Azərbaycan İdeyası

ŞABRAN POLİSİ QOHUMLAR ARASINDAKI MÜNAQİŞƏDƏ TƏRƏF TUTUR?

Tarix:19-11-2020, 11:32
Baxış Sayı:283

Qohumlar arasında münaqişələr həmişə qınanıb. İstər dinimiz, istər cəmiyyət tərəfindən. Belə münaqişələrə çox vaxt maddiyyat uğrunda mübahisələr, qohumluq bağlarını sarsıdan əməllər səbəb olur. Ən pisi o haldır ki, ixtilafların kökündə münaqişə tərəflərindən birinin və ya hər ikisinin mənəvi düşkünlüyü durur. Həqiqətən də əxlaqı, mənəviyyatı yerində olmayan adam dövlətə heç cür ləyaqətli vətəndaş, Vətənə ləyaqətli övlad, nə də qohumlarına münasibətdə sədaqətli insan ola bilməz. Atalar sözü var: İki yaxşı adam bir-birinə düşmən, iki pis adam bir-birinə dost ola bilməz. Münasibətlər bir müddət maskalansa da, gec-tez gerçək üzü açılacaq.
Şabran şəhəri, Üçsot qəsəbəsi, Bakıxanov küçəsi, ev – 1 ünvanda qeydiyyatda olan və yaşayan Əliyarova Sevinc Adgözəl qızı “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək öz qohumları tərəfindən ağlasığmaz hədə və təhqirlərə məruz qaldığını bildirmişdir. Yazır ki, qohumları – mərhum qardaşının arvadı Nağıyeva Fəridə Əli qızı və onun oğlu Adgözəlov Vüsal Namiz oğlu onun üstünə böhtan atırlar ki, guya o, onlardan on baş qoyun alıb və pulunu vermir. Buna görə onu hətta məhkəməyə də veriblər.
Şikayətçinin bildirdiyinə görə, qardaşı oğlu onun üstünə hücuma keçir, qızlarının həyat yoldaşlarını öldürəcəyi ilə hədələyir: “Mən məcburiyyət qarşısında qalıb, bu hücumlardan bezib ata evimə gedib orada yaşayıram. Hal-hazırda qardaşım oğlu Vüsal və onun anası Fəridə doğma ata evində də mənə yaşamağa imkan vermirlər”.
Ərizə müəllifi bildirir ki, qohumları ilə onların arasındakı münaqişə 2014-cü ildən başlayıb: “Uzun müddətdir ki, bizim aramızda münaqişə olduğu halda. Mən onlarla necə alver edə bilərəm?”
Əliyarova yazır ki, daha əvvəllər özü hüquq-mühafizə orqanlarına müraciət edəndə qardaşı oğlunun adını çəkməyib: “O, məni hədələyirdi ki, adımı bir yerdə çəksən, səni və ailəni həmin gecə öldürəcəm. Hər gün mənə hədə-qorxu gəlirdi. Əgər şikayət edirsənsə, anamın adını çək, mənim adımı qəti hallandırma... Hal-hazırda onların üzündən acınacaqlı durumdayam”.
Sevinc xanım həmçinin qeyd etmişdir ki, məsələnin araşdırılması ilə məşğul olan hüquq-mühafizə orqanları onun savadsızlığından sui-istifadə edib onun işinə səthi yanaşırlar. Odur ki, redaksiyadan qeyd etdiyi faktların ictimailəşdirilməsini, geniş oxucu kütləsi qarşısına çıxarılmasını xahiş etmişdir.
Dəvətimizlə redaksiyamıza gələn S.Əliyarovadan məsələ ilə bağlı digər təfərrüatları da öyrənməyə çalışdıq. Əvvəlcə Əliyarovanın ərizəyə təqdim etdiyi sənəd surətlərini – Şabran rayon məhkəməsinə verdiyi izahatı, etiraznaməni, Daxili İşlər Nazirliyinə, Ombudsman aparatına, Şabran İcra Hakimiyyətinə göndərdiyi məktubları nəzərdən keçirdik. Sevinc xanımın Şabran rayon məhkəməsinə yazdığı 17 avqust 2020-ci il tarixli izahatdan məlum olur ki, onun mərhum qardaşı Namiz Adgözəlov ilə gəlini (qardaşı arvadı) Fəridənin münasibətləri qaydasında deyilmiş və ərlə arvadın arasındakı gərginlik 2002-ci ildə daha da artıb. S.Əliyarova bu qənaətdədir ki, mərhum qardaşı Namiz də Fəridə tərəfindən şiddətə, fiziki əzablara məruz qalıb və ölümünün səbəbkarı da məhz Fəridə və tanışlarıdır. Şikayətçinin ehtimalına görə, hüquq-mühafizə orqanlarının meyiti Xəzər dənizinin sahilindən tapılan, boyun nahiyəsindən zərbələr aldığı aşkar bilinən qardaşının ölümüylə bağlı obyektiv araşdırma aparmaması, cinayət işi açmaması Fəridəni ruhlandırmış, cəzasız qalacağına əminlik yaratmışdır.
Qardaşı Adgözəlov Yanvar Adgözəl oğlu ilə birgə yazdığı həmin izahatda Sevinc Əliyarova Fəridə Nağıyevaya qarşı çox ciddi ittihamlar irəli sürmüşdür: Bu ittihamlara görə, qardaşı Namiz döyülərək öldürülüb, üstəgəl Fəridə Sevinci iştirakçısı olduğu insan alverinə alət etmək istəyib, lakin bu baş tutmadığına görə onun əxlaqına ləkə vuran yalançı şahidlərlə guya əxlaqsızlığını ictimailəşdirəcəyinı and içmiş və bu şantajın müqabilində yaşadığı evi dəyərindən daha aşağı qiymətə satmağını istəmişdir.
Sevinc Əliyarova həm redaksiyada olarkən danışdığı söhbətdə, həm də təqdim etdiyi sənədlərdə yer alan ifadələrində bildirib ki, yerli polis nədənsə onun lehinə çıxış edə biləcək şahidlərin deyil, Fəridənin tərəfini tutan şahidlərin izahatını əsas götürür. Fəridənin tərəfini tutan şahidlərdən biri də onun (Fəridənin) yaşlı anası Reyhan Əlibala qızı Nağıyevaya muzdla qulluq eən Məlahət Beydullayevadır, hansı ki, Fəridədən maliyyə asılılığı var. Yeri gəlmişkən, Sevincə qarşı 1610 manat pul və ya 10 baş qoyun tələbi ilə məhkəmədə iddia da məhz Reyhan Nağıyevanın adından irəli sürülmüşdür. Məlahət Beydullayeva isə əvvəl Sevinclə söhbətində məhkəməyə onun əleyhinə işləyəcək teleqram vurmadığını desə də, sonradan Məlahət Fəridəgilin sifarişi ilə çıxış etmişdir. Bu barədə Sevincin əlində Məlahətin səs yazısı vardır.
Bizimlə söhbətində Sevincin xaraktercə sakit təbiətli adam hesab etdiyi, amma əslində Fəridənin oğlu Vüsaldan fərqli olaraq özbaşına, aqressiv deyil, hüquq-mühafizə orqanlarının ədalətinə bel bağlayan əri Əliyarov Elsevər Bayram oğlu isə onu yetərincə müdafiə edə bilmir. Buna görə də Sevinc hazırda əlil qardaşı Yanvarla birgə ata evində yaşamağa məcbur olub.
Şabran polisi və prokurorluğu isə nə Namiz Adgözəlovun ölüm faktını, nə də Sevinc Əliyarovanın hədəyə məruz qalması, döyülməsi xüsusatlarını obyektiv araşdırmadan, yalnız borc mübahisəsinin mülki xarakterli olduğunu və bu üzdən işin məhkəməlik olduğunu əsas göstərərək, cinayət işinin başlanılmasını rədd etmişdir.
S.Əliyarova Şabran Polisinin Təhqiqat Qrupunun təhqiqatçısı Müşfiq Fərzəliyevdən də şikayətlidir. Onun sözlərinə görə, Fərzəliyev ona özünü sahə müvəkkili kimi təqdim edib, işi onun xeyrinə həll edəcəyini, polis rəisi ilə görüşdürəcəyini vəd edib, ağ kağıza qol çəkdirib və 60 manat da pulunu alıb.
Bundan başqa, Sevinc bildirir ki, Fəridə Nağıyeva oğlunun hal-hazırda boşanma vəziyyətində olduğu arvadına da böhtan atır və Sevincə təklif edib ki, böhtan planının həyata keçməsinə yalançı şahidliklə köməklik etsin və bu yolla gəlinin analıq hüququndan məhrum edilməsinə nail olub əlindən iki uşağı alsınlar. Sevinc də bundan imtina edib. Onun sözlərinə görə, qardaşı oğlu Vüsal daha əvvəl birinci arvadını da boşayıb.
Daha məqsədəuyğun olar ki, bu tarixçə - Namiz Nağıyevin ölümü və ondan sonrakı hadisələr hüquq-mühafizə və cinayət təqibi orqanları tərəfindən yenidən, obyektiv araşdırılsın, ədalətli hüquqi qiymət verilsin. Sevinc Əliyarovanın ortaya qoyduğu dəlillər, o cümlədən səs yazıları, telefon danışıqları, eləcə də bütün hal şahidləri dindirilsin, nəticədə həqiqət ortaya çıxsın, ədalət zəfər çalsın.


Baş redaktor: Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”
Kim kimə borc vermək istəsə, Fəqan Şabanovla məsləhətləşsin Yüksək vəzifəli icra məmuru: “Malı verəndə bizə demişdin ki, indi də bizdən istəyirsən?”
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Boşanmış ər keçmiş arvadı ilə bölünməli olan əmlakı öz anasına necə bağışlayıb?
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Azərbaycanda ər arvadını bıçaqlayıb qaçdı
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Dollar bahalaşıb? - RƏSMİ MƏZƏNNƏ
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
1) 2021-2023-cü illərdə Saatlı rayonunda “İdmanın əsas göstəriciləri haqqında” məlumat
Bakının bu ərazisində qaz olmayacaq
Bakının bu ərazisində qaz olmayacaq
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."
Dubay şokoladı ilə bağlı şok İDDİA: "Xərçəng etmək üçün..."