Biləsuvar rayonunun Ovçubərə kənd sakini Talıbov Lazım Təzəxan oğlu “Korrupsiya və Qanun” qəzetinin redaksiyasına ərizə ilə müraciət edərək, həmyerlisi tərəfindən dələduzluq əməlinə məruz qaldığını bildirmişdir.
Talıbovun sözlərinə görə, o, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsində düyünə düşən işini çözmək üçün qayğılı olduğu bir vaxtda təsadüfən rast gəldiyi, ondan hal-əhval soruşan həmyerlisi Abışov Ceyhun Vaqif oğluna dərdini danışmış, Ceyhun da öz növbəsində atasının və əmisinin polis zabitləri olduğunu xatırladaraq, ona kömək edə biləcəyini demişdir. Ceyhun ona darıxmamağı tövsiyə etmiş, əmisi Mehman Abışova məsələni danışacağını, məsləhətləşib sonra bir söz deyəcəyini vəd etmişdir.
“Səhəri Ceyhun Abışov mənə zəng vurdu ki, gəl görüşək. Mən Ceyhunla görüşdüm. Mənə bildirdi ki, əmim Mehman danışdı işi, 3800 manat pul verəcəksən, aparım əmimə verim, çatdırsın” – Ərizə müəllifi qeyd edir ki, Ceyhunun sözünə dərhal inanmadığı üçün təklif edib ki, elə yanındaca əmisi ilə telefonla danışsın. Ceyhun təkliflə razılaşaraq elə Lazımın yanındaca 070666..... nömrəli telefona zəng edərək danışıb, dəstəyin o başındakına: “Əmi, pulu hara gətirim?” – deyə sual verib. Bir sözlə, Lazımı inandıra bilib və pulu alıb. Daha bir neçə gün sonra isə zəng vurub deyib ki, onun işi qaydasındadı, narahat olmasın.
“Mən özlüyümdə rahatlıq tapdım. Lakin, bir müddət keçmiş mənə məlumat gəldi ki, sən axtarışdasan. – L.Talıbov ərizəsində yazır: - Mən Ceyhun Abışova zəng vurdum, o, mənim telefonuma cavab vermədi. Sonra mən rəis Mehmana zəng vurdum. O isə mənə hədə - qorxu gəldi. Dedi ki, bir də mənə zəng vurma, get, dərdini hara istəyirsən de. Mən də çarəsiz qalaraq cənab nazir Eyvazova teleqram vudum. Nazirlikdə yüksək vəzifəli şəxs məni qəbul edib dinlədi. Və elə mənim yanımdaca Biləsuvar Rayon Polis Şöbəsi ilə əlaqə saxlayaraq, şöbə rəhbərliyinə tapşırıq verdi. Həmin tapşırıqdan sonrakı ilk ərəfədə Ceyhunun atası Vaqif Abışov polis şöbəsində xahiş - minnətə başladı. Məndən vaxt istədi. Mənə olan borclarından br qismini ödədi. Amma hal – hazıra kimi qalan 1050 manat pulumu vermir. Hər gün bir bəhanə ilə məni aldadır. Mən yenə də Biləsuvar Rayon Polis Şöbəsinə müraciət etdim. Xatırlatdım ki, “axı siz demişdiniz borcumu qaytaracaqlar, bəs nə oldu?” Sualım cavabsız qalanda, məhz həmin andan hiss etdim ki, Biləsuvar polisi bu dələduzu müdafiə eləyir, əmisi Mehman Abışovla həmkar olduqlarına görə” – Pulunu geri tələb etməkdə və dələduz hesab etdiyi Ceyhun Abışovun cəzalanması üçün israrlı olan Talıbov redaksiyadan bu məsələni ictimailəşdirməyi xahiş etmiş, həmçinin qeyd etmişdir ki, Abışovların adamları dəfələrlə onun evinə gələrək hədələyiblər.
Redaksiya olaraq apardığımz araşdırmaların gedişində dəqiqləşdirmişik ki, Ceyhunun atası - Abışov Vaqif Gülağa oğlu Polis Akademiyasının “DİO-nun inzibati fəaliyyəti” kafedrasının rəisi, polis polkovnikidir. Oğlu ilə bacarmayan birinin Polis Akademiyasında gələcəyin zabitlərinə nə üzlə dərs deməsi, nəyi öyrətməsi naməlumdur.
Ceyhunun əmisi – polis polkovnik-leytenantı Abışov Mehman Gülağa oğlu isə Cəlilabad Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavinidir. Daha əvvəl, yəni, 2017-ci ilin iyununa qədər Biləsuvarda eyni vəzifəni daşıyıb. Cəlilabada gedəndən sonra da barəsində şikayətlər az olmayıb. İşçisi Şaiqin vasitəsilə Cəlilabad rayon sakini Nizami Azər oğlu İbrahimovdan rüşvət tələb etməsi barədə məlumat hələ də internet resurslarında qalmaqdadır. Ata – Azər İbrahimov şikayələnmişdi ki, rayon məhkəməsi də polisin onun oğlunun guya yol hərəkəti qaydalarını pozması barədə tərtib etdiyi haqsız protokolu dəstəkləyib.
Qarş tərəfin də mövqeyini dinləməyə hazırıq.