Azərbaycan İdeyası

ƏMDK MÜTƏXƏSSISLƏRI MÜBAHISƏLI TORPAQ SAHƏSI ÜÇÜN MƏHKƏMƏ TƏRƏFINDƏN ONLARA HƏVALƏ OLUNMUŞ EKSPERTIZANIN NƏTICƏSINI NIYƏ GIZLƏDIRLƏR?

Tarix:19-11-2020, 11:23
Baxış Sayı:244

Bu günlərdə Şamaxı rayonu Nərimankənd kənd sakini 1947-ci il təvəllüdlü Mustafayev Əziz Əzizxan oğlu “Korrupsiya və Qanun” qəzeti redaksiyasına ərizə ilə müraciət edərək bildirmişdir ki, ona məxsus olan 3,5 hektar pay torpağının 60 sotu özünün xəbəri olmadan Qobustan bələdiyyəsinin sədri Vaqif bəy tərəfindən sənədləşdirilərək, üstündə idman kompleksi tikilmişdir. Yazır ki, dəfələrlə Qobustan rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədova şifahi və yazılı müraciət etməsinə baxmayaraq ona yalan vədlər verilmişdir: “Bələdiyyə sədri Vaqif mənə söz verdi ki, sənə köməklik edəcəyəm, amma məni illərdir ki süründürür”.
Şikayətçi bildirir ki, Qobustan məhkəməsinə müraciət edib və məhkəmə bu ilin yanvar ayında xüsusi qərardad çıxararaq mübahisəli torpaq sahəsinin mülkiyyətçisinin müəyyənləşdirilməsi üçün ekspertiza təyin edib: “Ekspert gələrək torpağa baxış keçirtdi, araşdırma apardı. Bu günə qədər nəticəsi barədə xəbər yoxdur”.
Vətəndaş Mustafayev redaksiyamızdan bu məsələnin ictimailəşdirilməsini, aidiyyati strukturlara çatdırılmasını xahiş etmişdir.
İndi isə ərizəyə qoşma edilmiş sənəd surətlərini nəzərdən keçirək:
İlk əvvəl diqqəti vətəndaş Mustafayevin Əmlak Məsələləri Dövlət Komitəsinin struktur vahidləri ilə yazışmaları diqqəti çəkir. Məlum olur ki, Mustafayev ƏMDK sədrinin 25 yanvar 2019-cu il tarixdə Qobustan şəhərində Şamaxı, Ağsu və Hacıqabul rayonlarını əhatə etməklə keçirtdiyi qəbul zamanı cənab sədrə ərizəsini çatdırmış və ərizədə ona məxsus pay torpaq sahəsində olimpiya kompleksi inşa olunarkən kompensasiyanın verilmədiyini və torpaq sahəsinin əvəzləşdirilmədiyini bildirmişdir. Komitənin Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyi ərizəyə baxmış və 04 fevral 2019-cu il tarixli məktubla vətəndaş Mustafayevə cavab vermişdir ki, onun müraciəti baxılması üçün “aidiyyəti üzrə” Qobustan Rayon İcra Hakimiyyətinə göndərilib. Agentlik 19 aprel 2019-cu il tarixli ikinci, 13 sentyabr 2019-cu il tarixli üçüncü məktubunda da Mustafayevə onun ilkin ərizəsinin Qobustan RİH-nə göndərildiyini xatırlatmış, bu cür mübahisələrə qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məhkəmədə baxıldığını bildirmişdir.
Əziz Mustafayev ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, əlində olan JN 538, kod 30700028 saylı Dövlət Aktına əsasən ona məxsus 3,50 hektar torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İdarə tərəfindən Mustafayevə verilmiş 02 aprel 2019-cu il tarixli cavab məktubunda bildirilib ki, ərizəsində göstərilən torpaq sahəsinin üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayıb (Yəni, o, çıxarış sənədi (“kupça”) almayıb). Ona görədə də torpaq sahəsinin dəqiqləşdirilməsi üçün “aidiyyəti üzrə” ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət etməsi tövsiyə olunmuşdur.
Tövsiyəyə uyğun olaraq müraciət etdiyi Ünvan Reyestri Xidməti isə Mustafayevdən pul (xidmət haqqı) istəyib: Xidmətin tabeliyində “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinə sifariş verilməli və xidmət haqqı MMC-nin hesablaşma hesabına köçürülməlidir.
Bəs Qobustan RİH Mustafayevin rayon rəhbərliyinə birbaşa və dolayısı ilə etdiyi müraciətinə necə yanaşmışdır? RİH-nin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin 11.12.2019-cu il tarixli 197 saylı cavab məktubunda Mustafyevə bildirilir: “Sizə məxsus torpaq sahəsində dövlət ehtiyacları üçün hər hansı tikinti işləri aparılmamışdır. Əgər gələcəkdə həmin ərazidə dövlət tərəfindən tikinti işləri aparılarsa, qanunamüvafiq qaydada Sizə kompensasiya verilməsi məsələsinə baxıla bilər”.
Nəhayət, Mustafayev Əziz Əzizxan oğlu Qobustan Rayon Məhkəməsinə müraciət edərək Yaqubov Əzamət Eyvaz oğluna qarşı zəbt etdiyi torpaq sahəsindən çıxarılması, həmin sahədə inşa edilmiş tikilinin cavabdehin hesabına sökülməsi və torpağın əvvəlki vəziyyətinə qaytarılması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 15 yanvar 2020-ci il tarixli qərardadından oxuyuruq: “İddiaçı Mustafayev... izahatında göstərdi ki, Qobustan Rayon Aqrar İslahat Komissiyasının 10 dekabr 1996-cı il tarixli 16 saylı qərarı ilə JN 538 saylı kod 30700028 saylı dövlət aktı ilə ona və ailə üzvlərinin mülkiyyətinə 3,50 hk əkinə yararlı pay torpaq sahəsi verilmişdir. Mülkiyyətində olan torpaq sahəsinə getmiş və ona aid olan torpaq sahəsində tikinti işlərinin aparıldığını görmüşdür. Maraqlananda isə yerinin həmkəndlisi Yaqubov Əzamət Eyvaz oğlu tərəfindən zəbt edildiyini və tikinti işlərinin aparıldığını bilmişdir. Bu barədə Əzamətin özünə, Qobustan rayon bələdiyyəsinə və Qobustan RİH başçısının Qobustan şəhər icra nümayəndəsinə məlumat vermiş və torpaq sahəsinin ona qaytarılmasını xahiş etmişdir. Lakin Yaqubov həmin torpaq sahəsinin ona məxsus olduğunu deyərək torpaq sahəsindən könüllü çıxmaq istəmir...”
Cavabdeh Yaqubov iddianı qəbul etməyərək izahatında göstərib ki, çıxarılması tələb olunan torpaq sahəsi onun mülkiyyətindədir. Həmin ərazidə özünün 96 sot pay torpağı var və həmin torpaq sahəsinin 12 sotunda ağac və kartof əkmişdir.
Hər iki iştirakçı – həm iddiaçı, həm də cavabdeh ekspertiza keçirilməsini xahiş etmişlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdırıb hesab edib ki, mübahisəli torpaq sahəsinin kimə məxsus olduğunu müəyyənləşdirmək üçün iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizası təyin edilib rəy alınmalıdır.
Beləliklə, məhkəmə qərarı ilə ekspertiza təyin olunur və ekspertizanın keçirilməsi Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinə və ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyətinin mütəxəssislərinə həvalə edilir. Onların qarşısında aşağıdakı suallar qoyulur: - Yaqubov tərəfindən tikinti işləri aparılmış torpaq sahəsi Mustafayevə məxsusdurmu?; - Mustafyevlə Yaqubovun pay torpaq sahəsi üst-üstə düşürmü? Əgər düşmürsə, iddiaçı və cavabdehə məxsus torpaq sahələrinin sərhədləri müəyyən edilsin.
Buna görə də mülki iş üzrə icraat ekspert rəyi alınana kimi dayandırılmışdır. Lakin Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti təkbaşına ekspertiza apara bilmədiyindən, məhkəməyə vəsatət göndərərək ƏMDK-nin mütəxəssislərinin rəyinin təqdim edilməsini xahiş etmişdir. Qobustan rayon məhkəməsi öz növbəsində ƏMDK-nin rəis müavininə xahişnamə göndərmişdir ki, tədqiqat obyektinə dair mütəxəssis rəyini və baza məlumatları ilə koordinatlarını məhkəməyə təqdim etsin. Görünən odur ki, Komitə mənsubları isə bunu etməkdə maraqlı deyillər. Səbəbi yəqin ki, tez bir zamanda bilinəcək. Amma ehtimal böyükdür ki, mütəxəssis rəyinin ləngiməsinin səbəbi iddiaçı ilə cavabvdehin torpaq sahələrinin 3,5 hk hissədə üst-üstə düşməsidir. Həmin sahə ikinci şəxsə verilməsəydi (satılmasaydı), mübahisəli vəziyyət yaranmazdı. Məmurların görmədikləri, yaxud, görmək istəmədikləri sənəd də var: Əziz Mustafayevin və onun daha 4 nəfər ailə üzvünün mülkiyyətinə verilmiş torpaq sahəsinin planını əks etdirən dövlət aktı. Düzdür, bu sənəd Çıxarış (“kupça”) deyil. Amma Çıxarışın olmamasından sui-istifadə etmənin (özü də gec-tez mübahisəyə səbəb olacağını qabaqcadan bilə-bilə) də səbəbinin korrupsiya olub-olmadığı aydınlaşmalıdır.

Mövzuya qayıdacağıq.

Baş redaktor: Xuraman Quliyeva

OXŞAR XƏBƏRLƏR
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Əhalinin NƏZƏRİNƏ - 31 dekabr 00:00-dan etibarən...
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Vətən Müharibəsi Qəhrəmanı Kənan Seyidovun müavini oldu
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda general-leytenant vəzifəsindən azad edildi
Azərbaycanda yeni Mərkəz yaradıldı
Azərbaycanda yeni Mərkəz yaradıldı
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Elşad Abdullayevin adı İNTERPOL-un siyahısından çıxarılıb” – Bəs sabiq rektor harada axtarılır?
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
Narkotik cinayətlərinə görə yeddi minə yaxın şəxs məsuliyyətə cəlb olunub: 11 ayın statistikası
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
AZƏRBAYCANDA GƏLƏN İLİN QEYRİ-İŞ GÜNLƏRİ AÇIQLANDI-2025
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA
HƏRBİ XİDMƏT MÜDDƏTİ AZALDILIR? - RƏSMİ AÇIQLAMA