Azərbaycan İdeyası

"Rembo olmaq istəyirdim...müharibə başladı" - "ƏYALƏTDƏ KİM VAR, KİM YOX"

Tarix:5-03-2015, 15:25
Baxış Sayı:487

Nüsrət Hacıyev: "İndiki TQDK-nın zalında gizlin məşqlər keçirdik"

Əvvəllər Nüsrət Hacıyevi daxilində bir ədəbiyyat yanğısı olan adam kimi tanıyırdım. Sonralar Bakıda görüşüb söhbətləşəndə bildim ki, o, peşəkar taekvando ustasıdı. Hərdən zəngləşib hal-əhval tuturduq. Bu yaxınlarda Facebook üzərindən məşq keçdiyi şagirdlərin şəkillərini paylaşmışdı. Zəng edib onunla görüşmək istədiyimi dedim. Hazırda doğma kəndi Düz Qırıqlıda taekvando məktəbi açıb axı?
Görüşən kimi ondan öz həyətində yetişdirdiyi limon, apelsin, feyxua, kivi, armud, alma və üzümlərin vəziyyətini soruşdum. Gülərək, hamısının sənə salamı var, dedi və öz növbəsində o da məndən cavan yazarları soruşdu. Bacardıqca Şərifin, Aqşinin, Günelin, Seymurun, Qan Quralının, Sevincin... yazdıqlarını tapıb oxuduğunu söylədi.
Nüsrət həm də Şərq əlbəyaxa döyüşlərinin fəlsəfəsini yaxşı bilir, sufiliklə maraqlanır.
Bildim ki, geniş mütaliəyə malik olan Nüsrət öz kəndlərinin adı, etimologiyası ilə mütləq maraqlanmış olacaq. Ona görə söhbətimizi elə Qırıqlı kəndinin adı ilə başladım:
- Qardaş, bəs “Qırıqlı” adı haradan götürülüb?

- Ümumiyyətlə, “Qırıqlı” və buna bənzər tayfa, yer adlarına çox rast gəlinir. Azərbaycanda və Orta Asiyada “Qırıqlı” və “Qırxlar” kimi yer adları çoxdu. Ancaq Faruk Sümərin “Oğuzlar” kitabında oxumuşam ki, “Qırıxlı” Afşar tayfasının bir boyu olaraq tarix səhnəsinə 16-cı əsrdə çıxıb. Bizim kənd çoxlu sayda alim, akademik, ziyalı yetişdirib.



- İdmanla nə vaxtdan sistemli şəkildə məşğul olmağa başlamısan?

- Mən 1986-cı ildə ADMİU-nun aktyorluq fakültəsinə qəbul olmuşam. O vaxtlar videokassetləri gizlin satılan Hollivud kinolarına baxırdıq. Özümüzü həmin döyüş filmlərinin qəhrəmanlarına bənzədirdik. Mən qolumda güc hiss etdiyimə görə sistemli şəkildə idmanla məşğul olmaq istəyirdim. Bir gün eşitdim ki, eloğlumuz Süleyman Məmmədli indiki TQDK-nın zalında gizlin məşqlər keçir. Dərhal ora gedib məşqlərə başladım. O vaxt ən böyük arzum filmlərdə idmançı kimi çəkilmək idi. Özümü Rembo olmağa hazırlayırdım.

- Bəs Süleyman müəllimin özü haradan öyrənmişdi taekvandonu?


- Süleyman müəllim uzun müddət Leninqradda taekvando üzrə təlim keçib. Çünki o vaxtlar Rusiyada şərq əlbəyaxa döyüş növləri sürətlə yayılırdı. Bir məktəbi bağlayanda, üçü yenidən açılırdı.

- Bəs səni idmançı kimi arzuladığın filmlərə çəkdilərmi?

- Mən 1986-cı ildən 92-ci ilədək tələbə olmuşam, həm də bu vaxt arasında hərbi xidmət keçmişəm. Həm tələbəlikdə, həm də əsgərlikdə bu idman növü ilə ciddi məşğul idim. Hərbi xidmətdə olduğum zaman mayor Serquşkonun məşqlərində fəal iştirak edirdim. O, “XX əsr dəniz quldurları” filmində karateçi rolunu oynayan məşhur idmançı-aktyor Talqat Niqmatulinlə eyni məktəbi keçmişdi.
Mən əsgərlikdən sonra “Qisas” və “Tələ” adlı qısametrajlı filmlərdə çəkilmişəm. 1991-ci ildə isə “Özbəkfilm” kinostudiyası tərəfindən “Soqdiana allahların məskənidir” adlı filmə dəvət aldım. Məşhur aktyorlardan Rasim Balayev və Ötkəm İsgəndərov də həmin filmə dəvət almışdı. Film orta Asiyada islamı yaymaqla məşğul olan Küteybə ibn Müslüm adlı türk cəngavərinin həyatından bəhs edir. Sınaq çəkilişlərində mənim aktyorluğum rejissor tərəfindən yüksək qiymətləndirildi. Sınaq çəkilişlərindən sonra Bakıya qayıdanda, xəbər tutduq ki, SSRİ-nin dağılması ilə əlaqədar həmin filmin çəkilişi təxirə salınıb. Sonra həyatıma Qarabağ döyüşləri daxil oldu.

- Yəqin, könüllülərdən olmusan...

- Bəli. 1991-ci ildə mərhum telejurnalistimiz Çingiz Mustafayev televiziya vasitəsilə Azərbaycan kişilərinə təxminən belə bir çağırış etmişdi ki, kimin qeyrəti var, könüllü olaraq Qarabağda vuruşmağa gəlsin. Mən, səhəri gün tələbə yoldaşım Şahbaz Xuduoğlu birlikdə gəlib torpaqlarımız uğrunda döyüşmək istədiyimizi bildirdik. Bizi əvvəlcə Ağdama göndərdilər. Bir neçə gün sonra vertolyotla Ağdərənin Manikli kəndinə gəldik. Orada kənd camaatı ilə birgə növbə ilə postda dururduq. İnsanlar ov tüfənginin ümidinə qalmışdı. Yadımdadı, o ərəfədə sərhəd bölgəsində yerləşən kəndlərin hərəsinə hərbi sursat adına yalnız bircə avtomat verirdilər. 1992-ci ilin mayında “Laçın dəhlizi”ni açmağa peşəkar döyüşçülər cəlb olunurdu. O döyüşlərdə də iştirak etmişəm.
Nə isə, qardaş, bu idmançı başıma çox işlər gəlib.
Sonralar bizi bələdiyyə polisinə seçdilər. Orada bizə demək olar ki, bütün döyüş növləri öyrədilirdi. Milliyyətcə rus, gürcü, türk və s. olan məşqçilərin arasında olduqca peşəkar diversantlar var idi.

- Qayıdaq taekvandoya. Tarixdə “Taekvando”nun yaradıcısı kim hesab olunur?

- Oxuduğuma görə, bizim eradan çox-çox əvvəl Hindistandan Budit Harma adlı bir nəfər bu döyüş növünün elementlərini hind məbədlərinin birindən Çinə gətirib. Oradan da Koreyaya yayılıb. Sonralar bu döyüş növü inkişaf edərək iki yerə parçalanıb. Şimali və Cənubi Koreya taekvandosu. Şəxsən mən 1991-ci ilədək Şimali, 91-dən sonra isə Cənubi Koreya taekvandosu ilə məşğulam.
Rəvayətə görə, Budit daş divarı çiçəkləndirmək məqsədilə doqquz il lotos, yəni meditasiya vəziyyətində üzü divara dayanıb. Kitabda yazılır ki, ustad divarı çiçəkləndirə bilməsə də, buddizmi öz taekvandosu ilə çiçəkləndirdi.

- Bəs ümumiyyətlə, “taekvando” nə deməkdi?

- “Tae”- ayaqla, “kvon”- əllə vurulan zərbə deməkdi. “Do” isə “yaxşılığa, doğruluğa gedən yol” mənasını verir. Döyüşçüyə fiziki hazırlıqla paralel, “do” təlimi də hökmən keçilir. “Do” taekvandonun konstitusiyasıdı. Burada əsas beş təməl prinsipi durur:
1. Valideyni sevmək
2. Vətəni sevmək
3. Müharibədən imtina etməmək
4. Dostu sevmək
5. Yersiz hər hansı bir canlını öldürməmək.
Yəni, bu döyüş növü insanı tam kamilləşdirmək üçündü. Meditasiya ruhu, fiziki hərəkətlər bədəni, “do” təlimi isə ağlı kamilləşdirir.

- İndi harada məşq keçirsən və neçə şagirdin var?

- Əvvəlcə, kəndimizdəki orta məktəbin idman zalında dərs keçirdim. Zal təmirə dayandıqdan sonra kəndçimiz Fərmayil bəyin ata yurduna yığışdıq. Hazırda iyirmi beş şagirdim var, beşi qız, qalanı oğlanlardı. Hamısı orta məktəb şagirdləridi, birinci sinifdən gələnlər də var.

- Bəs “do” təliminə milli çalar əlavə etmisənmi?

- Hə. Məşqləri bayrağımıza baş əyməklə başlayıb, baş əyməklə bitiririk. Sonda mən Məhəmməd Əmin Rəsulzadənin
“Sən bizimsən, bizimsən, durduqca bədəndə CAN,
Yaşa, yaşa, çox yaşa, ey şanlı AZƏRBAYCAN!” misralarını səsləndirirəm, şagirdlərim isə “Can” və “Azərbaycan” sözlərini xorla təkrar edirlər.

OXŞAR XƏBƏRLƏR
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”+VİDEO!
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."