlin buna cəhd edək. Birlikdə.
"Berlində bu kafedə oturmuşam bu köhnə kresloda. Dedim düşündüklərimi hamınızla paylaşım. Adam işsiz olanda çox azad olur, çox rahat olur, düşünməyə də çoxlu vaxtı olur", - E.Milli yazıb.
"Meydan TV"-nin sabiq rəhbərinin bu açıqlaması "işsiz adamın köhnə kreslodakı fikirləri" deyil.
İllərdən bəri Azərbaycana və habelə, hakimiyyətə qarşı çox sərt, hətta düşmənçilik mövqeyi tutmuş Emin Abdullayev (Emin Milli) nifrətin, hədələr və "ultimatum"ların, habelə ifrat emosionallığa yüklənmiş böhtanların və sifarişli suçlamaların mənasız, nəticəsiz olduğunu anlayıb.
O, çox gec olsa da, dərk edib ki, Azərbaycanla təzyiq, pressinq, çuğulluq lüğətində danışmaq mümkün deyil.
Avropa və ABŞ-dakı sifariçişlər bunu daim tələb edərək iftira kampaniyasının intensivliyinin artırılmasını tələb etsələr də.
Ziyanın yarısından da qayıtmağın bir xeyir olduğunu nəzərə alsaq, Emin Millinin "Meydan TV" və həmin strukturun ətrafında daldalanan, habelə sosial şəbəkələrdə yalanlarla nifrini yaşam prinsipi ilə fəaliyyət taktikasına döndərmiş məxluqatdan kənarlaşmaq istəyi də təqdirəlayiqdir.