Azərbaycan İdeyası

Bu gün Milli Musiqi Günüdür

Tarix:18-09-2019, 11:11
Baxış Sayı:186


18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir.
Azadinform-un məlumatına görə, görkəmli bəstəkarın anadan olduğu gün həm də Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalının açılışı ilə əlamətdardır.
Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə təşkil olunan bu festival hər il sentyabrın bu günündə açıq elan edilir və 10 gün davam edir.
Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 110 il bundan öncə tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlandı. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb.
Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin eyniadlı poeması əsasında hazırlanmış “Leyli və Məcnun” yalnız Azərbaycanın deyil, həm də Şərqin ilk operasıdır. Qoca Şərqin opera tarixi məhz bu gündən başlanıb. İlk operanın uğurlarından ruhlanan Üzeyir bəy bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşidbanu”, “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) kimi milli operalar yazıb.
Üzeyir Hacıbəyli yaradıcılığının zirvəsi “Koroğlu” operasıdır. “Koroğlu” təkcə Azərbaycan mədəniyyətində deyil, dünya operalarının sırasında əzəmətlə dayanan parlaq nümunələrdən biridir. “Koroğlu” operası Moskva tamaşaçılarını da məftun etmişdi. Taleyi uğurlu gətirmiş bu nəhəng əsər keçmiş sovet respublikalarının opera və balet teatrlarında dəfələrlə göstərilib.
Şərqdə ilk operetta janrının yaranması da Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Dahi bəstəkarın ilk musiqili komediyası üç pərdədən ibarət “Ər və arvad”dır. Bu əsər Azərbaycanda musiqili komediyanın ilk nümunəsidir. Əsərin ilk tamaşası 1910-cu ildə olub. Rollarda H.Sarabski (Mərcan bəy), Ə.Ağdamski (Minnət xanım) və başqaları çıxış ediblər.
Müəllifin ikinci musiqili komediyası “O olmasın, bu olsun”dur. Əsərin ilk tamaşası 1911-ci ilin aprelində Bakıda olub. Sonralar musiqili komediya müxtəlif dillərə tərcümə olunaraq səhnələşdirilib.
Ölməz sənətkarın üçüncü və sonuncu musiqili komediyası “Arşın mal alan”dır. Bu operetta 70-ə yaxın xarici dilə tərcümə edilib, 100-dən çox teatrın səhnəsində oynanılıb. “Arşın mal alan” beş dəfə ekranlaşdırılıb, dəfələrlə qrammofon valına yazılıb. Bu musiqili komediya əsasında ilk bədii film 1916-cı ildə çəkilib. Bu, səssiz film olub.
Bu gün adını çox iftixarla qeyd etdiyimiz Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni gəlişmə yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymaqla yanaşı, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda ilk nümunələrin yaradıcısı kimi xatırlanır. Onun işıqlı xatirəsi xalqının qəlbində əbədi olaraq daim yaşayacaq.

OXŞAR XƏBƏRLƏR
Böyük Britaniyada yeni hökumət başçısı: Endi Börnem vəzifəsinin icrasına başladı
Böyük Britaniyada yeni hökumət başçısı: Endi Börnem vəzifəsinin icrasına başladı
Prezidentdən məşğulluq strategiyası ilə bağlı SƏRƏNCAM
Prezidentdən məşğulluq strategiyası ilə bağlı SƏRƏNCAM
İlham Əliyev Dünya Kubokunu qazanan İspaniyanın kralını təbrik etdi
İlham Əliyev Dünya Kubokunu qazanan İspaniyanın kralını təbrik etdi
İsmayıllıda ağır qəzada xəsarət alan şəxsin SON DURUMU
İsmayıllıda ağır qəzada xəsarət alan şəxsin SON DURUMU
Rubio: "ABŞ İranla münaqişəni diplomatik yolla həll etməyə çalışacaq"
Rubio: "ABŞ İranla münaqişəni diplomatik yolla həll etməyə çalışacaq"
Rusiyada güclü zəlzələ oldu
Rusiyada güclü zəlzələ oldu
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur?
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur?
Dünya çempionu həm də rekordçu oldu: İspaniyadan tarixi nəticə
Dünya çempionu həm də rekordçu oldu: İspaniyadan tarixi nəticə