Azərbaycan İdeyası

Səhiyyə Nazirliyi “arabanın beşinci təkərinə” çevrilib – Bu dəqiqələrdə bir ürək xəstəsi iki qurumun arasında can hayında qalıb

Tarix:1-09-2023, 14:54
Baxış Sayı:331

Səhiyyə Nazirliyi “arabanın beşinci təkərinə” çevrilib – Bu dəqiqələrdə bir ürək xəstəsi iki qurumun arasında can hayında qalıb
Müasir Azərbaycan reallığında insan sağlamlığının təminatı yolundakı əsas problem tibb xidmətindəki neqativ hallar, səhiyyə işinin idarə edilməsi mexanizmindəki qüsurlar və əlbəttə ki, korrupsiyadır. Söz yox, bu sahədə inkişafa nail olmaq üçün daim təkmilləşdirmələr aparılır. Məsələn, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və onun nəzdində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) yaradılması vətəndaşların icbari tibbi sığortadan yararlanmasına və sığorta ilə əhtələnən zəruri tibbi xidmətləri göstərəcək tibb müəssisələrinin siyahısını dəqiqləşdirməyə imkan verdi. Amma bütün bunların fonunda bir mənfi tendensiyanın şahidi oluruq: Səhiyyə Nazirliyi sanki “arabanın beşinci təkəri”, özü də bəzən hərəkətə mane olan təkəri rolunu oynamaqdadır. Bu qurumların məsuliyyəti bir-birinin üzərinə atdıqları barədə indiyədək çox deyilib, çox yazılıb. Özü də bu mübahisədə çox vaxt Səhiyyə Nazirliyi deyil, məhz TƏBİB səmimi görünür. Bu qurumların vəzifə və məsuliyyət bölgüsü, toqquşan maraqları arasında naçar qalan xəstə isə can hayındadır. Haqqında söz açdığımız 1979-cu il təvəllüdlü, ürəyində stent daşıyan xəstə Abbasov Elçin Abbas oğlu kimi.
Bədənin əsas yükünü daşıyan orqanlardan biri, həm də birincisi ürəkdir, diqqət edilmədiyində bir çox problemlərə rast gəlinir. Onlardan biri ürək damarlarında yaranan tıxanıqlıqdır. Damarlarda olan tıxanıqlıq hər yaşda özünü büruzə verə bilər, 50 yaşdan yuxarı, diabet xəstələrində, yüksək təzyiq və xolesterindən əziyyət çəkən insanlarda olma ehtimalı daha çoxdur. Bu tıxanıqlıq yarananda ürək öz vəzifəsinin öhdəsindən tam gələ bilmir. Bu problemin qarşısını almaq üçün daralmış damarlara stent qoyulur.
Redaksiyamıza müraciət edən Mehriban xanımın və digər qohumlarının sözlərinə görə, Elçin Abbasovun ürəyinə 2017-ci və 2021-ci illərdə keçirdiyi infarktlar səbəbilə stent qoyulub. Ötən ay 12 gün yatdığı Gəncə şəhər xəstəxanasından göndərişlə avqustun 24-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakıdakı Elmi-Tədqiqat Kardiologiya İnstitutuna göndərilib. İnstitutda onu Məshəti adlı xanım qeydiyyata götürüb, analizlərə görə acqarına qalmış xəstəni cihazların gec tapılması ilə müşayiət olunan ləngimələrlə kardioqram və EKQ müayinəsindən keçirəndən sonra nəhayət saaat 11-də gəlib çıxan şöbə müdiri həkim-kardioloq Günay Xudiyeva qəbul eləyib. Müayinənin ləngiməsinə daha bir səbəb növbəyə qazilərin girməsi olub. Həkimin tələb etdiyi tibbi sənədləri, xəstəlik tarixçələrini təqdim ediblər, unudub götürmədiklərinin isə vatsapla şəklinin göndərilməsini təmin ediblər. Həkim xəstənin vəziyyətini ağır olaraq qiymətləndirib, qan təzyiqinin yüksək (130-220) olduğunu görüb və deyib ki, artıq 3-cü infarkt gözlənilir, onu qəbul edə bilməyəcəklər. Qohumlarının xahişlərinə baxmayaraq, xeyri olmayıb. Günay həkim xəstəyə yalnız kaptopril həbi verməklə işini bitmiş hesab eləyib. Xəstənin qohumları onu taksi ilə Sumqayıtdakı digər qohumunun evinə aparmalı olublar. Xəstə bütün gecəni olduqca narahat keçirib və səhər açılan kimi xeyli cəhddən sonra çağırdıqları təcili tibbi yardım maşını düz bir saatdan sontra yetişib, xəstəni Sumqayıtdakı 1 saylı xəstəxanaya çatdırıb. Xəstəni xəstəxananın kardiologiya şöbəsinə, sonra da reanimasiya otağına yerləşdiriblər. Süni nəfəs aparatına qoşulub, oksigen verilib. Xəstənin qohumları Sumqayıt 1 saylı şəhər xəstəxanasının həkimləri Mətləb doktordan və kardioloq Sevinc xanımdan razılıq edirlər. Məhz onların həssas yanaşması sayəsində Elçin Abbasovu Tibb Universitetinin Tədris-Cərrahiyyə Klinikasına göndərmək baş tutur. Amma çifayda, Tədris-Cərrahiyyə Klinikasında Aqil adlı həkim xəstənin çəkisinin ağır olmasını səbəb göstərməklə, onun çəkisini götürə biləcək anju çarpayısı olmadığını deyərək, xəstəni qəbul etməkdən imtina edib. Elçin Abbasovun bir qohumunun şəhid, digər qohumunun Vətən müharibəsi veteranı olmasının xatırladılması da keçərli olmayıb. Beləliklə, hədsiz dərəcədə narahat xəstə Tədris-Cərrahiyyə Klinikasının təcili yardım şöbəsində iki saat qiymətli vaxt itirib, vəziyyəti daha da ağırlaşıb. Hətta bu azmış kimi, xəstəyə və yaxınlarına xatırladılırmış ki, “sizin xəstə buralıq deyil, getməsəniz, əgər başqa xəstə gəlsə, ona yer olmayacaq”. Həmin ərəfədə xəstənin qohumlarının müraciət etdikləri “Korrupsiya və Qanun” qəzetinin baş redaktorunun məsələyə konstruktiv yanaşması və TƏBİB-lə apardığı danışıqlar hesabına Tədris-Cərrahiyyə Klinikasından xəstənin “Vest” Hospitalına götürülməsi məqsədəuyğun hesab edilib.
Rabitə xəttində 35 dəqiqə gözləyəndən telefon dəstəyini qaldıran Səhiyyə Nazirliyinin 9103 “qaynar xətti”ndə məsələ ilə bağlı sorğumuzu cavablandıran şəxs isə “araşdırıb” iddia etdi ki, guya xəstənin qohumları ona əlillik statusu verilməsinə nail olmaq üçün xəstəliyin ağır dərəcə ilə göstərilməsinin istəyiblər. Xəstənin qohumları isə xəstənin canının hayında olduqlarını, bu ərəfədə məqsədlərinin heç də əlillik statusu almaq olmadığını, onsuz da xəstənin faktiki olaraq əlil olduğunu, amma bu barədə düşünməyə belə vaxtlarının olmadığını bildirirlər. Növbəti zəngimizi isə “9103” qaldırmadı.
Yeri gəlmişkən, xəstə Elçin Abbasovun “Vest” Hospitalına çatdırılması da asan olmayıb. Təcili Yardım Xidməti onu özəl tibb müəssisəsinə aparmaq istəmirmiş, deyirmişlər ki, özəl hospitalın özünün təcili yardım maşını gəlməlidir, onun isə daşıma haqqı 150 (bir yüz əlli) manat edir. Lakin baş redaktorun səyləri hesabına xəstənin pulsuz çatdırılması mümkün olub. “Vest” Hospitalında xəstəyə icbari tibbi sığorta hesabına anju əməliyyatı edilib, sonra da ak. Mirqasımov adına 1 saylı Respublika Kliniki Xəstəxanaya götürülməsi tövsiyə olunub. Bu dəfə də dövlət səhiyyəsinin təcili yardım maşınının özəl tibb müəssisəsinə gəlməyəcəyi şübhəsiz olduğundan, qohumlar “03” xidmətinə zəng vurub deyiblər ki, xəstə filan ünvanda, yilun kənarında ağır vəziyyətdə qalıb. Ambulans deyilən ünvana yetişəndə xəstənin qohumları ekipaj üzvlərindən yaxınlıqdakı “Vest” Hospitalına sürməyi xahiş ediblər. Ekipaj üzvləri mərkəzlə telefon əlaqəsi saxlayıb situasiyanı izah ediblər. Mərkəzdən qəddarcasına bildirilib ki, xəstəni götürməsinlər, elə yolun kənarındaca atıb geri qayıtsınlar. Qarşılaşdıqları vicdansızlıqdan, səhiyyə işçilərinin xəstəyə əşya kimi münasibət göstərməsindən stressə düşən xəstənin qohumları bu dəfə Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin “qaynar xəttinə” – 161 nömrəsinə zəng vurub şikayətləniblər. Prokurorluq işçiləri isə işin içində aşkar rüşvət tələbinin olmadığını müəyyənləşdirəndən sonra məsələyə müdaxilə etmək maraqlarını itiriblər. Nəhayət, təcili yardım xidməti könülsüz də olsa, Elçin Abbasovu ak. Mirqasımov adına 1 saylı Kliniki Xəstəxanasına, Kardiologiya şöbəsinə aparıb.
Hadisələrin gedişatını izləyirik.
Xuraman Əhlimanqızı

OXŞAR XƏBƏRLƏR
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda yeni Mərkəz yaradıldı
Azərbaycanda yeni Mərkəz yaradıldı
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA