Falçılıq İslam dininə görə böyük günahdır və Azərbaycan Respublikasının qanunlarına görə də qadağandır. Son vaxtlar baxıcılıqla məşğul olan şəxslərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı xəbərlər də artmaqdadır.
Bu ilin sentyabr ayının 23-də Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yaydı ki, Bakı şəhəri Binə qəsəbəsində yaşayan 39 yaşlı Vüsal Hüseynovun öz qulluq mövqeyindən, vətəndaşların etibarından sui-istifadə edərək falçılıq və baxıcılıq ilə məşğul olması barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə məlumat daxil olub. İdarənin əməkdaşları tərəfindən dələduzluqla məşğul olan şəxs yaxalanıb.
Məlumatda bildirilirdi ki, V.Hüseynov ona müraciət edən şəxslərin talelərini şər qüvvələrdən təmizləməklə bəxtlərini, yollarını açacağını və ruzilərinin bol olacağını vəd edib. Saxlanılan şəxs belə hüquqazidd əməllərinin müqabilində ona müraciət edən vətəndaşların ümumilikdə 6700 manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.
Belələri ifşa olunan zaman məsuliyyətdən qaçmaq üçün hüquq-mühafizə orqanları işçilərinə böhtan atmaqdan belə çəkinmirlər. Məsələn, redaksiyamıza ərizə ilə müraciət etmiş Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Yesenin küçəsi-87 ünvanda yaşayan Babayeva Məşədixanım Süleyman qızı yazıb ki, guya bu il may ayının 21-də yerli polis idaəsinin işçiləri ona təzyiq göstərərək baxıcılıq etməkdə suçlandırmış və 10 min manat rüşvət istəmişlər.
Əlbəttə, polis işçiləri Babayevanın ərizəsində göstərdikləri ilə bağlı suallarımızı cavablandırarkən hər hansı bir rüşvət tələbinin irəli sürülməsi ittihamını təkzib etdilər və biz kifayət qədər əsaslar olmadığından, həmin məsələnin ictimailəşdirilməsinə lüzum görmədik. Xeyli müddət keçdi. Noyabr ayının 10-da redaksiyamıza bu dəfə Məşədixanımın özü barədə şikayət ərizəsi daxil oldu. Əliyeva Tamaşa və Dadaşova Günay adlı vətəndaşlar imzaladıqları həmin ərizədə M. Babayevanın onları baxıcılıq xidməti göstərmək adı ilə aldatdığını bildiriblər. Tamaşa Əliyeva yazır: "Kartı gətirib baxaraq, "sənə cadu ediblər" dedi və cadunun ölümlə nəticələnə biləcəyini söylədi. Dedikləri mənə şübhəli gəldi. "Həmin cadunu basdırıldığı yerdən çıxara biləcəyini vəd etdi və bunu başqa adamın icra edəcəyini bildirdi. Həmin şəxsə zəng edib günü təyin elədi. Eşitdiklərimi başqa tanışıma danışdım. O, bütün bunların yalan olduğunu deyərək, məni müşayiət etməyinə razılıq verməyimi, öz falına baxdırmaq adı ilə Məşədixanımla görüşmək istədiyini bildirdi. Razılaşdım, baxıcı ilə zəngləşdik. O, "siz harda qalırsız" deyə sual verdi. Biz yalandan Əmircan qəsəbəsində yaşadığımızı dedik. Dəvət etdiyi gün yanına getdik. Mənim rəfiqəmin falına baxdı, bu dəfə dediklərinin də yalan olduğunu dəqiq anladıq. Haqqında mənə danışdığı Şahnaz adlı xanımla bizi tanış elədi. Biz Şahnazla qəbiristanlığa getdik. Yolda Şahnaz bizə dedi ki, bir cadunu çıxarmağının haqqı 100 manatdır, neçə ədəd cadu çıxarsa, qiyməti də müvafiq olacaq. Qəbiristandan 4 cadu çıxardı. Rəfiqəm şahid olduğumuz bu fırıldaq əməlləri anbaan telefonuna çəkdi. Biz caduları götürüb Məşədixanımgilə döndük. Məşədixanım guya bizə güzəşt edib hər caduya görə 20 manat keçdi və qalan 320 manatı təkidlə tələb elədi. Üstümüzdə o qədər pulun olmadığını deyib sonra ödəyəcəyimizi vəd elədik. Bununla razılaşmayan Məşədixanım bizi Şahnazın həyat yoldaşı ilə hədələyib dedi ki, o adam içəndi, çəkəndi, bu dəqiqə çağırıb bizi ona döydürəcək. Üstümüzə qışqırdı. Vəziyyəti belə görüb maşından pul götürmək bəhanəsi ilə evdən çıxıb oradan uzaqlaşdıq".
Şikayətçilər həmçinin redaksiyaya Məşədixanımın dələduzluğunu, hədə-qorxu ilə pul tələb etməsini əks etdirən videoqeydlərin yer aldığı informasiya daşıyıcısını (disk) da təqdim ediblər. Son dəqiqləşdirmələrdən sonra həmin marerialları hüquq-mühafizə orqanlarına verəcəyik.