KORUPPSİYA-Q.AZ
XI Qəbələ Beynəlxalq Musiqi Festivalı uğurla başa çatdı
Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə keçirilən XI Qəbələ Beynəlxalq Musiqi Festivalı avqustun 5-də uğurla başa çatıb. Gözəl ənənəyə çevrilən festival bu dəfə də öz möhtəşəmliyi ilə musiqi dünyasının diqqətini Qəbələyə cəlb edə bilib. İyulun 31-də başlanan və altı gün davam edən musiqi bayramında Rusiya, İsrail, ABŞ, İtaliya, İsveçrə, Ukrayna, Özbəkistan, Litva, Çin və Türkiyədən dünya şöhrətli dirijorlar, görkəmli musiqiçilər, orkestrlər, həmçinin Azərbaycanın tanınmış musiqi kollektivləri iştirak ediblər.
Publika.az xəbər verir ki, festivalın davam etdiyi günlərdə musiqisevərlər və Qəbələnin qonaqları Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə simfonik və Azərbaycan Dövlət Simfonik orkestrlərinin konsertlərini, “Cello Extravaganza” və dünya şöhrətli pianoçu Oksana Yablonskayanın 80 illiyinə həsr olunmuş “Oksana Yablonskaya və dostları” adlı konsert proqramlarını, “Kiyev virtuozları” simfonik və Qara Qarayev adına Azərbaycan dövlət kamera orkestrlərinin, “Naz-nazı” muğam qrupunun müşayiəti ilə Azərbaycanın gənc muğam ifaçılarının, “Clarte” klarnet kvartetinin, Türkiyədən gəlmiş “Trio Miraculum” qrupunun çıxışlarını izləmək imkanı qazanıblar.
Avqustun 5-də axşam Mədəniyyət Mərkəzində XI Qəbələ Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi və yekun konserti olub. Mərasimdə festivalın təşkilatçı qurumlarının təmsilçiləri, rayon rəhbərliyi, tanınmış musiqiçilər, musiqisevərlər və şəhərin qonaqları iştirak ediblər.
Bağlanış mərasimində “Kiyev virtuozları” simfonik orkestrinin müşayiəti ilə tamaşaçılara “Viva opera” konsert proqramı təqdim olunub.
İtaliyalı musiqiçi Alvize Kazellatinin dirijorluğu ilə keçən konsertdə C.Verdinin, C.Rossininin, P.Sorozabalın, Ş.Qunenin, E.Kornqoldun, C.Puççininin əsərləri ifa edilib.
Solistlər Mariya Buynosova (Rusiya), Modestas Sedleviçius (Litva) və Umid İsrailovun (Özbəkistan) ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
ƏTRAFLI
Adsgarden inPage 5
Konsertin sonunda bütün solistlər birlikdə C.Verdinin “Travita” operasından “Brindisi” ifa ediblər.
Xatırladaq ki, XI Qəbələ Beynəlxalq Musiqi Festivalını altı gün ərzində həm ölkəmizin bölgələrindən, həm də xarici ölkələrdən çoxlu musiqi həvəskarı izləyib. Klassik musiqi əsərlərini mükəmməl ifada canlı dinləmək imkanı qazanan tamaşaçılar bundan böyük zövq alıblar.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən bu festival bir daha təsdiqləyir ki, Azərbaycan Qərb ilə Şərqin mədəni dəyərlərini eyni dərəcədə, həm də çox mükəmməl formada təqdim etməyi bacaran nadir məkandır. Ölkəmiz tarixən müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə, xalqlar arasında olan birliyin daha da gücləndirilməsinə səy göstərib. Beynəlxalq mədəni əlaqələr, qarşılıqlı mədəni inteqrasiya Azərbaycanın dövlətlərarası siyasətinin əsas prioritetlərindən biridir. Təsadüfi deyil ki, ölkəmiz mütəmadi olaraq mühüm beynəlxalq tədbirlərə - forum, konfrans və festivallara ev sahibliyi edir.
Nüfuzu ildən-ilə artmaqda olan Qəbələ Beynəlxalq Musiqi Festivalı da mədəniyyətlərarası dialoqa böyük töhfə verən əhəmiyyətli bir tədbir kimi tanınmaqdadır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və ISESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın festival iştirakçılarına təbrik məktubunda deyildiyi kimi, “Ayrı-ayrı ölkələrdən çoxsaylı musiqiçilərin iştirak etdiyi bu dostluq və musiqi bayramı yeni istedadların aşkar edilməsinə, bu sahədə bilik və tədqiqatların mübadiləsinə, mədəniyyətlərarası dialoqun təşviqinə xidmət edir”.
Beləliklə, XI Qəbələ Beynəlxalq Musiqi Festivalı şən notlarla başa çatıb. Möhtəşəm musiqi bayramı olan Qəbələ festivalı şübhəsiz ki, əhali arasında musiqi zövqünün formalaşdırılmasına, dünyanın və Azərbaycanın musiqi ənənələrinin ölkəmizdə tanınmasına böyük töhfə verəcək.