Azərbaycanın bu il sentyabrın 27-nədək “dondurulmuş” hesab edilən Qarabağ münaqişəsinin nəhayət ki, bir qərinə sonra seçim yolunu tapması, düşmənin 30 ilə yaxındır ki işğal altında saxladığı torpaqlarımızın hərbi yolla azad olunması hüquqları pozulan vətəndaşlarımızda da ruh yüksəkliyi yaratmışdır. Hiss olunur ki, haqqın onların tərəfində olduğunu dərk edən insanlar səbr, təmkin nümayiş etdirməklə sonucda korrupsioner məmurlara, rüşvətxor vəzifəli şəxslərə qalib gələcəklərinə inanmağa başlayıblar.
Sadiq oxucularımız "Korrupsiya və Qanun" qəzetinin 20 noyabr 2019-cu il tarixli sayca 05 (74)-ci nəşrində 4-cü səhifədə dərc olunmuş “MƏHKƏMƏ SAXTAKARLIĞI: NÜMUNƏ KİMİ YAZDIRILAN ƏRİZƏ ORİJİNAL ADI İLƏ XƏTTİ EKSPERTİZA İŞİNİN ARASINA QOYULUB" sərlövhəli məqaləni bəlkə də xatırlayarlar. Əmək və vergi qanunvericiliyi müstəvisində hüquqpozmalara məruz qalmış Ağstafa rayonunun Zəhmətli kənd sakini Mustafayev Sabir Mustafa oğlunun müraciəti əsasında hazırlanmış həmin məqalədə ehtiva olunan məsələlərin obyektiv araşdırılması üçün həm vətəndaş Mustafayevin, həm də redaksiyamız tərəfindən yuxarı instansiyalara edilmiş müraciətlərə qeyri-həssas yanaşılıb.
Bu günlərdə - daha dəqiqi, 30 sentyabr 2020-ci il tarixdə S.Mustafayevdən növbəti məyusedici xəbər aldıq. İndiki ərizəsində bildirir ki, Bakı Apellyasiya Məhkəməsi də onun şikayətini təmin etməyib və özünün 26.08.2020-ci il tarixli, 2(103)-3300/2020 saylı Qətnaməsi ilə Xətai Rayon Məhkəməsinin 2(011)-8391/2019 saylı, 10 dekabr 2019-cu il tarixli Qətnaməsini qüvvədə saxlayıb. Mustafayevin “özəlləşdirmənin nəticələrinin etibarsız hesab olunması və devidentlərin ödənilməsi” tələbi irəli sürdüyü qarşı tərəfin – “Azəristiliktəchizat” ASC-nin və Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndələri heç məhkəmədə iştirak etməyiblər. Sanki son nəticənin onların xeyrinə olacağına əmin olublar.
Son anadək S.Mustafayevin də hardasa ədalətin zəfər çalacağına ümidi varmış. Ərizəsində yazır ki, 26.08.2020-ci il tarixdə Apellyasiya Məhkəməsinə gələrək özünü təqdim edib. Ona deyiblər ki, məhkəmə 28.08.2020-ci il tarixdə olacaq. İki gün sonra deyilən vaxtda gəlib və...
“Gördüm ki, üç hakim əyləşib masada. Biri mənə qayıtdı ki, müşavirəyə çıxırıq, sənin xeyrinə qətnamə çıxaracağıq. Qoymadılar sözümü deyim. Sonra da məni aldadıb əvvəlki qətnaməni qüvvədə saxladılar”.
S.Mustafayev onu da qeyd edir ki, ona məhkəmədən heç bir bildiriş göndərilməyibmiş, sadəcə narahat imiş, təsadüfən gedib həmin gün məhkəməyə çıxıb. Göründüyü kimi, Sabir kişinin narahatlığı özünü doğruldub. Apellyasiya məhkəməsinin qətnaməsinin kimin xeyrinə olacağı hələ 26.08.2020-ci il tarixdə - Mustafayevin təsadüfən gəlib çıxdığı gün məlum imiş, 28.08.2020-ci il tarixdə onu aldatmaq üçün formal olaraq üç nəfər hakimdən ibarət məhkəmə şousu düzənlənib.
Mustafayev Sabir Mustafa oğlu 01.12.1992-ci il tarixdən başlayaraq Ağstafa rayon Birləşmiş Qazanxanalar və İstilik Şəbəkə Sahəsində (BQ və İŞS) müxtəlif vəzifələrdə işləmişdir, 09.02.1994-cü il tarixdə isə rəis vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 10.04.2001-ci il tarixli 471 saylı Fərmanı ilə AR Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi ləğv edilmiş, onun funksiyaları Dövlət Tikinti və Arxitektura Komitəsinə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 08.06.2005-ci il tarixli 847 saylı “Azərbaycan Respublikasında istilik təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Sərəncamına əsasən “Azəristiliktəchizat” ASC yaradılmış, onun fəaliyyətinin təşkil olunması üçün ölkə ərazisində istilik təchizatı xidmətinin həyata keçirilməsinə məsul olan Dövlət Tikinti və Arxitektura Komitəsinin “İstilikkommunenerjisazlama” Respublika İstehsalat Birliyi ləğv edilərək, onun funksiyaları və tabeliyində olan müəssisə, idarə və təşkilatlar balansındakı əmlakla birlikdə yeni yaradılmış “Azəristiliktəchizat” ASC-nə verilmişdir. Bütün bu dəyişikliklərə baxmayaraq, Sabir Mustafayev öz iş yerində öz vəzifəsindən irəli gələn səlahiyyətlərini davam etmişdir. İşlədiyi dövrdə üzərinə düşən məsuliyyəti laiqincə yerinə yetirməyə çalışmış və işlədiyi dövrdə işi ilə bağlı heç bir nöqsana yol verməmişdir. Bu müddət ərzində gördüyü iş müqabilində Sabir Mustafayevə əmək haqqı ödənilməmişdir.
İşlədiyi müddət ərzində o, məzuniyyətə buraxılmamışdır. Buna baxmayaraq, istifadə etmədiyi məzuniyyətlərə görə ona heç bir ödəniş edilməmişdir. 2005-ci ilin mart ayında iş vaxtı təxminən saat 12 radələrində Ağstafa rayon İcra Hakimiyyətinin həyətində ayaqlarının üstünə ağır su nasosunun düşməsi nəticəsində xəsarət almışdır. O vaxtdan bu günə qədər mütəmadi müalicə alır. Müalicə aldığı müddətdə də məsul vəzifədə olduğu üçün işinin davamiyyətini pozmamışdır. Müalicə aldığı müddətdə dəfələrlə rəhbərlikdən müalicəsi ilə bağlı çəkdiyi xərcləri, almadığı əmək haqqını da tələb etdikdə, ona bildirilmişdir ki, qazanxanaların birləşdirilməsi ilə müəyyən işlər getdiyindən, əmək haqlarının verilməsi dayandırılıb, komissiya işini bitirdikdən sonra bütün əmək haqları və ödənclər hesablanıb veriləcəkdir. Lakin, müəyyən bir müddət əmək haqqı almadığından, müəyyən çətinliklər çəkmişdir. Sonra 2009-cu ildə baş idarəyə gələrək öz haqqını tələb etmiş və xəsarət nəticəsində ona dəymiş zərərin ödənilməsini tələb edərkən rəhbərliklə arasında anlaşılmazlıq yaranmış və öz haqqını tələb etmək üçün məhkəməyə müraciət edəcəyini bildirmişdir. Onlar isə ərizə yazıb işdən çıxmasını tələb etmişlər. O isə haqqını məhkəmədə tələb etmək üçün və bu işi sülh yolu ilə həll etmək məqsədi ilə 02.07.2009- cu il tarixdə işdən könüllü çıxmağı barədə ərizə yazmış və sənədləri toplayaraq məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədə haqqını tələb etmək qərarına gəlmişdir.
Mustafayev Sabir Mustafa oğlu “Azəristiliktəchizat” ASC-ə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ASC-dən ala bilmədiyi əmək haqqı, istifadə etmədiyi məzuniyyətlərə görə və istehsalatda dəymiş zərərin ona ödənilməsi, 2004-cü ilin yanvar ayından 2009-cu ilin iyun ayınadək aylıq əmək haqqı 200 manat olmaqla (66 ay x 200 manat - 13200 manat), iş vaxtı aldığı xəsarətə görə 10000 manat, istifadə etmədiyi məzuniyyətə görə həmin dövrə uğun olaraq hesablanmaqla ödənilməsi, ümumilikdə 23200 (iyirmi üç min iki yüz) manat - 5 illik məzuniyyt haqqı hesablanılmaqla cavbdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan iddia tələbini dəyişdirərək, cavabdehdən 2004-cü ilin yanvar ayından 2009-cu ilin iyun ayınadək 13200 manat aylıq əmək haqqı, iş vaxtı aldığı xəsarətə görə 10000 manat və 5 il məzuniyyət haqqı hesablanmaqla iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
İddiaçı yenidən iddia tələbini dəyişərək, cavabdehin iddiaçıya qanunla nəzərdə tutulan əmək haqqı, məzuniyyət pulu və iş yerində aldığı xəsarətlə bağlı ödənclər vaxtında ödənilməməsi kimi hərəkətlərin qanunsuz hesab edilməsi, iş yerində aldığı xəsarətlə bağlı çəkdiyi xərcləri, xəstəliklə istehsalatda əmək xəsarəti nəticəsində əmək qabiliyyətinin azalmasına görə dəyən zərərin əvəzi aylıq ödənişlər yolu ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada 2005-ci ildən qətnamə icra olunan tarixə illər üzrə uyğun hesablanılaraq verilməsi, maddi ziyan olaraq 2000 (iki min) manat və mənəvi ziyana görə 20000 (iirmi min) manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Mustafayev Sabir Mustafa oğlunun “Azəristiliktəchizat” ASC-yə qarşı zərərin, əmək haqqına dair borcun, istifadə olunmamış məzuniyyətlərə görə kompensasiyanın ödənilməsi, əmək haqqının və istifadə olunmamış məzuniyyətə dair məlumat verilməsinin cavabdeh üzərinə qoyulması barədə iddiası Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1449/10 saylı, 01.09.2010-cu il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, “Azəristilktəchizat” ASC-dən Mustafayev Sabir Mustafa oğlunun xeyrinə 08.06.2005-ci il - 02.07.2007-ci il tarixlərdə istifadə edilməyən məzuniyyətə görə 289,99 manat kompensasiya ödənilməsi qət edilmişdir.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4903 2010 saylı, 22.12.2010-cu il tarixli qətnaməsi ilə Mustafayevin apellyasiya şikayəti təmin edilməmiş, qeyd edilən qətnamə dəyişdirilmədən saxlanılmışdır. Mustafayevin kassasiya şikayəti də təmin olunmamış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25.05.2011-ci il tarixli, 2(102)-1544/11 saylı qətnaməsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22.12.2010-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Sabir Mustafayevin 2015-ci ilin yanvar ayında hüquqi yardım üçün müraciət etdiyi Yasamal rayon İ.Əlibəyov küçəsi 77 ünvanda yerləşən “Atel Hüquq Mərkəzi”nin hüquqşünası Şəmilov Sərhəd Novruz oğlu da ondan üst-üstə 1600 manat xidmət haqqı almış, lakin aldadaraq öz üzərinə götürdüyü işi lazımınca görməmiş, işi gecikdirdiyi üçün Xətai rayon məhkəməsi onun işinə baxmağı dayandırmışdır. S.Mustafayev bu barədə Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə şikayət etmiş, amma bölmənin təhqiqatçısı Tacəddin İmanov hüquqşünas Şəmilovun barəsində cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar çıxarmışdır. Şəmilov izahat vermişdir ki, yol-nəqliyyat hadisəsində ayağından xəsarət aldığı üçün işi yerinə yetirə bilməyib, təhqiqatçı da onun hərəkətsizliyində cinayət görməmişdir. Nədənsə Şəmilova sual verməmişdir ki, əlində insan taleyi həll olunur, işlədiyin hüquq mərkəzində səndən başqa hüquqşünas yox idimi ki, işi davam etdirmək üçün Mustafayevi ona tərəf yönlndirərdin. Araşdırılmayıb ki, Şəmilov müqavilə ilə Mustafayevdən aldığı pul nə qədər imiş, əlavə aldığı nə qədər imiş. “Azəristiliktəchizat” ASC Mustafayev Sabir Mustafa oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabir Mustafayevdən hüququ pozulmuş şəxsin pozulmuş hüququnun bərpası üçün çəkdiyi 500 (beş üz) manatın ASC-nin hesabına ödənilməsi və Cəmiyyətin şərəf, ləyaqət və işgüzar nüfuzuna zərər vuran yanlış məlumat verdiyinə görə “zərərçəkən” şəxsdən, yəni, “Azəristiliktəchizat” ASC-nin sədri Həsənov Yaşar Məmmədəli oğlundan üzr istəməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Bakı şəhər Xətai rayon Məhkəməsinin 03 noyabr 2016-cı il tarixli 2(011-6974/2016 saylı qətnaməsi ilə ilkin iddiaçının cavabdehə və 2 saylı bölgə üzrə Dövlət Əmək Müfəttişliyinə qarşı iddiası, eləcə də “Azəristiliktəchizat” ASC-nin qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir.
Bundan sonra Sabir Mustafayev nümayəndəsi Bədəlov Fuad Murad oğlu vasitəsilə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, dəyişdirilməsini, ilk iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 mart 2017-ci il tarixli 2(103) - 3470/17 saylı qətnaməsi ilə Bakı şəhər Xətai rayon Məhkəməsinin 03 noyabr 2016-cı il tarixli 2(011-6974/2016 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Mustafayev nümayəndəsi Fuad Bədəlovun və vəkili Tural Əminovun vasitəsilə apellyasiya qətnaməsindən kassasiya şikayəti vermiş, lakin bu dəfə Ali Məhkəmənin Mülki Kollegiyası 06 sentyabr 2017-ci il tarixli 2(102) - 5735/17 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 mart 2017-ci il tarixli qətnaməsini qüvvədə saxlamışdır. Sabir Mustafayev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə tutarlı arqumentlərlə şikayət edir və Ali Məhkəımənin Mülki Kollegiyasının 06 sentyabr 2017-ci il tarixli 2(102) - 5735/17 saylı qərarının qüvvədən düşmüş hesab olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının 3 may 2018-ci il tarixli Qərardadı ilə Sabir Mustafayevin şikayətinin Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsindən imtina edilmişdir.
Maraqlı burasıdır ki, Sabir Mustafayev işdən çıxma barədə ərizəni “Azəristiliktəchizat” ASC mənsublarının göstərdikləri kimi 2007-ci ildə deyil, 02.07.2009-cu ildə vermişdir. 09 iyul 2007-ci il tarixli təhvil-təslim aktının surətindən də görünür ki, təhvil verən “Azəristiliktəchizat” ASC-nin RİTXTŞ-nin rəisi V.Qasımov - təhvil alan Ağstafa BQ-nin və İSŞ-nin rəisi N.Həsənov və digər komissiya üzvlərinin iştirakları ilə Ağstafa rayon BQ-nin və İSŞ-nin keçmiş rəisi S.Mustafayev komissiyanın tərkibində iştirak etmədiyindən, sahənin möhür və künc ştampının, həmçinin mühasibatlıq və digər texniki sənədlərin təhvil verilməsi mümkün olmamışdır.
Bu, onu bir daha təsdiq edir ki, Sabir Mustafayev 2007-ci ildə təhvil-təslim günü işdə olmamışdır. Belə olan halda həmin vaxt işdən azad olunma barədə ərizə verilməsi qeyri- mümkündür. Bundan başqa, “Azəristiliktəchizat” ASC-nin Xətai rayon məhkəməsinin hakimi Raziya Ataşovaya ünvanladığı 06.05.2010-cu il tarixli 18/78-02 saylı etiraz ərizəsindən görünür ki, ASC Sabir Mustafayevin ərizəni 2007-ci ildə deyil, məhz 2009-cu ildə yazdığını təsdiqləmişdir: “Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdliklərini yerinə etirmədiinə görə Cəmiyyətin 02.07.2009-cu il tarixli əmrinə əsasən Sabir Mustafayev işdən azad olunmuşdur. Yalnız 02.07.2009-cu il tarixində “Azəristiliktəchizat” ASC - ə gələrək, öz ərizəsi ilə işdən azad olunmasını xahiş etmişdir. Ailəsində azyaşlı uşaqlarının olduğu nəzərə alınaraq Əmək Məcəlləsinin 68.2-ci maddəsinin "a" bəndinə əsasən (öz xahişi) ilə azad olunmuşdur. Sabir Mustafayev isə bildirir ki, 2007-ci ilin mart ayında xəsarət alandan sonra rəhbərliyə məlumat verərək müalicəyə yollanmışdır. Xəstəliyi səhiyyə müəssisələrinin tibbi rəyləri, arayışları ilə təsdiq olunub, hazırda II qrup əlil kimi pensiya alır. Deyir ki, Xətai rayon məhkəməsinin hakimi Raziya Ataşova ona guya xətti ekspertizadan keçəcək adı ilə 6 ədəd kiril əlifbası ilə 2007-ci və 2009-ci illər tarixləri göstərilməklə ərizələr yazdırmış, rəqəmlərin tutuşdurulacağını, “Azəristiliktəchizat” ASC-dəki ərizədəki xəttin ona məxsusluğunun yoxlanılacağını demişdir. Ekspertiza isə ərizədəki xəttin ona məxsusluğunu təsdiqləmişdir. Mustafayev əsaslı olaraq şübhələnmişdir ki, ekspertiza məhkəmə zalında ona nümunə kimi yazdırılmış və 2007-ci il tarixi qoyulmuş ərizə ASC-nin təqdim etdiyi ərizə kimi qəbul olunub. Bu isə məhkəmə saxtakarlığıdır. O da qəribədir ki, Sabir Mustafayevin ilinin tarixi mübahisə doğuran ərizələrinin ay və gün tarixlərinin eyniliyi hakim Raziya Ataşovanın diqqətini çəkməmiş bu “təsadüfün” hansı “zərurətdən” doğduğunu araşdırmamışdır.
Ümid edirik ki, Sabir Mustafayevin haqq işində də nəhayət ki, “status – kvo” dəyişəcək.
Korrupsiya-q.az