Azərbaycan İdeyası

Qayınata icazə verməsə, gəlin həkimə gedə bilməz`- MÜSAHİBƏ

Tarix:25-01-2017, 11:39
Baxış Sayı:423

Qayınata icazə verməsə, gəlin həkimə gedə bilməz`- MÜSAHİBƏ





“Ana ölümlərində çox vaxt günah ailədə olur”

Səhiyyə Nazirliyinin Doğuşayardım komissiyasının sədri, Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova AzVision.az-ın suallarını cavablandırıb.

-2016-ci il Doğuşayardım Komissiyasının fəaliyyəti baxımından necə il olub? Ötən il qarşıya qoyulan məqsədlərdən hansılara nail olunub?

- 2016-cı il Səhiyyə Nazirliyinin 14.12.2015-ci il tarixli № 103 əmri ilə təsdiq edilmiş yeni tərkibli “Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, həmçinin mamalıq ağırlaşmaları hallarının” təhlili üzrə komissiya ücün cox məsuliyyətli olub. Cari il ərzində 27 iclas Bakı şəhərində, 4 araşdırma –respublikanın ana ölümü baş vermış rayonlarda komissiyanın sədi və üzvləri tərəfindən aparılıb, müzakirə olunub.

-Ötən il media orqanlarında demək olar ki, hər ay 2-3 ana ölümü xəbərini oxuyurduq. Ötən il nə qədər ana və uşaq ölümü olub?

- 2016 il ərzində respublikamızda 160 min doğuş həyata keçirilib, 22 ana ölümü hadisəsi baş verib. Ana ölümünün səviyyəsi hər 100 000 diridoğulana 13.8 ‰ təşkil edib.Ötən illərlə müqaisədə bu göstərici 1996 ildə 44,1‰, 2006 ildə 34,2‰, 2009 ildə 24,3‰, 2012 ildə 14,9‰ , 2015 ildə isə 14,4 ‰ olub.

-Ana ölümlərində əsas səbəblər nə olub və ən çox neçənci hamiləliklərdə bu müşahidə edilir?

-Ana ölümlərinin əsas səbəbi kəskin qanitirmə, poliorqan çatmamazlıq, kəskin ağciyər-ürək çatmazlığı, kəskin qaraciyər-böyrək çatmamazlığı olub. Vəfat edən analardan 15-i təkrar hamilə olub.

-Ana ölümlərində həkim və xəstəxana səhvləri olubmu? Bu səbəbdən nə qədər tibb işçisi cəzalandırılıb?

- “Ana ölümlərində həkim və xəstəxana səhvləri” demək düzgün deyil. Hər bir hamilənin sağlamlığına onun həkim- tibb personalı ilə bərabər özü və onun yaxın qohumları cavabdehdir və məsuliyyət daşıyır. Hamilə qadınların vaxtında həkimə müraciət etməmələri, həkimlərin təyin etdiyi vaxtda müayinələrdən keçməməsi, dövlət müəssisələrində qeydiyyata alınıb nəzarətdə olmaq əvəzinə parakəndə özəl klinikalarda müayinələrdən keçməsi, ekstraqenital xəstəlikləri olanların dar ixtisaslı mütəxəssislərə müraciət etməmələri, həkim vacib bildiyi vəziyyətdə stasionara hospitalizasiyadan imtina etməsi – bunların hamısı ananın sağ qalmasının və uşağın sağlam dünyaya qəlməsinin vacib şərtləridir. Əlbəttə, xəstə ağır vəziyyətdə stasionara daxil olduğunda çalışan tibb personalın vaxt məhdudiyyətinə görə müayinələri lazımı həcmdə apara bilmir, bu da öz növbəsində ona göstərilən yardımın təşkil olunmasına təsir edir.

Doğuşayardım Komissiyanın təhlili nəticəsində göstərilən antenatal qulluq və doğuşayardım stasionar xidməti araşdırılıb, Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş təlimatlara və klinik protokollara uyğun müayinə və müalicə taktikaları qiymətləndirilib, müvafiq tibbi yardımın təşkili şöbəsinə təqdim olunub. Tibbi fəaliyyətlərində baş vermiş catmamazlıqlara görə bir sıra məsul işci işdən kənarlaşdırılıb, 15- dən artıq halda inzibatı tənbeh tətbiq olunub.

-Hamilə qadınların məsləhətxanalara gedib yoxlanılmarı qanedici səviyyədədir? Bunu şəhər və rayonlar üzrə necə qiymətləndirirsiniz?

- Təəssüf ki, ana ölümlərində çox vaxt günah ailədə olur. Hamilə qadınlar bəzi hallarda antenatal xidmət müəssisələrində qeydiyyata düşməklərinə baxmayaraq, vaxtı-vaxtında həkim qəbulunda olmurlar. Bəzi hamilələr və onların ailə üzvləri elə düşünür ki, ilk gəlişdə heç bir patologiya aşkar olunmayıbsa, elə bütün hamiləlik normal keçməlidir. Lakin bu heç də həmişə belə olmur. Hamiləliyin müxtəlif dövrlərində çox ciddi fəsadlar meydana çıxa bilər Ona görə də vaxtı-vaxtında təyin olunmuş vaxtlarda həkimə müraciət etmək vacibidir. Tam antenatal xidmət almayan hamilələrin əksəriyyəti bölgələrdə yaşayır. Bölgələrdə belə bir yanaşma mövcuddur ki, hamilənin yaxın qohumları –qaynananın, qaynatanın, hətta həyat yoldaşını icazəsi olmasa, hamilə qadın həkimə özü gedə bilməz. Bu səbəbdən evdə ağırlaşdıqdan sonra həkimə müraciət edilir. Xəstəlik nəticəsində orqanizmdə geridönməz dəyişikliklər olduğundan bəzi hallarda qadının həyatını xilas etmək mümkün olmur. Hər bir ana ölümü hadisəsi Səhiyyə Nazirliyinin Doğuşayardım komissiyasında təhlil olunur. Hər bir halda hamiləyə xidmət göstərən hər bir tibb işçisi öz izahatını verir və göstərilən xidmətin keyfiyyəti Səhiyyə Nazirliyinin aparıcı mütəxəssisləri tərəfindən təhlil olunaraq dəyərləndirilir. Amma elə hallar da olur ki, hamilə öz hamiləliyi dövründə bir dəfə də olsun tibb müəssisəsinə müraciət etmir və ailəsi də onun həkimə getməsinə maneçilik yaradır. Belə hallarda gənc ananın ölümünün məsuliyyətini məhz onun ailə üzvləri daşımalıdır.

-Ötən il nə qədər riskli və ağırgedişli hamiləlik olub (əvvəlki illlərlə müqayisəli deyərdiniz) və bu hamiləliklərdən neçəsi sağlam bitib və neçəsi mənfi nəticələnib?

-Beynəlxalq standartlara uyğun olaraq riskli və ağırgedişli hamiləliklər ümumi hamiləliklərin sayından 20-30 ℅ təşkil edir. Nəzərə alınsa ki, 2016 ildə respublika üzrə 160 000 doğuş baş verib, sadə hesablama ilə 3200-4800 hamiləlik bu qrupa aid olub. Onlardan 22 ana ölüb, qalan hamiləliklər ölümsüz sonlanıb.

-Bu gün Azərbaycanda hamilə qadınlar arasında rast gəlinən əsas xəstəliklər hansılardır və bunun səbəbləri nədir?

-Qan azlığı, ürək-damar xəstəlikləri, preeklampsiya və eklampsiya kimi hamiləlik fəsadlaşmaları, aşağı ətrafların varikoz genəlmələri kimi xəstəliklərdır. Bunların səbəbləri qida rejiminin pozulması, passiv oturaq həyat tərzi, vaxt aşırı dispanserizasiyadan kecməməsi, mövcud ekstragenital xəstəlikləri vaxtında müayinə etdirib müalicə almaması, stresslər, yuxu rejiminin pozulması və s.

-2016-ci ildə qeydə alınan doğuşların neçə faizi qeysəriyyə, neçə faizi təbii doğuşla olub?

-2016-cı il üzrə statistik məlumatların təhlilinin nəticəsi hələ təqdim olunmayıb. Lakin onu deyə bilərəm ki, dövlət müəssisələrində qeysəriyyə kəsiyi əməliyyatları ciddi nəzarət altında saxlanılır. Qeysəriyyə kəsiyi əməliyyatları ana və döl tərəfdən ciddi göstərişlər əsasında icra edilir. Belə ki, hər bir mama-ginekoloq cərrahi doğuşların mümkün fəsadları barədə məlumatlıdır.

-Bu gün erkən nikahlar və erkən yaşlarda (15-17) qızların aborta getməsi hallarını müşahidə edirik. Bu barədə nə deyə bilərsiniz?

-Abort istər reproduktiv sağlamlıq baxımından, istərsə də psixoloji baxımdan ciddi fəsadlara gətirən bir prosedurdur və yeniyetmələrin hamiləliyinin abortla nəticələnməsi əksər hallarda heç də arzuolunmaz hamiləliyin pozulması deyil. Bu məsələyə erkən nikah müstəvisindən baxılmalıdır. 15 yaşlı yeniyetmə ailə qurur, hamiləlik baş verir. Lakin yeniyetməlik dövrü bir çox fəsadların meydana çıxması üzrə risk faktorudur. Buna görə də ola bilər ki, hamiləlik inkişafdan qalsın, və ya döldə hər hansı bir qüsur aşkar olunsun, və ya ananın sağlamlığında elə bir ağırlaşma meydana çıxsın ki, həyati göstərişlə hamiləlik pozulsun. Ona görə də yeniyetmələr arasında abortların sayını azaltmaq üçün erkən nikahlar problemi həll olunmalıdır. Demoqrafiya üzrə sənədlərdə reproduktiv yaş dövrü 15-49 yaş kimi qəbul olunur. Doğum səviyyəsi aşağı olan ölkələr üçün reproduktiv yaş dövrü 15-44 yaş kimi qəbul olunur. Lakin qadının hamilə qalması üçün ideal yaş dövrü 20-35 arasında hesab olunur. Belə ki, yaşı 35-dən yuxarı olan qadınların hamiləliyi və yeniyetmələrin hamiləliyi zamanı ağırlaşmaların tezliyi daha yüksək olur.

-Bu gün ana ola bilməyən qadınlar suni hamiləliklərə meyil edir və ildən-ilə bu myelin artdığını hiss edirik?

-Sonsuzluq müasir reproduktiv təbabətin ən aktual problemlərindən biridir. Bu sahədə nəzərəçarpan nailiyyətlər əldə olunub. Müasir təbabətdə sonsuzluğun müalicəsində tətbiq olunan bütün müalicə üsulları Azərbaycanda mövcuddur. Əvvəllər yardımçı reproduktiv texnologiyalara müraciət edən cütlüklər illərlə, bəzən hətta 15-20 il ərzində uğursuz müalicə alan pasiyentlər idi. Hal-hazırda artıq bir neçə kurs müalicə effektsiz olduqda ailə cütlüyü bu müasir müalicə üsuluna müraciət edir ki, bu da müalicənin effektivliyinin kifayət qədər yüksək omasını təmin edir. Ekstrakorporal mayalanma nəticəsində baş vermiş hamiləliklərin sayı barədə dəqiq statistik məlumat yoxdur. Belə ki, bu etik baxımdan çox həssas bir məsələdir. Bir çox valideynlər hamiləliyin EKM ilə baş verməsini hətta yaxınlarından belə gizlədirlər.
Əlbəttə, EKM-ə müraciət edən pasiyentlərin əksəriyyətində bu və ya digər patologiyaların olmasını, bir çox hallarda onların yaşının 35-dən artıq olduğunu nəzərə alsaq, bu hallarda hamiləlik fəsadlarının da yüksək tezliklə rast gəldiyini deyə bilərik. Bir çox hallarda EKM ilə baş vermiş hamiləliklərin çoxdöllü olduğunu nəzərə alaraq, vaxtından əvvəl doğuşların tezliyinin bir qədər yüksək olmasını bununla izah etmək olar.

OXŞAR XƏBƏRLƏR
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
The New York Times Naftalandan elə şeylər yazdı ki! TƏFSİLAT
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq