Dünya miqyasında 2023-cü ilin ən böyük faciəsi sözsüz ki, fevral ayında qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində yaşandı. 50 min adamın ölümünə səbəb olan dağlıntılar altından insanların xilas edilməsində, aclıq və soyuqdan əziyyət çəkən evsiz-eşiksizlərə yardım göstərilməsində ölkəmiz də öz qardaşlıq borcunu yerinə yetirdi. İndi isə Azərbaycan hökuməti Qahramanmaraşda 1000 bina inşa etməkdədir.
Azərbaycanda isə, yadınızdadırsa, 2023-cü ilin bəlkə də ilk bəd xəbər statistikası Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küçəsi, 144, M18 (köhnə Cavadxan küçəsi, ev 4A) ünvandakı onsəkkizmərtəbəli yaşayış binasının 18-ci mərtəbəsində yerləşən, vətəndaşa məxsus 396 nömrəli mənzildə, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verməsi ilə açıldı. Nəticədə, 1 nəfər (Babayev Məhəmməd Elman oğlu) həlak oldu, 2 nəfər xəsarət aldı, partlayış baş verən və qonşuluqdakı mənzillərə ciddi ziyan dəydi.
Lakin həmin tarixdən 4 aydan çox vaxt keçməsinə baxmayaraq, heç bir qurum ziyan çəkmiş vətəndaşların vəziyyəti ilə, hansı şəraitdə yaşamaqları ilə maraqlanmır. Həmin sakinlər – Babayev Nəcib Firuz oğlu, Hacıyev Rauf Sabir oğlu, Zeynalov Anar Şirinbala oğlu, Xəlilova Zülfiyyə Cavad qızı, Verdiyeva Ülviyyə Süleyman qızı, Kəlbəliyev Əlibaba Əlibala oğlu kollektiv ərizə ilə “Korrupsiya və Qanun” qəzeti redaksiyasına müraciət edərək bildirirlər ki, onlara kirayədə qalmaq üçün ödəniş edilmir, evlərinin bərpa olunması üçün tədbirlər görülmür:
“Bir çox aidiyyati orqanlara – Bakı şəhər İcra Hakimiyyətinə, Baş nazirə, Milli Məclisin sədrinə, İnsan Hüquqları üzrə Müvəkkilə, Baş prokurora, Fövqəladə Hallar Nazirliyinə və digər qurumlara, rəsmi müraciət etməyimizə baxmayaraq evlərimizdə təmir-bərpa işləri aparılmır. Vəziyyətimiz çox acınacaqlıdır, qalmağa yerimiz yoxdur, xəstələrimiz, körpələrimiz vardır, kirayədə qalırıq. Heç bir dövlət qurumu bizimlə maraqlanmır, kirayə qalmağa imkanımız yoxdur. Araşdırma aparılan müddətdə bizə qaılmaq üçün kirayə haqqı verilmir, evlərimiz təmin olunmur. Odur ki, qeyd etdiyimiz faktları ictimailəşdirib, aidiyyəti rəsmi şəxslərə göndərməyinizi, geniş oxucu kütləsinə çıxarmaqla bu məsələnin həllində köməklik göstərməyinizi xahiş edirik”.
Məsələ ilə bağlı hal-hazırda iş üzrə istintaq aparan Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinə zəng vurduq. Zəngimizə cavab verən müstəntiq təkrar-təkrar kim olduğumuzu soruşdu və sonda bildirdi ki, ekspertiza rəyləri alınandan sonra müvafiq qərar qəbul ediləcək.
Şikayətçilərlə əlaqə saxlayıb bir daha dəqiqləşdirmə apardıq. Ərizədə yazdıqlarını bir daha təsdiqləməklə bildirdilər ki, Binəqədi İcra Hakimiyyəti bir dəfə, binanın balanssaxlayıcısı olan MTK isə iki dəfə hər ailəyə 500 manat həcmində maddi yardım göstərib. Lakin partlayışın baş verdiyi mənzilin sahibi olan Babayevlər ailəsi bu yardımlardan faydalana bilməyib. Çünki həmin qurumlar o ailəni günahkar hesab etdiklərini deyiblər. Maraqlıdır, əgər istintaqın yekun qərarı çıxmayıbsa, belə önyarğı ortaya qoymaq nəyə lazımdır?
Əminik ki, ayrı-ayrı məmurların etinasızlığı olmasa, Türkiyədə 1000 beşmərtəbəli bina inşa edən Azərbaycanın 6 ailənin mənzilini təmir etməyə gücü çatar.
Mövzuya qayıdacağıq.