Azərbaycan İdeyası

Nazirlik təsdiqləyir: Neftçalanın kəndlərində yolsuzluq dövlətin kasıblara əl tutmasına mane olur

Tarix:25-02-2020, 09:56
Baxış Sayı:170

“Neftçalada kasib kəndlilər rayon mərkəzində təklif olunan ictimai işlərə getməyə nəqliyyat tapa bilmirlər” sərlövhəli məqalə qəzetimizdə dərc olunandan sonra üz tutduğumuz aidiyyati qurumlardan birindən – Nəqliyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən redaksiyamıza cavab gəlib. Bu barədə bir az sonra.
Xatırladaq ki, sözügedən məqalədə ehtiva olunan məsələni Neftçala rayonunun Xəzərkənd kənd sakini Nağdıyeva Könül Rasim qızının redaksiyamıza ünvanladığı ərizə əsasında ictimailəşdirmişdik. Yazırdı ki, 5 nəfərdən ibarət olan ailəsinin dolanışığını yaxşılaşdırmaq üçün müraciət etdiyi İcra Hakimiyyətindən, Məşğulluq Mərkəzindən, Təhsil Şöbəsindən ona gələn məktublarda bildirirmişlər ki, növbədədir. Çox get-gəldən sonra rayon mərkəzində aylıq maaşı 250 (iki yüz əlli) manat olan satıcı işi təklif ediblər. Rayondan kəndlərinə marşrut işləmədiyindən, xüsusi taksilər 5 (beş) manata aparıb-gətirirlər. Onun işə gedib-gəlməyi üçün gündəlik 10 (on) manat pul lazımdır. Vəd olunan aylıq gəlir buna imkan vermir. Dəfələrlə aidiyyati qurumlara işlə bağlı müraciətlər etsə də, heç bir nəticə əldə etməyib. İş stajı və heç bir təhsili olmamasına (peşə, orta ixtisas, ali təhsil nəzərdə tutulur. - "KQ") baxmayaraq, Neftçala Rayon Məşğulluq Mərkəzi ondan diplom və əmək kitabçası tələb edir.
Onu da vurğulamışdıq ki, Nağdıyevanın ərizəsində əslində tək bir ailənin deyil, istər-istəməz bütöv kəndin ictimai nəqliyyat problemi özünü göstərir. Məqalənin yekun cümlələrinin altını cızırıq: “Kəndlə rayon mərkəzi arasında marşrut xətti mövcud deyildir, şəxsi avtomobili olmayan sakinlər nəqliyyat diskriminasiyasına məruz qalırlar. Araşdırılması lazım - görən, Neftçalanın ucqar kəndlərindən olan sakinlər sırasından rayon mərkəzində ictimai işlərə cəlb olunanlar gündəlik yol pullarını necə çatdırırlar”.
İndi isə keçək Nazirliyin verdiyi cavaba. NRYTN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən verilmiş cavab məktubunda bildirilir ki, araşdırma zamanı Xəzrkənd kəndi ilə Neftçala şəhəri arasındakı məsafənin 65 km olduğu məlum olmuşdur. Həmin yolun Xolqarabucaq kəndinə qədər 50 km-lik hissəsi asfalt-beton örtüklüdür. Hazırda rayon mərkəzindən Xolqarabucaq kəndinə müntəzəm avtobus marşrutu işləyir. Bu kənddən sonra Xəzərkənd kəndinə qədər 15 km-lik yol yararsız vəziyyətdə olduğundan və təhlükəsizlik normalarına cavab vermədiyindən, daşıyıcıların həmin hissə üzrə müntəzəm sərnişindaşımaya cəlb edilməsi cəhdləri uğursuz alınmışdır.
Məktubda həmçinin xatırladılmışdır ki, ölkə üzrə kənd yollarının təmiri və yenidən qurulması üzrə mərhələli şəkildə işlərin görülməsi dövlətin xüsusi diqqət mərkəzindədir. Xolqarabucaq kəndindən Xəzərkənd kəndinə qədərki avtomobil yolu müvafiq standartlara cavab verəcək şəkildə yenidən qurulduqdan sonra “Neftçala-Xolqarabucaq” avtomobil marşrutunun son dayanacağının Xəzərkənd kəndi müəyyən edilməsi nəzərdə tutulur.
Beləliklə, NRYTN vətəndaş Nağdıyevanın yolsuzluqdan şikayətinin haqlı olduğunu təsdiqləmişdir. Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin özünün mövqeyi bəllidir: “Yol olsun, sərnişindaşımanı təşkil edək!”
Yolu isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Neftçala Rayon İcra Hakimiyyəti inşa etməlidirlər. Xəzərkənd bələdiyyəsi də daxili imkanlarını götür-qoy etməlidir.

OXŞAR XƏBƏRLƏR
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Zavod direktoru 20 il (!) qeyri-leqal əməyini istismar etdiyi işçinin pulunu vermir
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan İnvestisiya Holdinqinin bəzi səlahiyyətləri "AZCON Holdinq"ə verildi - FƏRMAN
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti ucuzlaşıb
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
ABŞ vizası üçün yeni tələb: Miqrantlardan 250 min dollaradək girov istənilə bilər
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
UEFA Çempionlar Liqası: "Fənərbağça" evdə qələbə qazandı
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
BƏƏ istidən QOVRULUR: Temperatur 51 dərəcəni keçdi
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Lənkəranda KIA və "Opel" TOQQUŞDU - Yaralılar var
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?
Şirvan kanalı ilə suyun verilişi nə vaxt bərpa ediləcək?