Azərbaycan İdeyası

Cərrah-ginekoloqdan xəbərdarlıq: “Qeysəriyyə doğuşdan 7 dəfə risklidir”

Tarix:9-07-2018, 11:18
Baxış Sayı:505

  Cərrah-ginekoloqdan xəbərdarlıq: “Qeysəriyyə doğuşdan 7 dəfə risklidir”
Ötən il Azərbaycanda 21 ana ölümü hadisəsi baş verib. Bu məlumat Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatında əksini tapıb. Bu ilin ilk 3 ayı ərzində isə 7 ana ölümü faktı qeydə alınıb. Bunu isə Doğuşayardım Komissiyasının sədri, Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova deyib.
O bildirib ki, baş verən ana ölümləri ilə bağlı 12 tibb işçisinə töhmət verilib, 1 nəfər isə həbs olunub. Baş mama-ginekoloq onu da qeyd edib ki, ötən il ümumilikdə ana ölümünə görə, 50-dən çox tibb işçisi inzibati tənbeh tədbirlərinə cəlb olunub.
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının ginekologiya şöbəsinin müdiri, doktor Turab Canbaxışovla müsahibələrindən birində qeyd edir ki, ana ölümlərinin başlıca səbəbi bütün dünyada olduğu kimi, təxminən 30- 40 faiz hallarda qanaxmalardan irəli gəlir: “Hamilə qadının vaxtı-vaxtında qadın məsləhətxanasına getməməsi, lazımı müayinələrdən keçməməsi, dinamik müşahidədə olmaması, doğuş üçün müvafiq doğum evini seçməməsi, doğum evlərinə çox gec və ağır vəziyyətdə daxil olması baş verən əksər ana və uşaq ölüm hallarının əsas səbəbi kimi göstərmək olar. İkinci səbəb isə əməliyyat sonrasında olan problemlərlə əlaqədardır. Ürək problemləri, tromboemboliyalar, amnion mayenin emboliyası ola bilər. Üçüncü yerdə isə əməliyyatdan sonrakı dövrdə olan infeksiyalar durur. Ancaq dünya praktikasında belə bir nəticəyə gəliblər ki, ümumiyyətlə ana ölümlərinin bütün dünyada - istər ABŞ olsun, istər Kanada, istərsə də Avropanın inkişaf etmiş ölkələri, əgər əvvəlcədən səbəblər bilinsə, müəyyən önləyici tədbirlər görülsə, ana ölümlərinin təxminən 48 faizinin qarşısı alına bilər”.
Bəzən qadınlar normal doğuş problemlərindən qorxaraq rahat bilib qeysəriyyə kəsiyinə üstünlük verirlər. Cərrah-ginekoloq Nərmin Qəribova bildirir ki, normal doğuş zamanı dölün enişində və yaxud uşaqlıq boynunun açılmasında irəliləmə olmaması, doğuşun normaldan uzun davam etməsi halında, normal doğuş zamanı dölün ürək döyüntülərində dəyişkənlik olması, daha çox yavaşımaların olması, hansı ki, buna fetal stress deyilir, bəzən dölün yan mayesinin çox olması və yaxud göbək ciyəsinin öndə yerləşməsi ilə bağlı ani dölyanı maye axması ilə bərabər, göbək ciyəsinin uşaqlıq boynundan vaginaya sallanması, göbək ciyəsinin sıxılması durumunda qeysəriyyə əməliyyatı şərtdir.
“Bundan başqa, doğuş gedişatı dövründə aşırı qanaxmanın olması, ciftin müəyyən bir hissəsinin uşaqlıq divarından ayrılması, dölə bağlı olan düzgün olmayan gəlişlər - sağrı gəlişi, transpers gəliş, yəni baş pozisyasından kənarda olan gəlişlər, uşaq çəkisinin çox olması, baş çanaq uyğunsuzluğu, yəni uşağın başının çanaq darlığına bağlı olaraq ananın doğum kanalından keçə bilməyəcək qədər böyük olması və yaxud uşaq başlığının normal olmayacaq şəkildə olması, çox döllü - əkiz və ya üçüz hamiləliklər qeysəriyyə olmalıdır. Anada uşaqlıq boynunu və yaxud vaginanı tutacaq qədər böyük şiş varsa, eyni zamanda bəzi aktiv infeksion xəstəliklər varsa, həmçinin, uşağın özünə bağlı qüsurlar, anomaliyalar, anaya bağlı olaraq daha öncə keçirilmiş, məsələn, vaginal estetik əməliyyat varsa, həmin hissədə normal doğum təkrar pozulmalara səbəb olduğu üçün qeysəriyyə əməliyyatına üstünlük verilməlidir. Ananın özünə bağlı bəzi problemlər, hətta hamiləlik zamanı ortaya çıxan ani təzyiq yüksəlişi, anada yanaşı gedən ürək qüsurları və ya başqa orqanlarda pozğunluqlar getdiyi zaman ana və dölün həyatını riskə atmamaq üçün qeysəriyyə əməliyyatı icra edilə bilir”, -deyə cərrah-ginekoloq qeyd edir.
Maraqlıdır, qeysəriyyə əməliyyatının da ölüm riski var?
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi, Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının üzvü Leyla Məmmədova hesab edir ki, qeysəriyyə zamanı ölüm riski təbii doğuşdan 7 dəfə artıqdır. Ana ölümünə 27 faiz hallarda qanaxmalar, 9 faiz hallarda müxtəlif mamalıq, doğuş fəsadları, 3 faiz hallarda tromboemboliyalar, 11 faiz hallarda irinli septik xəstəliklər səbəb olduğunu deyən Leyla Məmmədova Azərbaycanda ana ölümünün ən çox rast gəlinən səbəbinin preeklampsiyalar olduğunu qeyd edir: “Preeklampsiyanın ilkin əlamətlərini görən kimi vaxtında müvafiq tədbir görməklə bunun qarşısını almaq olar. Bu, əsasən hamiləliyin ikinci yarısında meydana çıxır. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, ana ölümlərinin 99 faizi əsasən inkişaf etməkdə olan ölkələrdə baş verir, qalan 1 faizi isə inkişaf etmiş ölkələrin payına düşür. Ana ölümünün göstəricisi hər 100 000 diri doğulana düşən ölümlərin sayı ilə ölçülür. İnkişaf etmiş ölkələrdə orta göstərici 16-dır, ancaq inkişaf etməkdə olan ölkələrdə bu rəqəm 230-dur. Bu, orta göstəricidir, bəzi ölkələrdə 1000, 500, 100 ola bilir. Azərbaycanda bu göstərici 2014-cü ildə hər 100 000 diri doğulana 14,6 olub. 1999-cu ildə bu göstərici 43,5, 2007-ci ildə 35,5 olub”.
Həkim-ginekoloq son illər qeysəriyyə əməliyyatlarının sayının artmasından da danışıb: “İstər Azərbaycanda, istərsə də dünyanın bütün ölkələrində qeysəriyyə əməliyyatlarının sayı artır. Bunun obyektiv və subyektiv səbəbləri var. Subyektiv səbəb odur ki, əhalinin bir qismi qeysəriyyə əməliyyatı ilə olan doğuşların daha təhlükəsiz olduğunu zənn edirlər. Amma təcrübə və tədqiqatlar göstərir ki, bu, təbii doğuşdan 7 dəfə risklidir. Azərbaycanda qeysəriyyəyə ən çox rast gəlinən tibbi göstəriş uşaqlıq çapıqlarıdır. Yəni bir dəfə qeysəriyyə ilə ana olduqdan sonra ikinci uşağı dünyaya təbii doğuşla gətirmək çox risklidir. Lakin 3-cü səviyyəli doğuşa yardım müəssisələrində və açıq əməliyyatxana şəraitində bu mümkündür. Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş klinik protokolda qeysəriyyə əməliyyatına 5 istiqamətdə göstərişlər var. Bunlar həyati təhlükəli və həyati baxımdan təhlükəli olmayan qrupa bölünür. Əgər göstəriş bilavasitə qadının həyatı üçün təhlükəli deyilsə, bu halda qadın yazılı olaraq qeysəriyyədən imtina edə bilər, uşağa görə isə məsuliyyət öz üzərində olur. Lakin ananın həyatı üçün təhlükəli göstərişlərdə qeysəriyyə kəsiyi konsiliumun qərarı ilə ana və ailənin razılığı olmadan əməliyyat icra oluna bilər”.(musavat.com)

OXŞAR XƏBƏRLƏR
Polis əməkdaşı qeyri-qanuni sahibkarı olduğu obyekti icarəyə verdiyi şəxsin əşyalarını niyə girov saxlayıb?
Polis əməkdaşı qeyri-qanuni sahibkarı olduğu obyekti icarəyə verdiyi şəxsin əşyalarını niyə girov saxlayıb?
DSMF əməkdaşını aldadaraq 162 min manatını ələ keçirən qadınla bağlı qərar açıqlandı
DSMF əməkdaşını aldadaraq 162 min manatını ələ keçirən qadınla bağlı qərar açıqlandı
Gəncədə xəstəxanaya yerləşdirilən 5 yaşlı qız öldü
Gəncədə xəstəxanaya yerləşdirilən 5 yaşlı qız öldü
Dollar 3 manat OLACAQ? - AÇIQLAMA
Dollar 3 manat OLACAQ? - AÇIQLAMA
Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ
Bakıda leysan yağacaq - XƏBƏRDARLIQ
Bu gün Kəlbəcər şəhərinin işğaldan azad ediməsi Günüdür!
Bu gün Kəlbəcər şəhərinin işğaldan azad ediməsi Günüdür!
Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı
Bakıda sərnişindaşımada YENİLİK: Elektrik mühərrikli avtobuslar xəttə buraxıldı
Sürücülərə ŞAD XƏBƏR: COP29 zolaqları QÜVVƏDƏN DÜŞDÜ
Sürücülərə ŞAD XƏBƏR: COP29 zolaqları QÜVVƏDƏN DÜŞDÜ